Newscenter.az.10.11.2020. Bütün Azərbaycan, dünya azərbaycanlıları milli qürur və qələbə tarixini yaşayır. Müzəffər Ali Baş Komandanımız, rəşadətli ordumuz, qürurlu, ləyaqətli xalqımız Ermənistanı rəzil duruma saldı, kapitulyasiyaya məcbur etdi. Birlik rəmzi olan “dəmir yumruq” düşmənlərimizə tarixi dərs verdi və torpaqlarımız işğaldan azad edildi. Artıq dekabrın 1-dək Qarabağımız tam azad olunacaq, referendum olmayacaq, Naxçıvana qədim torpaqlarımızdan keçərək gedəcəyik. Gözünüz aydın olsun!.
Artıq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Uzun illər davam edən işğala son qoyuldu, işğalda olan bütün torpaqlarımız erməni silahlı qüvvələrindən azad edildi. Ermənilərin arzusu olan Dağlıq Qarabağın “statusu” məsələsinə də son qoyuldu və yurd həsrətilə yanan, qovrulan bütün məcburi köçkünlər öz doğma yurdlarına qayıdacaq.
Artıq Azərbaycanla Ermənistan arasında yalnız dövlət sərhəd xətti mövcud olacaq. Artıq nə təmas xətti var, nə də təhdid. Azərbaycan düşmənlərini iti qovan kimi qovdu, başlarını əzdi, onlara layiq olduğu yeri göstərdi. Eyni zamanda, əldə olunmuş razılaşmaya əsasən münaqişə tərəflərinin
razılaşdırmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədi ilə atəşkəsə nəzarət üçün Sülhməramlı Mərkəz yaradılır. Bu Mərkəzdə Türkiyə və Rusiya hərbçiləri fəaliyyət göstərəcək. Bundan sonra bütün azad olunmuş torpaqlarımızda Azərbaycan Respublikasının qanunları tətbiq olunacaq, bütün azad olunmuş torpaqlarımızda yalnız Azərbaycan manatı dövriyyəyə buraxılacaq, bütün azad olunmuş torpaqlarımızda Azərbaycan Polisi xidmət göstərəcək. Tarixi, siyasi və iqtisadi əhəmiyyətə malik olan Naxçıvanla Azərbaycanın arasında bütün kommunikasiya xəttləri bərpa ediləcək.
Ali Baş Komandanın "Qarabağ Azərbaycandır!" ifadəsi Qələbəmizin rəmzinə, xalqımızın qələbə ruhuna çevrildi.
Sədaqət Vəliyeva-Milli Məclisin deputatı