Newscenter.az.12.11.2020. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi yubiley medalı təsis edilir.
Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edib.
“Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012-2022)” Azərbaycan Respublikasının yubiley medalı ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) həqiqi hərbi xidmət keçən və xidməti vəzifələrini nümunəvi yerinə yetirən zabitlər, gizirlər və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, həmin orqandan (qurumdan) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular, habelə həmin orqanda (qurumda) səmərəli fəaliyyət göstərən mülki işçilər və həmin orqanın (qurumun) fəaliyyətinin təşkilində və inkişafında xüsusi xidmətləri olan digər şəxslər təltif edilirlər. Təltif edən orqan isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətidir.
Yubiley medalı bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 36 mm olan dairəvi lövhədən ibarətdir. Medalın ön tərəfi xarici və daxili çevrələrlə konturlanmışdır. Xarici və daxili konturların arasında yuxarı hissədə qövs boyunca “AZƏRBAYCAN RESPUBLİKASI” sözləri, aşağı hissədə qövs boyunca “SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİ” sözləri yazılmışdır. Yuxarı və aşağı hissələrdəki yazıların arasında hər birinin diametri 1,8 mm olan iki səkkizguşəli ulduz təsvir olunmuşdur. Daxili çevrənin içərisində, sol tərəfdə üzəri Azərbaycan Respublikasının Dövlət Bayrağının rənglərinə uyğun minalarla örtülmüş aypara, ayparanın daxili çevrəsinin əhatə etdiyi səthin üzərində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin emblemi həkk olunmuşdur. Emblemdən sol tərəfdə “2012”, sağ tərəfdə “2022” rəqəmləri yazılmışdır. Emblemdən aşağı hissədə “10 il” sözləri qeyd edilmişdir. Bütün yazılar, rəqəmlər və emblem relyefli olaraq qabarıqdır.
Medalın arxa tərəfi hamar səthlidir, mərkəzində qoşa xətlərlə konturlanmış, diametri 30 mm olan səkkizguşəli ulduz həkk olunmuşdur. Ulduzun aşağı hissəsində medalın seriyası və nömrəsi yazılmışdır. Medal paltara bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçülü xara lentə 2 halqa və ilgək vasitəsilə birləşdirilir. Xara lentin üzərində mərkəzdə 3 mm enində tünd göy rəngli, mərkəzdən sol və sağ kənarlara doğru ardıcıl olaraq, 4,5 mm enində mavi, 2.5 mm enində tünd göy, 2 mm enində qızılı və 8 mm enində tünd göy rəngli şaquli zolaqlar təsvir olunmuşdur. Xara lentin yuxarı hissəsinə üzəri üfüqi zolaqlarla işlənmiş 40 mm x 5,5 mm ölçülü bürünc lövhə bərkidilmişdir. Xara lentin aşağı hissəsinə üzərində yuxarıdan aşağıya doğru kiçilən üfüqi zolaqlar təsvir olunmuş, 40 mm x 5 mm ölçülü bürünc lövhə bərkidilmişdir. Lövhənin mərkəzində, üfüqi zolaqların üzərində, sol və sağ tərəflərdən palıd çələngləri ilə əhatə olunmuş səkkizguşəli ulduz həkk olunmuşdur. Üfüqi zolaqlar, səkkizguşəli ulduz və palıd çələngləri relyefli olaraq qabarıqdır. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə edilir.