Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Demokratiya və “demokratiya”



Newscenter.az.13.11.2020. Ermənistan baş naziri Nikol Paşinyanın qurduğu diktatura rejiminin demokratikliyə dair imitasiya imkanları artıq tükənib. Azərbaycanın uğurlu hərbi və diplomatik qələbəsi ilə bitən vətən müharibəsi Paşinyan rejiminin sonunu daha da yaxınlaşdırmaqdadır. Bu acı son yaxınlaşdıqca Ermənistan rəhbərliyinin də iç üzü özünü getdikcə daha aydın şəkildə göstərməyə başlayır. Paşinyan onu ölkəsini fəlakətə məhkum etmiş rəhbər kimi ittiham edən bütün müxalifət nümayəndələrini həbsə atdırır və onlara təzyiqlər, təhdidlər tətbiq edir. Qərb dairələrinin uzun müddət 2018-ci ilin mayında Ermənistanda baş vermiş dövlət çevrilişini “demokratik inqilab”, hakimiyyəti ələ keçirmiş Nikol Paşinyanı “demokratik lider” kimi təqdim etməsinə baxmayaraq, son hadisələr bütün bunların imitasiya xarakterli olduğunu, Ermənistanda bu gün demokratiyanın işartılarının belə olmadığını, ölkənin kriminal şəxslərin, neofaşistlərin yuvasına çevrildiyini göstərir.

Təəssüf ki, həmişə olduğu kimi ikili standartlar davam edir və Ermənistanda baş verənlərlə bağlı Qərb hələ də susur. Əgər bu gün Ermənistanda baş verənlər Azərbaycanda olsaydı, indi Qərb ölkələrində bu barədə bəyanat verməyən heç bir insan və ya hüquq təşkilatı qalmayacaqdı. Ermənistanda hamının gözü qarşısında müxalifətin əzilməsi və sıradan çıxarılması isə Qərbdə susqunluqla qarşılanır. Bu, haqlı olaraq sual yaradır: Bu ikili standartların səbəbi nədir?! Bu ədalətsizlik, selektiv münasibət nə vaxtacan davam edəcək?!

Qərbin ikili standartları özünü cənab Prezidentin onların media qurumlarına və nümayəndələrinə verdiyi müsahibələrdə də aşkar şəkildə göstərdi. Prezident İlham Əliyevə feyk məlumatlar əsasında guya Azərbaycanda bir nəfərin sülh tələb etdiyinə görə həbs olunması barədə sual verənlər bu gün Ermənistandakı kütləvi həbsləri, təqibləri görməzdən gəlir, heç nə baş verməmiş kimi davranır, Paşinyana heç bir sual belə ünvanlanmırlar. Hakimiyyətdə olduğu cəmi 2 il ərzində “korrupsiyaya qarşı mübarizə” adı altında siyasi rəqibləri ilə haqq-hesab çürütməyə başlayan, keçmiş prezidentlərdən birini həbs edən, digərinə qarşı cinayət işi qaldıran, aparıcı müxalifət partiyasının sədri, deputat Sarukyanı bu gün də həbsdə saxlayan Paşinyanın bu davranışı Qərb dairələrini heç narahat da etmədi.

Ölkəsinin ərazi bütövlüyünü bərpa etmək, Ermənistandan işğal etdiyi torpaqları geri qaytarmağı tələb etdiyi üçün illərdir Azərbaycan dövlətinə və onun rəhbərinə qarşı xarici mediada hədyanlar yazanlar, bunu sifariş edənlərin əsl kimlikləri, simaları bu gün ortadadır. Onlar işğalçı Ermənistanın xilası üçün açıq şəkildə, heç bir utanc hissi duymadan hər şey edirlər. Bərdə, Gəncə, Tərtər və digər Azərbaycan şəhərlərində mülki insanlara qarşı Ermənistanın müharibə cinayətlərindən bəhs etmək əvəzinə Azərbaycana və onun liderinə qarşı uydurmalarını davam etdirirlər. Bu gün bir sıra Qərb ölkələrinin, o cümlədən Fransanın, Kanadanın Ermənistana dəstək bəyanatları bu ölkələrin hakim dairələrinin həqiqi simalarını və mahiyyətini aydın əks etdirir.
Bütün beynəlxalq hüquq normalarına cavab verməklə öz ərazi bütövlüyünü bərpa edən Azərbaycanı daim və müharibənin gedişində əsassız iddialarla ittiham edənlər nə üçün Ermənistanın yol verdiyi kobud pozuntular barədə səslərini çıxarmırlar?! Müharibə zamanı rusiyalı jurnalist Oleq Kaşin Qarabağda və Ermənistanda baş verən hadisələr haqqında həqiqəti yazdığı üçün onun akkreditasiyası ləğv olunub və ölkədən çıxarılıb – beynəlxalq jurnalist təşkilatları susublar. Müharibədə sarsıdıcı məğlubiyyətə uğramış Paşinyan iqtidarı ölkə daxilində baş qaldıran narazılıq və xalq qəzəbini söndürmək üçün amansız repressiyalara başlayıb. Müxalifət partiyalarının hökumətin fəaliyyəti ilə bağlı tənqidləri cəmiyyətə “milli xəyanət” kimi təqdim olunur. Ermənistanda Nikol Paşinyanın istefası tələbi ilə keçirilən kütləvi aksiyalarda 10 müxalifət lideri həbs edilib. Müxalifətçilər hərbi vəziyyət zamanı mitinq təşkil etmək və dövlət sirrini açıqlamaqda təqsirləndirilirlər. Ermənistanda dövlət orqanlarının və vəzifəli şəxslərin hərəkətlərini (çıxışları, nəşrləri də daxil olmaqla) tənqid edən, təkzib edən, şübhə altına alan və ya başqa bir şəkildə dəyərdən salan məlumatların dərc edilməsi və yayımlanması qadağan edilib. Ölkədə hakimiyyəti, hətta bələdiyyələri belə tənqidə görə 1200 avrodan başlayan cərimələr qanuniləşdirilib. Buna görə sosial şəbəkə istifadəçiləri və jurnalistlər açıq şəkildə hakimiyyətin özbaşınalığı və cinayətlərini tənqid edə bilmirlər. Ermənistanda vətəndaşların dinc etiraz aksiyalarını qeyri-mümkün edən yüksək cərimələr tətbiq olunur.

Belə faktları bəlkə saymaqla bitirmək olmaz və mütəmadi olaraq onların siyahısı artmaqda davam edir. Bununla belə, özünü “demokratik” adlandıran dairələrin susqunluğu da artmaqda davam edir. Məhz elə bu susqunluq və cəzasızlıq mühiti daha böyük cinayətlərə yol açıb və Paşinyan öz cinayətlərinin sırasına hərbi cinayət də əlavə edib - Azərbaycana qarşı müharibəyə başlayıb.

Bu gün regionda yaşanmış müharibə və dağıntılara görə yalnız Paşinyan yox, onu hakimiyyətə gətirən, bütün cinayətlərinə göz yuman Qərb dairələri və təşkilatları da məsuliyyət daşıyırlar.

Bütün bunlar göstərir ki, demokratiyanı və ədaləti gözdən pərdə asmaq və başqalarının daxili işlərinə qarışmaq üçün alət kimi istifadə etmək artıq Qərbin və bir çox beynəlxalq qurumların siyasətinə və mahiyyətinə çevrilib. Kim ki müstəqildir və ədalətlə öz gücünü artıqrmaqdadır, bu alət ona qarşı bütün gücü ilə istifadə olunur.

Otuz ilə yaxın davam edən Qarabağ danışıqları və müharibəsi kimin əsl ədaləti və demokratiyanı, kimin isə yalnızca alət olaraq bunların imitasiyasını tətbiq etdiyini bütün dünyaya göstərmiş oldu. Qarabağ hadisələri tarixdə, xüsusilə də dünyanın siyasi tarixində həm də bu baxımdan daim xüsusi bir yer tutacaqdır və çox şadıq ki, Azərbaycan həmişə tarixi və siyasi ədaləti bərpa edən tərəf kimi yaddaşlarda əbədi qalacaqdır.

Eldəniz Səlimov-Milli Məclisin deputatı
Xəbəri paylaş