Newscenter.az.14.11.2020. “Sosial şəbəkələrdə bəzi dairələrdən qaynaqlanan məqsədli təbliğat və bu təbliğatın təsirinə düşmüş şəxslərin mövqeləri ilə tanış olduqca, insan elə qənaətə gəlir ki, uduzan biz, qalib gələn erməni tərəfidir”.
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov səsləndirib. O, qeyd edib ki, əgər Beynəlxalq Hüquqla Dağlıq Qarabağ, o cümlədən, arqument kimi sadaladığınız Xankəndi, Xocalı, Xocavənd, Ağdərə Azərbaycanın ayrılmaz ərazisi hesab edilirsə, Azərbaycan və Ermənistan arasında 10 noyabr razılaşmasında Dağlıq Qarabağın statusuna dair heç bir şərt yoxdursa, Prezident İlham Əliyev də heç bir statusdan söhbət getmədiyini bəyan edirsə, daha bu nə müzakirədir açırsınız?:
"Qarabağda hansı pasport olacaq?", "Qarabağda hansı pul vahidi olacaq?" kimi suallara son qoyun! Qarabağa ayrıca status biçməyə Sizə kim izn verir? Birdəfəlik başa düşək, Azərbaycan Ermənistanı bu razılaşmaya hərbi yolla məcbur edib. Azərbaycan öz ərazi bütövlüyünü əsgəri yolla bərpa edir. Ermənistanı Kəlbəcər, Laçın və Ağdamı da döyüşsüz təhvil verməyə məhz hərbi qələbələrimizlə məcbur etmişik. Ona görə də, başa düşək, bitdi, digər rayonlar necə, Qarabağ bölgəsi də elə. Bu nə yanaşmadır, bu nə deməkdir, Azərbaycan və Türkiyə rəsmilərinin bəyanatları, dedikləri arqument olmur, lakin, düşmən təbliğat maşınının dediyini dərhal ehkama çevirirsiz”.
Deputat bildirib ki, muzdlu rus mediasını, Zatulini, Paşinyanı, erməni siyasətçilərinin çıxışını, eləcə də başqalarının yanaşmasını unudun:
“Qalib bizik, taleyimizi biz özümüz müəyyən edirik, şərtləri biz diqtə edirik. Belə bir şəraitdə əgər istəyiriksə ki, bizə hörmətlə yanaşsınlar, öncə biz özümüz özümüzə hörmət qoymalıyıq”.
Bəhruz Məhərrəmov bildirib ki, bu qələbə bizə verilməyib, qələbə şəhid qanı, qazi canı hesabına əldə olunub. Ona görə də skeptik müzakirələrə son qoyun, dövlətə, Ali Baş Komandana güvənin:
“Unutmayın, qalib bizik, şərtləri yalnız biz diqtə edirik”.
Anar