Newscenter.az.24.12.2020. Müasir müstəqil Azərbaycan dövləti bu gün Ümummilli Liderimiz Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Son 17 il ərzində Heydər Əliyev siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən səmərəli sosial-iqtisadi siyasət, dərin islahatlar strategiyası Azərbaycanın dayanıqlı inkişafını təmin edib, ölkəmizin qarşısında yeni perspektivlər açılır. Azərbaycan cəmiyyəti və bütün dünya Prezident İlham Əliyevin timsalında praqmatik, hadisələri, prosesləri dəqiq qiymətləndirən, mühüm məsələlərin elmi cəhətdən əsaslandırılmış həlli yollarını təqdim edən, verdiyi bütün vədləri gerçəkləşdirən siyasətçini görür.
Son 17 ildə keçilən yol təsdiqləyir ki, cənab İlham Əliyev qurucu, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi Liderdir. Prezident İlham Əliyev 2003-cü ildə ilk dəfə dövlət başçısı seçilərkən qarşıya qoyduğu və bəyan etdiyi strateji hədəflərə nail olunması üçün istər beynəlxalq miqyasda, istərsə də ölkə daxilində məqsədyönlü, ardıcıl, düşünülmüş siyasət həyata keçirib və "güclü dövlət" konsepsiyasını reallaşdırmağa nail olub. Dövlətimizin başçısı 18 aprel 2018-ci il tarixində Milli Məclisdə keçirilən andiçmə mərasimindəki nitqində qətiyyətlə bildirib ki, Azərbaycanın daha da gücləndirilməsi istiqamətində fəaliyyətini gələcəkdə də davam etdirəcək.
Ötən illər ərzində Azərbaycanın dövlət siyasətində, bir qayda olaraq, iqtisadi inkişafla bağlı məsələlərin prioritetliyi gözlənilib. Respublikamızda dinamik iqtisadi inkişaf üçün bütün şərtlər yüksək səviyyədə təmin edilib. Keçən dövrün təcrübəsinə nəzər salsaq, görərik ki, ölkəmizdə iqtisadi inkişafın ardıcıllığının təmin olunması üçün həm hüquqi baza davamlı şəkildə möhkəmləndirilib, həm də praktiki müstəvidə zəruri tədbirlər görülüb, iqtisadi subyektlərin öz fəaliyyətlərini genişləndirmələrinə dəstək artırılıb. Bəhs olunan dövrdə, ələlxüsus da yeni iqtisadi şəraitdə Prezident İlham Əliyev milli iqtisadiyyatımızda istehsal və ixrac imkanlarının genişləndirilməsini hədəfləyən çoxsaylı Fərman və sərəncamlar imzalayıb. Bu sənədlər əsasında reallaşdırılan islahatlar respublikamızda yüksək rəqabət qabiliyyətinə malik liberal iqtisadiyyatın formalaşmasında mühüm rol oynayıb.
Azərbaycanın yeni növ koronavirus pandemiyasının yaratdığı çətinlikləri sırf öz gücünə qarşılaması milli iqtisadiyyatımızın rəqabət qabiliyyətinin kifayət qədər yüksək olduğunu əyani şəkildə təsdiqləyir. Respublikamız pandemiya şəraitində iqtisadiyyatın qorunmasına, eləcə də genişmiqyaslı sosial müdafiə tədbirləri üçün zəruri olan vəsaitləri sırf daxili imkanları hesabına qarşılayır.
Prezident İlham Əliyev birmənalı şəkildə bəyan edib ki, ölkədə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşının maraqları dayanır. "Dəfələrlə bu məsələ ilə bağlı fikrimi bildirmişəm, bir daha demək istəyirəm ki, gələcək fəaliyyətimdə də Azərbaycan vətəndaşının maraqları, onun rifahı daim diqqət mərkəzində olacaqdır", - deyə Prezident İlham Əliyev öz fəaliyyətinin ana xəttini bir daha nəzərə çatdırıb.
Dövlət başçısının müəyyənləşdirdiyi bu siyasi xəttə uyğun olaraq ölkənin iqtisadi-maliyyə imkanlarının artmasına adekvat olaraq vətəndaşların sosial müdafiəsinin möhkəmləndirilməsinə yönələn tədbirlərin əhatə dairəsi də davamlı şəkildə genişləndirilir. Son 17 ildə respublikamızda əməkhaqları, pensiyalar mütəmadi qaydada artırılıb. Ötən il iki mərhələdə aparılan və 4 milyon insanı əhatə edən böyük sosial paket çərçivəsində reallaşdırılan islahatların ən mühüm qolu məhz əmək münasibətləri ilə bağlı olub. Azərbaycanda Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq dövlətin ən çətin anlarda vətəndaşın yanında olmaq ənənəsi formalaşıb. Ölkəmizdə bu ənənə qlobal pandemiya şəraitində də davam etdirilir. Dövlətimizin başçısı birmənalı şəkildə bəyan edib ki, pandemiya şəraitində insanların sağlamlığının qorunması və sosial müdafiələrinin təmin olunması bizim üçün əsas məsələdir. Qeyd etmək yerinə düşər ki, respublikamızda pandemiyanın əhalinin həyat şəraitinə mənfi təsirlərini azaltmaq məqsədilə təxminən beş milyon insanı əhatə edən sosial paket həyata keçirilib.
Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün tam təmin edilməsinə nail olmaq Prezident İlham Əliyevin fəaliyyətində ana xətti təşkil edib. Həmişə milli maraqlardan çıxış edən dövlətimizin başçısı heç vaxt Ermənistanın ötən əsrin doxsanıncı illərinin əvvəllərində güc tətbiq etməklə Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağı və ətraf 7 rayonu işğal etməsi faktı ilə barışmayıb. Dövlətimizin başçısı Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsinin tarixi ədalət və beynəlxalq hüquq normaları çərçivəsində, yəni respublikamızın suverenliyinin və ərazi bütövlüyünün təmin olunması şərti ilə həllini tapması üçün mümkün olan hər şeyi edirdi. Prezident İlham Əliyev bu məqsədlə beynəlxalq platformalarda, siyasi müstəvidə Azərbaycanın ədalətli mövqeyini özünəməxsus diplomatik məharətlə əsaslandırırdı. Dövlətimizin başçısının Münxen Təhlükəsizlik Konfransında, "Valday" Diskussiya Klubunda işğalçı dövlətin baş nazirinə verdiyi tarix dərslərini hər kəs yaxşı xatırlayır. Həmin tədbirlərdə işğalçı dövlətin rəhbəri, bir qayda olaraq, dərsini yaxşı bilməyən uşaq durumunda qalırdı.
Azərbaycan Prezidentinin işğal altındakı torpaqları sülh yolu ilə geri qaytarmaq çağırışlarına məhəl qoymayan Ermənistan son vaxtlarda beynəlxalq birliyin təzyiqlərindən kənarda qalmasından ruhlanaraq yeni müharibəyə başlamaq, yeni ərazilər ilhaq etmək həvəsinə düşmüşdü və bu məqsədlə ardıcıl təxribatlar törədirdi. Təkcə 2020-ci ilin əvvəlindən bəri işğalçı Ermənistan Azərbaycana qarşı üç təxribat cəhdinə əl atıb. İşğalçılıq siyasətini genişləndirməyə çalışan Ermənistanın hərbi-siyasi rəhbərliyi cəzalandırılmalı idi və bunu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev etdi. Sentyabrın 27-də Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycanın Silahlı Qüvvələri düşmənin təxribatının qarşısını almaq məqsədilə bütün cəbhəboyu əks-hücum əməliyyatlarına başladı. "Sentyabrın 27-də, ermənilərin xaincəsinə hücumundan sonra mən Ali Baş Komandan kimi "İrəli!" əmrini verdim", - deyə dövlətimizin başçısı Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasındakı çıxışında bildirib.
Respublikamız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsini şanlı qələbə ilə başa vurdu. Silahlı Qüvvələrimiz torpaqlarımızın xeyli hissəsini bilavasitə döyüş meydanında işğaldan azad etdi. Noyabrın 8-də Şuşanın, ertəsi gün isə daha 70-dən çox yaşayış məntəqəsinin geri qaytarılmasından sonra düşmən müharibəni davam etdirmək iqtidarında olmadığını başa düşərək onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı. Həmin sənədə əsasən, işğalçı Ermənistan sonrakı mərhələdə Ağdam, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz respublikamıza təslim etdi. Vətən müharibəsində qələbəmizin memarı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Dövlətimizin başçısı Azərbaycanın ərazi bütövlüyünü bərpa edən Lider kimi adını əbədi olaraq tarixə yazdırdı, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yaratdı və 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanına çevrildi.
Bu gün cənab Prezident İlham Əliyev doğum gününü qeyd edir. Bu münasibətlə dövlətimizin başçısını ürəkdən təbrik edir, Ona möhkəm cansağlığı, yeni mərhələdə Azərbaycanımızın inkişaf və tərəqqisi yolunda yeni-yeni nailiyyətlər arzulayıram!
Fatma Yıldırım-Milli Məclisin deputatı