Newscenter.az.23.04.2021. Eks deputat və hazırda da bir sıra məsul vəzifələrə sahib olan şəxslə bağlı məlum video artıq bir neçə gündür ki, ölkə gündəmini zəbt edib. Əslində müzakirəsi belə ikrah hissi yaradan həmin olayı hazırki informasiya bolluğu dönəmində müzakirə etməmək də mümkün deyil. Çünki, cəmiyyətin müzakirəsinə tuş gələn belə hadisələri yalnız zaman və ya növbəti daha rezonans doğuracaq olay gündəmdən kənarlaşdıra bilər.
Həmin hadisəyə cəmiyyətimizdə baxışlar fərqlidir. Kimisi bunu mental dəyərlərimizə zidd olan bir hadisə kimi, kimisi bir insanın vəzifədən əl çəkmək istəməməsinin məntiqi nəticəsi kimi, kimisi əksər kabinetlərdə baş verən, sadəcə təsadüfən kameranın obyektivinə düşən sıradan bir biabırçılıq kimi dəyərləndirir. Ancaq bu olayı ciddi analiz etdikdə diqqətdən qaçan bir sıra ciddi məqamlar var.
Video görüntüdən də görünür ki, hadisə yanvar ayında baş verib, bəs niyə təxminən üç ay sonra cəmiyyətə təqdim edildi? Onu yayan şəxslərin hadisə ilə bağlı səmimi mövqeləri vardısa niyə bunu baş verən günlərdə yayımlamadılar?
Həmin hadisə, onun baş verməsi və yayılması ilə bağlı müəyyən fərqli düşüncələrim var. Ötən il ölkənin hakim partiyası olan Yeni Azərbaycan Partiyasından təmizlənməli olan şəxslərlə bağlı bir yazı yazdım. Həmin yazımda, bu cür konservativ düşüncəli, gəncliyə tam fərqli baxış bucağından baxan, hər vəziyyətdə və hamıdan öz maraq və mənafelərinə uyğun istifadə etməyi düşünən, yeniliyə tam bağlı olan insanların partiyadan kənarlaşdırılmalı olduğunun zəruriliyini önə çəkdim. Bunu hazırda da vacib və zəruri addım hesab edirəm.
Dövr və zamanla yanaşı tələblər və şərtlər də dəyişir. Baş verən bu hadisəni, pandemiyanın yaratdığı şərtlərin müsbət tərəfi və müasirliyin konservatizmlə mübarizəsinin nəticələrindən biri hesab edirəm. Köhnə düşüncəli, yeniliyi və gəncliyi qəbul etməyən məmurun həmin yenilikdən və gənclikdən öz maraqlarına və mənafelərinə uyğun istifadəyə cəhd edərkən tuş gəldiyi zərbə.
Həmin hadisə ilə paralel olaraq baş verən gənc nəslin nümayəndələri olan məmurların korrupsiyaya qarşı mübarizə prosesində həbs edilməsi də biabırçı və lənətlənməli olaydır. Sadəcə hər bir hadisəyə öz pəncərəsindən baxılmalı və lazımi qiymət verilməlidir.
Konkret olaraq o biabırçı videoya gəldikdə isə, onu nəzərə almaq lazımdır ki, həmin şəxsin on illiklər ərzində daşıdığı vəzifə, sahib olduğu əlaqlər və təsir imkanları sadəcə üç ay ərzində həmin videonun yayılmasının qarşısını ala bildi.
Bu bir daha o deməkdir ki, insan zamanında addım atmağı bacarmalıdır və özünün hərəkət və ya hərəkətsizliyi ilə ətrafındakılara və cəmiyyətə zərər verəcək qədər dirənməməlidir. Bu hadisə yüzlərlə elə yaşlı məmur üçün nümunə və dərs olmalıdır. Bütün faəliyyəti və hətta mövcudluğu bir biabırçı olayla xatırlanacaq hadisənin baş verməsinə qədər dirəniş göstərməyin peşmançılığını yaşamamaq üçün vaxtında getmək lazımdır. Elə vaxtında getməli olduğunu bilən şəxsin düşüncəsi də, o qədər biabırçı maraqlardan uzaq olacaq. Tanrı Azərbaycanı, ləyaqətli yaşlı nəslimizi və dövlətçiliyi hər şeydən üstün tutan gəncliyimizi qorusun!
Xəyal Bəşirov-siyasi şərhçi