Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Jalə Əhmədova: "Şuşa Bəyannaməsinin imzalanması ən yeni tariximizin möhtəşəm hadisələrindən biridir"



Newscenter.az.7.07.2021. İyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Şuşada imzalanmış Bəyannamə, eləcə də Türkiyə Respublikasının Şuşada baş konsulluq açmaq qərarı ən yeni tariximizin möhtəşəm hadisələrindən biridir.

Newscenter.az xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əhmədova bildirib.

Şuşa Bəyannaməsi 1921-ci il oktyabrın 13-də imzalanmış Qars müqaviləsinə iki dost və qardaş ölkənin sadiqliyini göstərdi deyən J.Əhmədova qeyd edib: “Bu Bəyannamə 1994-cü il fevralın 9-da imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə”nin və “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında Protokol”un, eləcə də 2010-cu il avqustun 16-da imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə”nin davamıdır.

İki qardaş ölkə və onların xalqlarının ümumi maraqlarının qorunmasında hər iki dövlətin siyasi, iqtisadi, müdafiə, mədəni, humanitar, səhiyyə, təhsil, sosial, gənclər və idman sahələrindəki imkan və potensiallarının birləşdirilməsini ehtiva edən sənəd Türkiyə və Azərbaycanın gələcək inkişafına dəyərli bir töhfədir”.

Deputat vurğulayıb ki, strateji əhəmiyyət daşıyan Bəyannamə Azərbaycan və Türkiyənin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi milli maraqlara söykənən məsələlərdə qarşılıqlı yardım sahəsində əməkdaşlığın prinsipial istiqamətidir.

Bəyannaməyə əsasən, tərəflər xarici siyasət sahəsində əlaqələndirməni və müntəzəm ikitərəfli siyasi məsləhətləşmələri həyata keçirir, həmçinin bu istiqamətdə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində birgə fəaliyyət göstərirlər. Ölkələrimiz aktual xarakter kəsb edən, qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirərək yaxın və ya üst-üstə düşən mövqedən çıxış etməklə ikitərəfli əməkdaşlığı daha da dərinləşdirəcək, BMT, ATƏT, Avropa Şurası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı da daxil olmaqla, bundan sonra da beynəlxalq və regional təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərəcəklər.

Ən önəmli cəhətlərdən biri də odur ki, tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq olaraq təşəbbüs həyata keçirəcək, bir-birilərinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək, birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaq.

Bu Bəyannamə ilə həm də Azərbaycanın Qarabağ bölgəsi üçün yeni iqtisadi imkanların yarandığını diqqətə çatdıran J.Əhmədova deyib: “Bu imkanlar sayəsində həm Şuşaya qayıdacaq şuşalılar, işğaldan azad olunmuş rayonların sakinləri, həm də Qarabağda yaşayan ermənilər üçün firavan gələcəyin təmin olunacağı günlər uzaqda deyil. Şuşa Bəyannaməsi həm də Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının inteqrasiyası üçün unikal imkan yaradıb. Çünki Ermənistanda vəziyyət sabit deyil və ölkə əhalisi bütün problemlərini birbaşa və ya dolayı yolla Qarabağ erməniləri ilə bağlayır. Ermənistanda yaşayan və erməni diasporunda təmsil olunan bəzi nüfuzlu şəxslər Dağlıq Qarabağın beynəlxalq hüquq baxımından Azərbaycana məxsus olduğunu bildirir və qonşularla dinc yanaşı yaşamağın əhəmiyyətini xalqa izah edirlər. Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan da Azərbaycanla sülh müqaviləsinin imzalanmasına tərəfdardır. Bu ruhda olan çıxışlar sadə erməni xalqına daha yaxındır.

Beləliklə, sülh Ermənistanın yeganə çıxış yoludur. İnanırıq ki, erməni toplumu savaşı yox, sülhü qorumaq imkanlarını seçəcək və Qafqaz regionu çiçəklənən, sabit və müxtəlif xalqların firavan yaşadığı bir məkana çevriləcəkdir”.

Ruhiyyə
Xəbəri paylaş