Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ölkədəki taksi xidməti hansı səviyyədədir?



Newscenter.az.5.12.2021. Ölkədəki taksi şirkətləri, o cümlədən "Bolt" və "Uber"lə bağlı narazılıqlar getdikcə artmaqdadır. Doğrudur, qiymət pərakəndə xidmət göstərən taksilərin qiymətinə nisbətən xeyli ucuzdur. Yəni bu mənada sərnişinə sərf edir. Ancaq bəzi sürücülər də bunu əllərində bayraq edərək özlərini peyğəmbər övladı kimi aparmamalıdırlar. Çünki haqları yoxdur.

Təcrübələr göstərir ki, səslənən şikayətlərin əksəriyyəti əsaslıdır. Bunların obyektiv və subyektiv səbəbləri olsa da, daha çox sürücülərin şəxsi nümunəsində özünü göstərir. Birincisi, sürücülərin ödənişi hansı qaydada- nağd, yoxsa kartla edilməsi barədə maraqlanmaları əsla düzgün deyil. Onlara nağd ödəniş sərf etdiyinə görə çox vaxt ancaq belə sifarişləri qəbul edirlər. Ancaq sərnişinin hər iki qaydada ödənişi etmək haqqına malik olduğunu unutmamalıdırlar. Ən azından ona görə ki, şirkət buna şərait yaradır.

İkincisi, sürücülər bəzi hallarda müştəriyə zəng edir və sifarişdən imtina etməyi xahiş edirlər. Səbəblər isə sadəcə gülməli, qıcıqlandırıcıdır: yoldakı tıxac, ödəniş haqqının məsafəyə uyğun olmaması, ödənişin kartla olması və s. Adama deməzlər ki, qardaş, istəmirdinsə niyə sifarişi qəbul edirdin?! Axı bu, normal məntiqə sığmayan hərəkətdir. Ən əsası isə əlavə vaxt itkisidir.

Başqa bir məsələ sürücülərin etik davranış qaydaları ilə əlaqədəlidir. Maşında sərnişin olan vaxt yüksək səslə musiqiyə qulaq asmaq, telefonla danışmaq, hətta siqaret çəkmək belə, əslində doğru deyil. Bu, sərnişinə hörmətsizlikdir.

Ən tragikomedik durum bəzi hallarda sürücünün yolu tanımamasıdır. Hətta sadiq yol yoldaşları olan naviqatorları da yanlışlıq edir. Nəticədə sərnişin sürücüyə "burdan sağa dönün, burdan sola dönün" deyərək yolu izah etməli olur. Sərnişin özü də yolu tanımayanda isə paytaxtı bir neçə dövrə vurmaq qətiyyən istisna deyil.

Unutmadan, sürücülər də mütləq xırda pul olmalıdır. Səbəbin (və ya bəhanənin) nə olmağından asılı olmayaq sərnişinin pulunun qalığını qaytarmalı, heç olmasa, buna səy göstərməlidirlər.

Fikrimcə, taksi şirkətlərinə işə götürülənlərin psixoloji hazırlıqları da mütləq yoxlanılmalıdır. Onların tıxaca, yollardakı gözlənilməzliklərə nə qədər dözümlü olduqları öyrənilməlidir. Təəssüf ki, bir çox sürücü tez hövsələdən çıxır. Beləliklə, ya qayda pozaraq qəza şəraiti yaradır, ya başqa sürücülərlə söz duelinə çıxır, ya da yerli- yersiz siqnal verirlər. Nəticədə sərnişin üçün diskomfort yaranır.

Həmçinin köhnə, sovet maşınlarından da tədricən uzaqlaşmaq, daha rahat olanlara və ekologiyaya daha az ziyan verənlərə, o cümlədən hibrit avtomobillərə üstünlük vermək lazımdır.

Ən mühüm məqamlardan biri də peşəkarlıqdır. Sadəcə avtomobil idarə edə bilən hər kəsi taksi şirkətlərinə işə götürmək olmaz. Sürücü qəfil manevrlər etməməli, sürət yarışına çıxmamalı, idarəetməni tənzimləməyi bacarmalıdır.

Şübhəsiz, bu siyahını çox uzatmaq olar. Demək istədiyimiz isə odur ki, taksi şirkətlərində çalışan sürücülərin narazılıqları, keçirdikləri aksiyalar əsassızdır. Xidmət yüksək səviyyədə olsa, qiymət də ona uyğun tənzimlənər.

Kənan Novruzov
Xəbəri paylaş