Newscenter.az.10.12.2021. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Yunanıstanın ANT1 televiziyasına Rusiyanın Türkiyəyə S-400 raketlərinin II partiyasını göndərib-göndərməyəcəyi ilə bağlı sualı cavablandırıb. Kreml sözçüsü yunan müxbirin sualına Türk tərəfdaşlarımızla müəyyən anlaşmanın olduğunu, S-400-lərin Türkiyəyə çatdıracağını deyib.
Peskovun dediyi kimi, Türkiyə ilə Rusiya arasında S-400 raketlərinin alışına dair müvafiq razılaşma var. Razılaşmaya görə də Rusiya Türkiyəyə S-400 raketlərinin birinci partiyasını verib. Bundan əlavə raketlərin istifadəsi üçün kadrların hazırlanması da razılaşmada əks olunub. Bu mənada S-400-lərin ikinci partiyasında Ankaraya veriləcəyi məlumdur.
Hesab edirəm, Yunanıstanın ANT1 televiziyasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskova belə bir sualın ünvanlanması təsadüfi deyil. Məsələ ondadır ki, vatı ilə Türkiyənin Rusiyadan S-400 raketlərini alması Ankara ilə Vaşinqtonun arasını açdı. Türkiyənin bu məsələdə geri addım atmaması, S-400-lərin birnci hissəsini alması ABŞ-ın Türkiyəyə iqtisadi sanksiyalar tədbiq etməsi ilə nəticələndi. Hətta deyə bilərəm ki, Türkiyə lirəsinin ABŞ dolları qarşısında son zamanlar dəyər itirməsinin bir səbəbi də məhz budur.
Türkiyə-ABŞ münasibətlərinin pisləşməsi, Türkiyənin iqtisadi baxımdan zəifləməsi, türk lirəsinin dollar qarşısında dəyərdən düşməsi hər kəsdən çox Yunanıstanın maraqlarına uyur. Əks təqdirdə Peskovdan Rusiyanın Türkiyəyə S-400 raketlərinin II partiyasını göndərib-göndərməyəcəyi ilə bağlı sual ünvanlanmazdı.
Hesab edirəm Afina bununla mövcud ABŞ-Türkiyə gərginliyini daha da artırmaq, rəsmi Vaşinqtonun Ankaraya iqtisadi sanksiyalarını artırmasını istəyir.
Dmitri Peskov kifayət qədər təcrübəli diplomatdır. Təsadüfi deyil ki, yunan jurnalistin sualının provokasiya xarakterli olduğunu başa düşüb. Peskov ABŞ faktorunu nəzərə alaraq qeyd edib ki, “Biz bilirik ki, ABŞ sanksiyalar oyununu oynamağı xoşlayır, baxmayaraq ki, heç vaxt məqsədlərinə çatmırlar. Bununla belə, bizim siyasətimiz müxtəlif ölkələrlə, xüsusən də tərəfdaşlarımızla əməkdaşlığa açıq olmaqdır”.
Peskov hə nə qədər iddialı danışsa da reallıq ondan ibarətdir ki, Rusiya və Qərbin sanksiyaları Kremli də iqtisadi cəhətdən zəiflədib. Digər tərəfdən nəzərə almaq lazımdır ki, Türkiyə Rusiya deyil. Rusiya dünyanın ən nəhəng təbii qaz və silah satışı edən ölkələrindəndir. Yəni bu ölkə sanksiyalar qarşısında müəyyən mənada bilər. Türkiyə isə sənayesi yeni-yeni güclənən, dünya bazarına çıxan ölkədir. Mövcud sanksiyalar qarşısında Ankara və Moskvanın duruş qabiliyyəti eyni deyil.
Peskovun bu açıqlaması sonrası türk lirəsi dolar qarşısında daha da dəyər itirəcək. Türkiyə indiki halda S-400-ləri almaqda israrlıdır. Məsələ bundadır ki, Ankara bundan imtina edə bilməz. Cünki hava hücumundan müdafiə siteminə ehtiyacı var. Lakin bununla belə Ankaranın ən qısa zamanda Vaşinqtonla ortaq məxrəcə gəlməsi lazımdır. ABŞ sanksiyaları və lirənin dollar qarşısında dəyər itirməsi bu tempdə davam etsə bu, Türkiyə iqtisadiyyatını 90-cı illər həddinə qədər gerilədə bilər. Bu isə ilk növbədə Yunanıstana sərf edəcək.
Turan Rzayev-siyasi ekspert