Newscenter.az.16.12.2021. Türkiyə Azərbaycana xəyanət edir. Ermənistanla sərhədlərini açır. Aviareyslər bərpa edilir. Azərbaycanın ərazi bütövlüyü təmin olunmadan Ermənistanla sərhədlərini açmayacaq və münasibətləri normallaşdırmayacaq şərtini pozur və s.
Bu kimi fikirlər son günlərdə həm daxildən, həm də xaricdən sosial şəbəkə seqmentinə aid bəzi şəxslər tərəfindən tirajlanmaqdadır. Bəs nədir məsələnin əsli və bu fikirlər əsaslıdırmı?!
Tamamilə absurd və əsassız fikirlərdir. Yenə də ajiotaj və gərginlik yaratmağa hesablanmış və mümkün qədər yazdıqları yazıların və çəkdikləri videoların baxış və bəyənmə saylarını artırmaq üçün yeni oyunlardır. Hətta Azərbaycanla Türkiyə arasında mövcud olan çox yüksək səviyyəli münasibətlərin gərginləşdirilməsi hesabına olsa belə.
Əslində isə vəziyyət deyildiyi kimi narahatedici yox, əksinə bizim istədiyimiz ssenari üzrə davam etməkdədir. İlk öncə onu qeyd edək ki, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər o qədər yüksək səviyyədədir ki, heç bir amilə, hətta Rusiya və İsrail kimi dünya əhəmiyyətli dövlətlərlə bağlı amillərə görə zərrə qədər də pisləşmədi. Tam əksinə, Azərbaycanın məntiqli və hərtərəfli olaraq hesablanmış siyasəti nəticəsində yüzilliklər ərzində cənubi Qafqaz regionunda maraqları daim toqquşan Rusiya, Türkiyə və İranın maraqları artıq uzlaşmaqdadır. Türkiyə ilə İran və Türkiyə ilə İsrail də uzun illər ərzində aralarında əsən soyuq küləkləri mülayimləşdirmək istiqamətində real addımlar atırlar. Bütün bunların hamısı ikinci Qarabağ müharibəsindən sonra Azərbaycanın regionda ortaya qoyduğu yeni geosiyasi reallığın mühüm şərtləridir. Azərbaycan təkcə Türkiyə ilə münasibətlərini inkişaf etdirməyə deyil, Türk dünyasına aid olan dövlətlərin bir araya gəlməsinə və Türk Dövlətləri Təşkilatının yaranması ilə bağlı prosesin reallaşmasına mühüm töhfə verməkdədir.
Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və bu prosesin müzakirə edilməsi üçün ikitərəfli elçilərin müəyyən edilməsinə gəldikdə isə, bu da eyni prosesə xidmət edir. Türkiyənin otuz il ərzində Ermənistana qoyduğu şərt yenə də quvvədədir. Sadəcə baş verən proseslər artıq həmin şərti uyqulamağı və həmin şərtə uyğun addım atmağı tələb edir. Çünki, Türkiyə də Azərbaycan kimi dediyinə əməl edən və fikirləri ilə əməlləri eynilik təşkil edən dövlətdir. Türkiyənin Ermənistan qarşısında qoyduğu şərtlərin əməl olunması istiqamətində baş verən dəyişiklikləri görməmək isə ən az Qarabağ Bazel oyununda real qolu görməyəcək qədər kor gözə və ya açıq şəkildə qərəzliliyə sahib olmaq deməkdir.
Azərbaycan ikinci Qarabağ müharibəsində Ermənistanı darmadağın edib və işğala son qoyub. Bundan sonra bizim üstünlüyümüzü və şərtlərimizi diktə edən üç Bəyanat imzalanıb. Hətta üçtərəfli şəkildə keçirilən görüşlərdən savayı, Ermənistanın və ermənipərəst quvvələrin sürpriz gözlədikləri Brüssel görüşünün nəticələri var ortada. Azərbaycan artıq Qarabağı deyil, heç keçmiş münaqişənin mövzusu olmayan Zəngəzur dəhlizini reallaşdırmaqdadır. Biz artıq Gorus Qafan yolunda post qoymuşuq. Bu və bu kimi regiondakı vəziyyəti 180 dərəcə dəyişən prosesləri görməmək və ya dərk etməmək sadəcə ikrahedici gülüş doğura bilər.
Bundan savayı, həm də Ermənistanın və erməni cəmiyyətinin uzun illərdir ki, onları oyuna gətirən məkrli plan müəlliflərinin qurduqları tələdən qurtulmağın və girdikləri bataqlıqdan çıxmağın ləzzətini az da olsa da dadmalarına şərait yaratmaq da lazımdır. Qoy ermənilər otuz il ərzində nələrdən məhrum oduqlarının real olaraq şahidi olsunlar. Başqa yolla regionda real olaraq sabitliyi, təhlükəsizliyi və sülhü bərpa etmək və itkilərlə nəticələnən təxribatlara son qoymaq mümkün deyil.
Həm də, daim Türkiyənin regionumuzda baş verən hadisələrə daxil olduğunu və baş verən proseslərdə aktiv iştirak etdiyini deyirik. Bəs prosesə daxil olmaq və baş verənlərdə aktiv iştirak etmək başqa cür necə mümkündür?! Təbii ki, əgər Türkiyə bəzi qərəzli fikir sahiblərinin dediyi kimi addım atmalı olsaydı, heç bir nümayəndə təyin etmədən və hansısa müzakirə aparmadan deyilən prosesi reallaşdıracaqdı. Ancaq bu gün görünən odur ki, Türkiyə Ermənistan elçiləri arasında gedəcək müzakirələr mərhələli şəkildə aparılacaq və Azərbaycanla Ermənistan arasındakı müxtəlif formatlar üzrə, o cümlədən də ikitərəfli formatda gedəcək müzakirələrin gedişindən asılı olacaq. Bu da əslində Ermənistana sağlam şəkildə təsir göstərmək və Ermənistanı sülhə məcbur etmə prosesində Türkiyənin də rolunu artırmaq deməkdir.
Xəyal Bəşirov-siyasi ekspert