Newscenter.az.17.12.2021. Azərbaycan Respublikası ilə NATO arasında əməkdaşlığın təməli 1992-ci ilin mart ayında qoyulub və 1997-ci ildən etibarən, Avro-Atlantik Tərəfdaşlıq Şurası kimi tanınan Şimali Atlantik Əməkdaşlıq Şurasının məşvərət forumuna daxil olması ilə başlayıb.
4 may 1994-cü il tarixində Azərbaycan Respublikası NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” (SNT) Proqramına qoşulub. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi NATO ilə əməkdaşlıq çərçivəsində SNT proqramı, Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı, Planlaşdırma və Analiz Prosesi, Əməliyyat İmkanları Konsepsiyası, Tərəfdaşlığın Qərargah Vəzifələri, Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı, Sülh Naminə Elm Proqramı və NATO-nun digər əhəmiyyətli tərəfdaşlıq mexanizmlərindən səmərəli şəkildə istifadə edir. Azərbaycanın xarici siyasətində də əsas istiqamətlərdən biri Alyansa inteqrasiyadır.
Dekabrın 14-də Brüsseldə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşü keçirilib, konstruktiv mühitdə keçən görüşdə bir sıra önəmli məsələlər müzakirə olunub.
Görüş zamanı Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi məsələsi gündəliyə gətirilib, Avropa İttifaqının bu istiqamətdə Azərbaycana texniki yardım göstərməyə hazır olduğu bildirilib.
Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası ilə bağlı hər iki tərəf müvəqqəti işçi qrupun yaradılması ilə bağlı razılığa gəliblər. Eyni zamanda, kommunikasiya və nəqliyyat xətlərinin açılması məsələsi geniş müzakirə olunub. Ermənistan tərəfi öz ərazisindən dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiq edib. Bildirilib ki, Ermənistan tərəfi dəmir yolunun çəkilişinə tezliklə start verəcəkdir. Burada gömrük və sərhəd nəzarət məsələlərinin qarşılıqlı prinsip əsasında təmin olunması barədə razılığa gəlinib.
Ermənistan ilə Azərbaycan arasındakı münaqişənin aradan qaldırılması və Cənubi Qafqazda sülhün bərqərar olunması üçün Azərbaycanla Ermənistan arasında hərtərəfli sülh müqaviləsi imzalanmalıdır. Aİ Cənubi Qafqaz regionunda iqtisadi əməkdaşlığın inkişafını dəstəkləyir və yeni birgə iqtisadi əməkdaşlıq platformasının yaradılmasını təklif edir. Aİ regionda kommunikasiya infrastrukturunun yaradılması, ölkələr arasında əlaqəni təmin edən xətlərin açılması və inkişaf etdirilməsinin tərəfdarıdır. Aİ iqtisadi və investisiya resursları vasitəsilə icra olunacaq layihələri dəstəkləyəcəkdir. Eyni zamanda sözügedən qurum dəmir yolu xəttinin çəkilməsi, gömrük və sərhəd nəzarətinin qarşılıqlılıq prinsipi əsasında təşkil olunmasının tərəfdarıdır.
Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitində iştirak edən dövlətimizin başçısı uğurla inkişaf edən Azərbaycan-Avropa İttifaqı əlaqələrinə diqqət çəkərək Avropa İttifaqı ilə Azərbaycan arasında 2018-ci ildə paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədinin əhəmiyyətini vurğulayıb. Azərbaycanla Avropa İttifaqı arasında yeni tərəfdaşlıq sazişi üzərində işin 90 faizdən çoxunun artıq başa çatdırıldığını bildirən cənab Prezident sənədin qalan hissəsinin qarşıdan gələn dövr ərzində aparılacaq danışıqlar nəticəsində yekunlaşdırılacağına ümidvar olduğunu ifadə edib.
Bir neçə il əvvəl Brüsseldə Azərbaycan ilə Avropa İttifaqı arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədi imzalanıb. Əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə qarşılıqlı maraq və birgə dəyərlərə əsaslanaraq Azərbaycanla Avropa İttifaqı arasında birgə tərəfdaşlıq prioritetləri razılaşdırılıb. Sənəddə əksini tapan mühüm məqam ondan ibarətdir ki, hər iki tərəfin ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi ilə yanaşı, dövlətlərin beynəlxalq sərhədlərin toxunulmazlığının dəstəklənməsinə sadiqliyi ifadə olunub. Beləliklə, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsində bu sənəd də hüquqi baza rolunu oynayıb. Artıq Azərbaycan 44 günlük Vətən müharibəsi nəticəsində özünün ərazi bütövlüyünü bərpa edib. Bu fakt Azərbaycanın beynəlxalq müstəvidə gücünü daha da artıran amillərdən biridir. Fikrimcə, Avropa İttifaqı Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasında da fəal iştirak edə bilər. İnanıram ki, bölgədəki yeni reallıqlar Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin inkişafında öz əksini tapacaq, ölkəmizin Avropa İttifaqı üçün önəmi daha da artacaq. Bu baxımdan, enerji sahəsində fəal əməkdaşlıq daim gündəlikdədir. Azərbaycan bundan sonra da Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan ölkə statusunu qoruyacaq.
Tural Məmmədov