Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Uşaq pulunun maliyyələşdirilməsi üçün Uşaq Fondu yaradılmalıdır-İQTİSADÇI TƏKLİF EDİR



Newscenter.az.19.12.2021. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev media qurumlarının rəhbərləri ilə görüşündə deyib ki, " hazırda Azərbaycanda 2,7 milyon nəfərdən çox yaşı 18-ə qədər olan uşaq var. Ayda 100 manat uşaqpulu təyinatı aparılması təkliflərini nəzərə alsaq, bu, illik 3,3 milyard manat vəsait edir. Sosial proqramlar adətən 10 illik hazırlandığına görə, bu müddət ərzində uşaqpulu təminatı üçün 30 milyard manatdan çox pul tələb olunur. Ölkədə demoqrafik vəziyyət yaxşıdır. Proqnozlara əsasən, 2045-ci ilə qədər əhalinin sayı stabil olaraq artacaq. Bunun əlavə stimullaşdırılmasına ehtiyac görmürük. Uşaqpulu təyinatı üçün meyarların müəyyənləşdirilməsi də çətindir. Meyarlar olsa belə, burada manipulyasiya, korrupsiya əməlləri ola bilər. Biz isə bundan qaçırıq. ︎ 600 mindən çox uşağa sosial müavinət və əlilliklə bağlı pensiya verilir. Fikirləşirik ki, uşaqpulu təyinatının yerinə əməkhaqqı artımı olsun. Məqsədimiz minimum əməkhaqqının artırılması ilə sosial rifahın yüksəldilməsidir".

Bununla əlaqədar olaraq aşağıdakı məqamları diqqətinizə çatdırmaq istəyirəm.

1. Əvvala uşaq pulunun 18 yaşa qədər bütün uşaqlara verilməsi təklif olunmur, ehtiyacı olmayanlara bu pul nəyə görə verilməlidir ki? Əgər hazırda 600 mindən çox uşağa sosial müavinət və əlilliklə bağlı pensiya verilirsə, onda uşaq pulu 2,7 milyon uşağa deyil, yerdə qalan 1,9 milyona verilməlidir. Belə olanda da tələb olunan məbləğ 3,3 milyard manat deyil, 2,28 milyard manat olur.

2. Demoqrafik vəziyyət necə yaxşıdır ki, 2009-2014-cü illərlə müqayisədə 2015-2020-ci illərdə ölkədə doğum sayı 135050 nəfər azalıb, ölüm sayı 32 363 nəfər artıb, nigah sayı 136050 nəfər azalıb, boşanmaların sayı 24528 nəfər çoxalıb. Eyni zamanda Dövlət Statistika Komitəsinin digər məlumatına görə, 2020-ci ilin 1 yanvar tarixinə Azərbaycanda 0-17 yaşlı uşaqların sayı 2 milyon 636 min 7 yüz nəfər olub. 2001-ci ildə bu yaşda uşaqların sayı 2 milyon 998 min 9 yüz nəfər olub. Bu isə o deməkdir ki, son 20 ildə Azərbaycanda uşaqların sayı 236 min 200 nəfər azalıb. Demografik problem necə olur ki? Digər tərəfdən də uşaq pulunun verilməsi heç də bütün hallarda demografik problemi həll etmək üçün deyildir. Uşaq pulu qayğı deyil, uşaqların haqqıdır. Uşaq pulu həm də ideoloji məsələsidir.

3. Uşaqpulu təyinatı üçün meyarların müəyyənləşdirilməsi çox asandır, dünya təcrübəsində onun çox örnəkləri vardır. Azərbaycana gəlincə, uşaq pulunun məbləği ailənin gəlirləri ilə ailədə hər bir üzvün yaşayışının gerçək dəyəri arasında fərq qədər müəyyənləşdirilə bilər. Burada manipulyasiya, korrupsiya əməlləri yalnız pis idarəçilikdən qaynaqlanır. Normal və şəffaf idarəçilikdə, açıq hökümətdə nədən korrupsiya yaranmalıdır. Guya digər sosial proqramlarda- özünüməşğulluqda, ünvanlı sosial yardımda, pensiyada, əlillik dərəcələrinin verilməsində - korrupsiya yoxdur?

4. Uşaqpulu təyinatının yerinə əməkhaqqı artımının işsizlərə nə adiyyatı vardır. Ölkədə işsizlərin sayının kəskin artması və problemin kütləviləşməsinə görə məşğulluq idarələrində qeydiyyata alınmış işsizlərin sayının açıqlanmasını 2020-ci ilin aprel ayından dayandırmısınız. Azərbaycanda işsizlərin sayını ən yaxşı bilən sizsiniz. Bəs heç fikirləşmisiniz ki, onların da uşaqları vardır. Məgər onların uşaqları doyunca yeməli, sağlam və savadlı böyüməli deyil? Heç işsizliklə bağlı rəqəmlərə baxanda vicdan əzabı çəkirsinizmi? Bu ilin 9 ayında cəmi 3033 nəfərə işsizlik müavinəti verilib, bəs yerdə qalan işsizlər nə ilə dolanmalıdır?

Yekun olaraq onu bildirim ki, uşaq pulu verilməsi üçün büdcənin problemi maliyyə təminatında deyil, onun xərclənməsindədir. Əgər büdcə şəffaflığına əməl olunarsa, vəsaitlər səmərəli və hesabatlı xərclənərsə, dövlət sifarişləri açıq tenderlər vasitəsilə rəqabətli icra olunarsa, onda hər fiskal ildə büdcəyə milyardlarla qənaət etmək olar. Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin "Global legal" və "Ekvita consulting" MMC-lərə verdiyiniz sifarişlər də bu qəbildəndir.

Digər tərəfdən də uşaq pulunun ödənilməsi ailənin xərcləmələrinin çoxalmasına, əhalinin alıcılıq qabliyyətinin artımına və bununla da dövlət büdcəsinə istehlak vergilərinin daha çox daxil olmasına gətirib çıxaracaq. Bununla da dövlət uşaq pulu adı ilə ödədiyi vəsaitlərin bir hissəsini geriyə qaytaracaq.

Hesab edirəm ki, uşaq pulunun maliyyələşdirilməsi və idarəedilməsi üçün Uşaq Fondu yaradılmalı, onun maliyyə mənbələri şaxələndirilməlidir. Büdcədən, Neft Fondundan və şirkətlərdən ayırmalar hesabın Fondun vəsaiti yetərincə təmin oluna bilər. Uşaq pulunun ödənilməsi neft gəlirlərinin nəsillər arasında bölgüsü sahəsində mövcud ədalətsizliyi qismən olsa da aradan qaldıra bilər. Odur ki, mənasiz aqrumentləri təkrar-təkrar səsləndirməkdənsə korrupsiyanın qarşısını alın, büdcəni səmərəsiz xərclərdən azad edin, dövlət alqı-satqılarını açıq tenderlərlə və rəqabət əsasında maliyyələşdirin, bazarları hökmran mövqedə olan başqalarına giriş baryerləri yaradan inhisarçılardan azad edin, rəqabəti dəstəkləyin, insanlara azadlıq verin, bir sözlə azad iqtisadi münasibətlər və sərbəst təşəbbüslər üçün şərait yaradın. Belə olsa heç kəs dövlətə möhtac olub, uşaq pulun davası etməz, hər kəs özünü və ailəsini halal zəhməti ilə dolandırar. Siz nə burda saydıqlarımı edir, nə də ehtiyacı olan ailələrə uşaq pulu verirsiniz. Sizcə, ağır yaşam şərtləri altında hər gün yoxsullaşan əhali necə dolanmalı və uşaqlarını nəylə saxlamalıdır?

Qubad İbadoğlu-iqtisadçı ekspert
Xəbəri paylaş