Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Səriştəsiz insanlar hər zaman səhv nəticələrə gələrək yanlış qərarlar verir



Newscenter.az.21.12.2021. Yüzlərlə “rəis” – baş direktor, baş mühəndis, baş müəllim, baş aqronom, baş vəkil, baş həkim, baş sanitar və başqa “baş”lar başa keçib boz dünyamızı daha da qaranlığa sürükləyirlər. Danninq-Kryuger demişkən bu “baş”lar buraxdıqları səhvləri nəinki düzəltməyə, heç səhv elədiklərini anlamağa da təşəbbüs etmir, idarə etməyə davam edirlər. Niyə də davam etməsinlər, həyat onlar üçün daha gözəl deyilmi?

Səriştəsiz insanlar hər zaman səhv nəticələrə gələrək yanlış qərarlar verir, bilik və bacarıqları aşağı səviyyədə olduğu üçün də səhvlərini görmürlər. Bu da onlarda özləri haqda yüksək fikir formalaşdırır. Peşəkarlar isə əksinə öz bacarıqlarını gözə soxmur, təvazökarlıq edir, özlərinə az güvənir, başqalarını daha qabiliyyətli görürlər. Yəni, səriştəsiz və işbilməzlər özləri haqda yüksək düşüncəyə sahib olur, işinin ustaları isə öz qabiliyyət və bacarıqlarını kiçik görür, ətrafdakıların da onları elə gördüklərini düşünürlər. Səhvlərini görməyən adam hər zaman haqlı olduğuna inanmağa başlayır və nəticədə özünü hamıdan üstün görməyə alışır. Nadan və qanmaz adamın beynini təcrübəsizlik, nizamsız nəzəriyyə, təsdiqlənməmiş fakt, səhv alqoritm və əsassız təxminlərlə doldurulmuş qazana bənzədirəm. Beləsi illüziyalara elə qapılır ki, “Burda mənəm, Bağdadda kor xəlifə” ədası ilə özünü az qalsın parlaq zəka sahibi kimi görməyə başlayır.

Fyodor Dostoyevski demişkən “Axmaq axmaq olduğunu anlayanda artıq axmaq deyil”

Təcrübəsi və biliyi artdıqca insan özünə daha obyektiv qiymət verməyə başlayır. Öz üzərində çalışan çatışmazlıqlarını görür, onları düzəltməyə səy göstərir. Daha səriştəli və müvəffəq insanları gördükcə anlayır ki, hələ öyrənəcəyi çox şey var. Kəmsavad və qabiliyyətsiz insanın özünə verdiyi qiymət isə qüsurludur, beləsinin ətrafı onun səhvlərini üzünə deyə bilmir. Çünki onların özlərinin də səviyyəsi aşağıdır. Beləsi azca qabağa gedib, nəsə uğur qazandımı özünü Yer kürəsinin mərkəzi saymağa başlayır.

Əli İbrahimov-hüquqşünas
Xəbəri paylaş