Newscenter.az.5.01.2022. Qazaxıstanda təbii yanacağın qiymətinin iki dəfə artması bir sıra şəhərlərdə kütləvi etirazlara səbəb olub. Vəziyyət hazırda elə bir həddə çatıb ki, Qazaxıstan Prezidenti Qasım Jomart Tokayev hökuməti istefaya göndərib. Bundan başqa, hökumət etirazlar fonunda ölkənin Manqistau və Aktübin vilayətində maye qazın qiymətini aşağı salmaq qərarına gəlib. Belə ki, litri 120 təngəyə qaldırılan qazın yenidən 50 təngəyə endiriləcəyi bildirilib. Maraqlıdır ki, nə hökümətin etirazlara səbəb olan qaz qiymətlərini endirməsi, nə də prezidentin hökuməti istefaya göndərməsi qəzəbli kütləni sakitləşdirməyib.
Hesab edirəm Qazaxıstanda baş verən etirazlar bəsit bir xalq ayaqlanması və ya sosial narazılıq deyil. Belə ki, etirazçıların səbəbi həqiqətən də təbii yanacağın qiymətinin iki dəfə artması olsa idi, hökumətin 120 təngəyə qaldırılan qazı yenidən 50 təngəyə endirməsi ilə hadisələr sakitləşərdi. Etirazçılar isə hökumətin bu addımını populist addım adlandıraraq dünya bazarındakı mövcud qaz qiymətlərinin yenidən artması halında hökumətin də qazın
qiymətini artıracağını bildirərək etirazlara davam edir. Təbii yanacağın qiymətinin artması etiraz aksiyalarının başlaması üçün sadəcə bahanədir.
Etirazların pərdəarxasındakı güc kimdir?
Hesab edirəm Qazaxıstanda baş verən mövcud etirazlar iqtisadi və sosial amillə bağlı olmaqla yanaşı, həm də Kremldə hazırlanmış və anarxiya, xaosa hesablanmış bir ssenaridir. Məsələ ondadır ki, son günlər rus millət vəkillərinin bir çoxu rəsmi televiziya kanallarında çıxışı zamanı tez-tez Qazaxıstanın tarix boyu mövcud olmadığını, hazırkı qazax torpaqlarının vaxtilə Kreml tərəfindən onlara verildiyini qeyd edir. Rus millət vəkillərinin eyni mövzuda bənzər fikirlər səsləndirməsi “Qazaxıstan deyə bir ölkə heç bir zaman olmayıb” deyən Rusiya Prezidenti Vladimir Putinin sözlərinin təkrarı kimidir.
Kremlin indiki halda Qazaxsıtana baxışı Putinin “Bu torpaqları biz sizə hədiyyə etmişik. Buna görə də bizdən uzaqlaşmağı düşünməyin. Yoxsa hədiyyə verdiyimiz torpaqları əlinizdən alaram” sözləri ilə izah edilə bilər.
Kremlin məqsədi nədir?
Rusiyanın indiki halda Qazaxıstanda sabitliyi pozmasının bir neçə səbəbi var:
Birincisi, Qazaxıstan son illərdə Kremlin istəyi xaricində siyasət yeritməyə başlayıb. Belə ki, ölkənin latın qrafikalı əlifbaya keçməsi, keçmiş SSRİ-dən qalan şəhər adlarının milli adlar ilə əvəzlənməsi, qazax dilinin ön plana keçərək rus dilini sıxışdırması və s. qərarlar Kremlin diqqətindən yayınmayıb. Aydın məsələdir ki, rəsmi Nursultan Kremlin başının Ukraynanın şərqində və Qafqazda qarışmasından istifadə edərək təmkinlə ölkədəki Rusiya təsirini azaltmağa çalışırdı. Hesab edirəm Kreml Qazaxıstandakı təsirinin azalmasından narahatdır və mövcud etirazlar fonunda rəsmi Nursultana açıq mesaj verir.
İkincisi, Qazaxıstan sahəsinə görə, hazırda dünyanın 9- cu ən böyük ölkəsidir. Bundan başqa, Qazaxıstan dünyanın ən böyük neft və qaz ixrac edən ölkəsidir. Bununla belə bu ölkənin hazırda ən böyük problemi əhali sayının az olmasıdır. Cəmi 18 milyon olan əhalinin bir qismini də ruslar təşkil edir.
Müstəqilliyin ilk illərində ölkədəki əhalinin 37 faizini rus əsilli insanlar təşkil edirdi. Bu gün bu nisbət dəyişsə də ölkədə bu qədər rus əsilli vətəndaşın olması Qazaxıstana Kremlin təsir etməsi və gələcəkdə Ukrayna ssenarisinin baş vermə ehtimalını yüksəldir.
Son illərdə Qazaxıstan ölkə xaricində yaşayan qazaxları ölkəyə dəvət edərək mövcud problemi həll etməyə çalışsa da görünür bu, Kremlin qəzəbinə səbəb olub. Mövcud etiraz aksiyalarında rus əsilli deyil, məhz qazax əsilli vətəndaşların olması Kremlin Qazaxıstana ciddi mesajı olaraq qiymətləndirilə bilər.
Üçüncüsü, Qazaxıstan hazırda Çinin "bir kəmər, bir yol" layihəsi çərçivəsində kilit ölkələrdən hesab edilir. Belə ki, çindən gələn ticarət yolu Qazaxıstan üzərindən Azərbaycana, Zəngəzur dəhlizindən Ermənistana, Türkiyə üzərindən isə Avropaya qədər uzanacaq.
Rusiya indiki halda Qazaxıstanın özündən asılı olmasını və Çinin "bir kəmər, bir yol" layihəsində kilit ölkə roluna malik olmasını istəmir. Rəsmi Moskva Qazaxıstan torpaqlarından keçəcək xəttin öz torpaqlarından daha dəqiq desək Orlenburg, Çelyabinsk, Omsk kimi şəhərlərdən keçməsini istəyir. Hesab edirəm Rusiya ilə Qazaxıstan indiki halda məhz bunun üçün anlaşmazlıq yaşıyır və Kreml təsir rıçaqlarını işə salıb.
Turan Rzayev-siyasi ekspert