Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nazarbayevin yoxluğu türk dövlətlərinin təşkilatlanmasını zəiflədəcək



Newscenter.az.6.01.2022. Qazaxıstan Prezidenti Qasım-Jomard Tokayevin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) hərbi yardım istəməsinin ardınca Rusiya Hərbi Kosmik Qüvvələrinin hərb-nəqliyyat təyyarələri Rusiya sülhməramlılarını Qazaxıstan ərazisinə tullayıb. Qazaxıstana göndərilən KTMT qoşunlarına Rusiya, Belarus, Qırğızıstan, Tacikistan, Ermənistan silahlı qüvvələrinin bölmələri daxildir.

Qazaxıstan Prezidenti Tokayevin Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciəti hadisələrin bir daha Kremlin ssenarisi əsasında baş verdiyini sübut etdi. Qazaxıstanda baş verən hadisələrdə Kremlin barmağının olmasını sübut edən bir digər nüans isə etirazlarla bağlıdır:

Birincisi, etirazçıları idarə edən konkret bir fiqur və ya lider yoxdur. Yəni etirazçılar dağınıq formada hərəkət edirlər. Misal üçün, etirazların arxasında Qərb və ya ABŞ dayansaydı, mütləq şəkildə kütləni idarə edən bir şəxs olardı. Lakin Kreml variantında isə adətən buna ehtiyac olmur.

İkincisi, Qazaxıstanda etirazların ilk günündən etibarən rusların yaşadığı bölgədə sakitlik hökm sürür. İğitaşaşlar, etirazlar isə daha çox qazaxların çoxluq təşkil etdiyi ərazilərdə baş verir.

Üçüncüsü, etirazlar dağıntılarla müşahidə olunsa da, iştirakçıların sayı hakimiyyəti devirəcək qədər deyildi. Yəni Qazaxıstan öz ordusu ilə silahlı üsyanın qarşısını çox rahatlıqla ala bilərdi. Lakin Prezident Tokayev KTMT-yə müdaxilə üçün müraciət etdi.

Bundan sonra Qazaxıstanın müstəqilliyindən danışmaq olmaz.

Təəssüf ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) qoşunlarının Qazaxıstana gəlməsi Qazaxıstanın müstəqilliyinə ciddi təhdid deməkdir. Məsələ ondadır ki, etirazlar nəticəsində Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev Təhlükəsizlik Şurasının sədri vəzifəsindən istefa verib. Nursultan Nazarbayev hər nə qədər mübahisəli şəxs olsa da, prezident Tokayevdən fərqli olaraq milli idi. Nazarbayev Rusiya ilə ortaq hərəkət etsə də, ən çətin şərtlərdə belə Qazaxıstan üçün mühüm işlər görürdü. Misal üçün, ölkənin latın qrafikalı əlifbaya keçməsi, keçmiş SSRİ-dən qalan şəhər adlarının milli adlarla əvəzlənməsi, qazax dilinin ön plana keçərək rus dilini sıxışdırması və s. Hesab edirəm, Nazarbayevin sonunu gətirən də məhz onun atdığı bu milli addımlar oldu.

Tokayevdən fərqli olaraq Nazarbayev heç zaman Rusiyanın Qazaxıstana qoşun yeritməsinə izn verməzdi. Düzdür, Qazaxıstana gələn təkcə Rusiya hərbçiləri olmasa bu, nəticə dəyişmir. KTMT üzvü olmaq ayrı məsələdir, KTMT qoşununu ölkəyə dəvət etmək tamam ayrı məsələdir. Tokayev faktiki Nazarbayevin heç vaxt etməyəcəyi bir səhvi etdi və Qazaxıstanı öz əlləri ilə Kremlə təhvil verdi.

Kreml SSRİ mahnılarının sədaları altında Türk dövlətlərinin təşkilatlanmasına zərbə vurdu!

Qazaxıstanda baş verən iğtişalar fonunda bir məqam xüsusilə diqqət çəkdi. Məsələ ondadır ki, Qazaxıstanda gərginlik yaşanarkən bəzi rus kanallarında SSRİ dövründəki hava proqnozu, mahnıları səslənirdi.

İlk başda əhəmiyyətsiz bir detal kimi görünsə də, Nazarbayev kimi Türk dövlətlərinin təşkilatlanmasına mühüm rola malik bir şəxsin Təhlükəsizlik Şurasının sədri vəzifəsindən istefa verməsi və bu hadisənin baş verdiyi ərəfədə rus kanallarında SSRİ mahnılarını səslənməsi təsadüfi deyil. Kreml bununla açıqca Türk dövlətlərinin təşkilatlanmasından narahat olduğunu, təşkilatın güclənərək ona alternetiv bir güc olmasını istəmədiyini elan etmiş oldu.

Nazarbayevin gedişi həqiqətən də türklərin təşkilatlanması baxımından ciddi mənfi hadisə oldu. Belə ki, Mərkəzi Asiya türklərini bir arada saxlayan güc şübhəsiz ki, Nazarbayev idi. Hesab edirəm ki, Nazarbayevin yoxluğu Mərkəzi Asiya türk dövlətlərinin Kreml qarşısında gözünü qorxudacaq, türklərin təşkilatlanmasını zəiflədəcək.

Turan Rzayev-siyasi ekspert
Xəbəri paylaş