Newscenter.az.9.01.2022. Qazın qiymətinin qalxması ilə Qazaxıstanda baş verən hadisələrin qısa müddət ərzində belə geniş miqyas almaqla uzin illərdir regiondakı status-kvonun dəyişəməsinə səbəb olması çoxları tərəfindən sürprizlərlə qarşılandı. Xalqın meydanlara çıxması və sosial-iqtisadi narazılıqları dilə gətirməyə başlaması müxtəlif dairələrin sürətlə hərəkətə keçməsinə və yaranmış vəziyyətdən öz xeyrinə istifadə etməsinə ciddi imkanlar yaratdı.
Uzun illərdir Mərkəzi Asiyada gedən pərdəarxası üçlü mübarizə nəhayət ki, gün üzünə çıxmağa başladı. Eyni zamanda ölkənin keçmiş prezidenti və keçmiş "elbaşı" statusuna malik olmuş Nursualtan Nazarbayevin SSRİ-nin dağılmasından sonra ölkədə milli şüurun oyanışı və sovetdənqalma problemlərin həlli istiqamətində bir sıra siyasi islahatlatların aparılması əlbəttə ki, başda Rusiya olmaqla bir çox ölkənin arzuetmədiyi halın yaşanmasına səbəb olmağa başlamışdır. Eyni zamanda Qazaxıstanın həm yerləşdiyi geostrateji mövqe, həm geniş ərazilər, həm də sahib olduğu yeraltı və yerüstü təbii sərvətlər bu ölkəyə Rusiya ilə yanaşı Çin və Qərbin də marağını artırmışdır. Bugün Qazaxıstan dünya uran ehtiyatının təqribən 41%-ə sahibdir. Eyni zamanda neft və qaz ehtiyatına görə də dünyada ilk onluqda qərarlaşıb. Eyni zamanda Çinin 2013-cü ildən başlayaraq reallaşdırmağa başladığı “Bir Kəmər, Bir Yol” layihəsinin əsas böyük hissəsinin Qazaxıstandan keçməsi də bəzi qüvvələrin ciddi narahat olduğu məsələlərdəndir. Həmçinin, son illər Çinin Mərkəzi Asiya ökələrinə ciddi maliyyə axını davam etməkdədir ki, bunun da böyük hissəsi Qazaxıstanın payına düşür.
Təbii ki, yuxarıdan qeyd edilənlərlə yanaşı digər məsələlər də var ki, onlar da Qazaxıstanda hazırkı durumun yaranmasına səbəb olmuşdur. Burada xüsusi diqqəti cəlb edən məsələlərdən biri də son zamanlar, xüsusilə də II Qarabağ savaşından sonra türkdilli dövlətlər arasında münasibətlərin inkişaf etdirilməsi amilidir. 12 noyabr 2021-ci ildə Türkdilli Dövlətlər Təşkilatının yaranması regiona marağı olan dövlətlərin ciddi narahatlığına səbəb oldu.
2019-cu ildə Nur Sultan Nazarbayevin prezidentlik kürsüsündən getməsi və təhlükəsizlik şurasının sədri təyin edilməsi Qazaxıstanın yeni strateji hədəf formalaşdırmağa başlaması ilə yanaşı həm də kənar qüvvələrin basqısı altında həyata keçrilməsinə işarə edildiyini göstərir.
Bu etiraz aksiyaları zamanı diqqəti cəlb edən önəmli məsələlərdən biri də etirazçıların etdiyi tələblərdir. Burada öncə üç tələb irəli sürüldü.
1. Qazın qiymətinin aşağı salınması,
2. Hökumət kabinetinin istefası,
3. Nur Sultan Nazarbayevin statusunun, yəni “elbası” və təhlükəsizlik şurasının sədri statuslarının əlindən alınması.
Hökumət ilk vaxtlardan demək olar ki, etirazçıların tələblərini qəbul etdi və bu üç şərt yerinə yetrildi. Buna baxmayaraq etirazlar dayanmadı, əksinə etirazlar silahlı qarşıdurma və dağıntılara səbəb olmağa başladı. Qazaxıstan prezidenti Cömərd-Qasım Tokayev isə dərhal Qazaxıstanın üzvü olduğu KTMT-ni ölkəsində baş verən etirazları basdırmaq üçün ölkəsinə dəvət etdi. KTMT də öz növbəsində qanunsuz şəkildə Qazaxıstana “sülhməramlı” adı altında qoşun gönddərdi. Artıq bir neçə gündür KTMT Qazaxıstanın müxtəlif şəhərlərində, xüsusilə də Almatıda qətliamlar həyata keçirir.
Burada diqqəti cəlb edən bir neçə məsələ daha var və həmin məsələlər haqlı olaraq suallar yaradır.
Niyə etirazçıları tələbləri yerinə yetriləndən sonra etirazları dayandırmadı?
Niyə prezidentin deyil, məhz Nazarbayev və kabinetin istefasını tələb etdilər?
Niyə Tokayev öz ordusu və ya güc strukturları vasitəsilə vəziyyəti nəzarətə almadı və KTMT-i ölkəsinə dəvət etdi?
Niyə Tokayev qısa müddət ərzində Nazarbayevin kadrlarını hakimiyyətdən uzaqlaşdırdı?
Bundan sonra nə olacaq? Rusiyanın çətiri altındakı KTMT-nin fəaliyyəti nədən ibarət olacaq?
Qazaxıstandakı proseslərin ilk baxışdan spontan olmasına baxmayaraq sonrakı mərhələdə münaqişənin silahlı toqquşmaya çevrilməsi onun əvvəldən hazırlanması və mərhələli şəkildə idarə edilməsindən xəbər verir. Ən azından sadə etirazçıların arasına qarışmış provakasiya qruplarının etirazçıları müxtəlif istiqamətə yönləndirməsi və dövlət əhəmiyyətli binaların tutulması və dağıdılması bunu deməyə əsas verir. Eyni zamanda etirazçılara silahların paylanması və silah obyektlərinin talan edilməsi də burada başqalarının əlinin olduğunu göstərən amillərdəndir.
Etirazçıların Tokayev qalmaqla hökumət kabinetinin və Nazarbayevin statusunun əlindən alınması tələbinin üzü də ciddi suallar doğurur. Belə ki, hökumət kabineti Nazarbayev tərəfindən qurulmuş kabinetdir və onun hökmü Toakyevdən daha çox olduğu görünürdü. Məhz Nazarbayevin statusunun əlindən alınması və hökumətin istefasından sonra Tokayevin dərhal KTMT-i ölkəyə çağırması onu göstərir ki, deməli ölkəyə Rusiyanın belə geniş daxil olmasının qarşısını Nazarbayevin aldığı görüntüsünü yaradır. Digər tərəfdən Tokayev tərəfindən KTMT bayrağı altında Qazaxıstanın işğal etməsi və soyqrım həyata keçirməsi danışılmış və pərdəarxasın oyunların tərkib hissəsi kimi qəbul edilə bilər. Təbii ki, pərdəarxasında Tokayev-Kremil razılaşmasının olması mümkündür ki, buna uyöun olaraq Nazarbayevin təyin etdiyi kadrlar qısa müddətdə hakimiyyətdən uzaqlaşdırıldılar. Hesab etmək olar ki, Tokayev onları uzaqlaşdırmaqla az öncə səlahiyyətlərini əlindən aldığı Nazarbayevin təsirini azaltmağa çalışır. Bu işdə Kremilin dəstəyini almayan Tokayev qətiyyən riskə gedib kamandanı dəyişdirməzdi. Ona görə də bu işdə də Kremilin dəstəyini görməyin mümkünlüyünü qeyd etmək olar.
KTMT özünün nüfuzunu artırmaq və Rusiyanın Qazaxıstan üzərində təsirini möhkəmləndirmək üçün mümkün qədər qısa vaxt ərzində etirazları qanlı şəkildə basdırmağa çalışacaq, amma bunu nə dərəcədə uğurlu olub olmayacağını isə zaman göstərəcək.
Burada diqqəti cəlb edən Türkdilli Dövlətlər Təşkilatı və onun üzvlərinin mövqeyidir. Təbii ki, Türkiyə və Azərbaycan prezidentləri bu məsələdə digər üzv dövlətlərlə danışıqları davam etdirirlər. Hesab etmək olar ki, ilk mərhələdə Türkiyə ancaq telefon diplomatiyası ilə kifayətlənəcək. Amma ikinci mərhələdə ciddi möve ortaya qoyması gözləniləndir. Eyni zamanda Türkiyə yaxşı başa düşür ki, Rusiya Qazaxıstanda müvəqqəti üstünlük əldə edə bilər, amma sonuna kimi orada dayanmasının özü belə sual altındadır. Hətta hesab etmək olar ki, Tokayevlə ciddi əlaqə qurmamağın digər önəmli səbəblərindən biri də onun əlinin xalqın qanına batması ola bilər.
Fikrimcə, Qazaxıstandakı proseslər uzun müddət gərginliklə müşahidə edilə bilər və ölkənin yenidən əvvəlki vəziyyətinə qayıtması da o dərəcədə inandırıcı görünmür.
Samir Hümbətov-siyasi ekspert