Newscenter.az.22.01.2022. ABŞ-ın Federal Təhqiqat Bürosu (FTB) Texas ştatının Laredo şəhərində yaşayan respubikaçı konqressmen Henri Kuelların evində axtarış aparması Azərbaycanla bağlı 2013-cü ildən davam edən istintaqla əlaqədardır. Əslində, bu illər ərzində Azərbaycanla yaxın əlaqələri olan Kuellar FTB-nin təhqiqatının əvvəllərdə subyekti idi və o SOCAR-ın pulu ilə Konqres üzvlərini Azərbaycana səfərə cəlb etməkdə ittiham olunurdu.
Konqresin hesabatlarına görə, 2013-cü ilin yanvarında Kuellar və həyat yoldaşı, özünü Amerikalılar və Avrasiyalıların Turkuaz Şurası adlandıran qurumun "sponsorluğu" ilə Türkiyə və Azərbaycana səfər edib. Kuellars üçün səyahət 20.000 dollara başa gəlib və bu Nümayəndələr Palatasının Etika Komitəsi tərəfindən təsdiqlənib.
Turkuaz Şurasının sədri kimi qeyd olunan Kamal Öksüzün Etika Komitəsinə ilkin açıqlamalarına görə, səfər üçün heç bir xarici pul ödənilməyib. Lakin çox keçmədən 2018-ci ildə Öksüz 2013-cü ilin mayında Azərbaycana konqres üzvlərinin səfərinin xarici hökumət tərəfindən maliyyələşdirilməsi faktını gizlətməkdə günahını etiraf etdi və o 2019-cu ildə məhkum edildi. Öksüz iddia etmişdi ki, sözügedən səfərin xərcləri regional və transmilli əməkdaşlığı inkişaf etdirmək məqsədi daşıyan Turkuaz Şurası və Azərbaycanın Dostları Assambleyası tərəfindən ödənilib. Əslində, səfərin xərclərini SOCAR ödəmişdir. Məhkəmə sənədləri göstərir ki, Öksüz nümayəndələr Palatasının 10 üzvü və onların əməkdaşlarının Azərbaycana səfərini təşkil etmək üçün SOCAR-dan 750 min dollar alıb.
Bu məsələnin ən maraqlı tərəfi 2013-cü ildə baş vermiş hadisənin nədən indi, xüsusilə də Qərb və Rusiya qarşıdurmasının şiddətləndiyi dövrdə yenidən, özü də FTB-nin səsküylü araşdırması ilə gündəmə gətirilməsidir. Heç şübhəsiz ki, Azərbaycanın Rusiyanın yanında yer alması, Krım Platformasına qoşulmaması, Baydenin Demokratiya sammitinə çağrılmaması bu məsələdə rol oynayır. Nəzərə alaq ki, Azərbaycan Dövlət Neft Fondunun 45 milyard dollarlıq aktivlərinin 57,5 faizi və ya 25,88 milyard dolları Qərbdə (29,3 faizi və ya 13,19 milyard dolları ABŞ-da, 28,2 faizi və ya 12,69 milyard dolları Avropada) yerləşdirilib. FTB-nin hazırkı təhqiqatları Azərbaycan Dövlət Neft Fonduna və SOCAR-a qarşı sanksiyalara gətirib çıxara bilərmi? Yəqin ki, bu suala ABŞ-da aparılan araşdırmalarla tezliklə cavab veriləcək.
Qubad İbadoğlu-iqtisadçı ekspert