Newscenter.az.6.02.2022. Bildiyimiz kimi bugünlərdə Bakıda möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində bu layihənin iştirakçıları olan Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliyanın nazirlərinin iştirakı ilə VIII toplantısı keçirilmişdir. Bu mənada getdikcə iqtisadi və geosiyasi baxımdan əhəmiyyəti daha da artan Cənub Qaz Dəhlizi layihəsinin müvəffəqiyyətlə başa çatması iştirakçı dövlətlərin uğurudur. Tamamlanması 2020-ci ildə Dünya Azərbaycanlılarının həmrəylik gününə təsadüf edən Cənub Qaz Dəhlizi layihəsinin son hissəsi olan TAP layihəsi artıq tam yekunlaşmışdır. Layihənin başladığı ilk gündən bu layihəyə həmtəşkilatçı olaraq Azərbaycana Avropa Komissiyası və bütün ölkələr, şirkətlər və beynəlxalq maliyyə institutlar tərəfindən dəstək verilmişdir.
Qeyd etdiyim kimi, toplantıda möhtərəm Prezidentimiz iştirak etmiş və orada çıxış etmişdir. Dəyəri 33 milyard dollar olan bu layihənin ildən ilə artan əhəmiyyətinə görə XXI əsrin ən böyük layihəsi hesab edilir. Bunun nəticəsidir ki, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı kimi nüfuzlu beynəlxalq təşkilatlar bu layihəyə lazımi dəstək vermişdir. Ümumiyyətlə ölkəmizdə əsası Ulu Öndərimiz tərəfindən qoyulmuş enerji siyasəti möhtərəm Prezidentimiz tərəfindən yüksək səviyyədə həyata keçirilir. Məhz möhtərəm Prezidentimizin böyük uzaqgörənlik və müdrikliyi, güclü diplomatiyasının nəticəsidir ki, onun rəhbərliyi və xeyir-duası ilə 2003-ci ildən bugünədək həyata keçirilən beynəlxalq səviyyəli neft-qaz layihələri nəinki geosiyasi və ekonomik baxımdan ən əhəmiyyətli layihədir, həm də ildən ilə əhəmiyyətini daha da artıran layihədir. Məlumdur ki, dünyanın geosiyasi mənzərəsi günbəgün dəyişir. Azərbaycanın yerləşdiyi coğrafiya tarix boyu dünyanın siyasi xəritəsində ən önəmli bölgələrdən biri kimi xarakterizə edilir.
Son üç yüz ildə isə yaşadığımız coğrafiya maraq dairələri fərqli olan bir sıra super dövlətlərin diqqət mərkəzində olan bölgəyə çevrilmişdir. Bu mənada Avrasiyanın ən önəmli hissəsi olan Azərbaycanda dünyanın güc mərkəzləri ilə balanslı siyasət aparmaq,möhkəm və davamlı əməkdaşlıq qurmaq o qədər də asan olmamışdır. Məhz xalqımızın Ümummilli Liderinin, eləcə də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin dühası və müdrikliyi dövlətimizə dünyanın ən nüfuzlu beynəlxalq təşkilatları ilə, eləcə də dünyanın güclü dövlətləri ilə ilişkilərdə etibarlı tərəfdaş adını qazandırmışdır.Son illərdə,xüsusən də son vaxtlarda Rusiya-Ukrayna arasında baş verən məlum olaylara görə Avrasiyada, xüsusən Avropanın enerji təchizatında çox ciddi böhran yaranmışdır. Ümumiyyətlə son 10-15 ildə dünyada yaranmış müxtəlif böhranlar zamanı iqtisadi, siyasi, eləcə də enerji təchizatı baxımından bölgənin, xüsusən Avropanın düşmüş olduğu böhranının çözümündə ölkəmiz əvəzsiz töhfələr vermişdir.
Məhz son vaxtlar baş verən məlum problemlərin həllində dövlətimizin, daha doğrusu Dövlət Başçımızın həyata keçirdiyi uzaqgörən siyasətin nə qədər mühüm və həlledici olduğu bir daha sübut olundu. Bu mənada Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin VIII toplantısında səsləndirilən fikirlər dəhlizin istismara verilməsindən ötən bir il ərzində qət edilən məsafə və əldə olunan nəticələrin bu layihəyə marağın daha da artmasına səbəb olduğunu bir daha gündəmə gətirdi. Nəzərə alsaq ki, Avropada təbii qaza tələbin sürətlə artması, eləcə də sürətlə bahalaşması qlobal siyasi gündəmin əsas çağırışlarından birinə çevrilmişdir. Cənub Qaz Dəhlizini cazibədar edən çoxsaylı səbəblərdən biri isə unikal alternativ enerji kəməri kimi təhlükəsiz və sabit olması, hər cür siyasi spekulyasiyalardan uzaq tutulmasıdır. Bu isə mənbə və ixracatçı ölkə olan Azərbaycanın həyata keçirdiyi strateji enerji siyasəti ilə bağlıdır. Üstəlik, Azərbaycanda yeni qaz mənbələrinin kəşf edilməsi və təsdiq edilmiş qaz yataqlarının nəhəng ehtiyatları hazırda Avropada ölkəmizin etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirir. Avropa Azərbaycanı özünün enerji təhlükəsizliyini təmin edən ən etibarlı və əsas strateji tərəfdaşlardan biri kimi görür. Ümumiyyətlə, həm 44 günlük Vətən müharibəsində, həm də postmüharibədən sonrakı dövründə bölgəmizdə yaranmış yeni reallıqlar fonunda Azərbaycanın bir daha sabit və etibarlı tərəfdaş kimi bütün beynəlxalq öhdəliklərə sadiqliyini bir daha sübut etdi. Bütün bunlar ölkəmizin, xalqımızın əvəzedilməz liderinin ən çətin geostrateji durumda belə enerji kommunikasiyalarını, təhlükəsizliyini yüksək səviyyədə təmin etmə bacarığını dünyaya nümayiş etdirdi.
Sözsüz ki, ölkəmizin əhəmiyyətli və etibarlı tərəfdaş olması Avropa İttifaqı, rəhbərliyi və onun yüksək təmsilçiyi tərəfindən etiraf olunur. Xüsusi qeyd etmək lazımdır ki, toplantıda iştirak edən möhtərəm Prezidentimiz cənab İlham Əliyev Avropa İttifaqı ilə qarşılıqlı etimada söykənən münasibətlərə toxunaraq enerji siyasətimizin arxasında heç bir siyasi gündəmin olmadığını qeyd etmişdi. O, ölkəmizdə həyata keçirilən enerji siyasətinin daima çox açıq, şəffaf, biznes və nəticələrə hesablandığını, əməkdaşlığa, qazan-qazan prinsipinə və qarşılıqlı dəstəyə hədəfləndiyini vurğulayıbdır. Bildiyimiz kimi, həm işğaldan azad olan ərazilərdə, həm də digər ərazilərdə hazırda ölkəmizdə daxili enerji tələbatını ödəmək üçün çox mühüm yaşıl enerji layihələri həyata keçirilməyə başlanılmışdır. Bu da nəticə etibarilə Avropa İttifaqı ölkələrinə daha çox qaz ixrac olunması üçün çox əlverişli şərait yaratmaqla ölkəmizin bu strateji məsələdə əhəmiyyətini və önəmini daha da artıracaqdır.
Bütün bunlar Azərbaycanın bundan sonra da Avropanın etibarlı enerji təminatçısı və strateji tərəfdaşı olacağını deməyə əsas verir.
Məlahət İbrahimqızı-Milli Məclisin deputatı