Newscenter.az.13.02.2022. Avropa İttifaqının və ABŞ-ın bir neçə aviaşirkəti Ukraynaya uçuşları ləğv edib.
“Report” xəbər verir ki, bunu Kiyev və Odessa hava limanlarının onlayn tablosunun məlumatları sübut edir.
Belə ki, Amerikanın “Delta Airlines” və Niderlandın “KLM” aviaşirkətləri Kiyevin Borispol hava limanına uçuşları ləğv edib.
Bundan əlavə, “Ryanair” şirkətinin Kiyevdən Poznana uçuşu həyata keçirilməyəcək, “LOT” Polşa Hava Yollarının Odessadan Varşavaya reysi ləğv edilib.
Qeyd edək ki, Böyük Britaniyanın ən böyük sığorta şirkətlərindən biri artıq bazar ertəsi gününün ortalarından etibarən Ukraynanın hava məkanında mülki təyyarələrin sığortasının dayandırılacağına dair aviaşirkətlərə bildirişlər göndərib. Qeyd olunub ki, icarəyə götürülmüş təyyarələrin sahibləri artıq öz təyyarələrinin Ukrayna hava məkanına daxil olmasını qadağan edirlər.
Niderlandın “KLM” aviaşirkəti şənbə günündən etibarən Ukraynaya uçuşları dayandırıb. Ukraynanın “SkyUP” aviaşirkəti bazar günü bildirib ki, onun Portuqaliyanın Funşal şəhərindən uçan təyyarəsi şənbə günü Kiyev əvəzinə Kişinyovda eniş etmək məcburiyyətində qalıb, çünki təyyarənin sahibi olan İrlandiya şirkəti Ukrayna hava məkanına girişi qadağan edib.