Newscenter.az.19.02.2022. 2016-cı il sentyabrın 26-da Prezident İlham Əliyevin təşəbbüsü əsasında Konstitusiya islahatları ilə bağlı keçirilən referendumunun nəticələrinə görə ölkədə Birinci vitse-prezidentlik institutu yaradılmışdır. Dövlət idarəçilik sistemində yeni təsisatın yaradılması Prezident İlham Əliyevin islahatlar kursunun təzahürüdür. Dövlət idarəçiliyində funksional vahid kimi Birinci vitse-prezidentlik institutunun yaradılması Azərbaycanın müasir demokratik simasının yeni və mütərəqqi əlamətidir. Ötən müddət ərzində əldə olunmuş müsbət nəticələri nəzərə alaraq, əminliklə qeyd oluna bilər ki, Birinci vitse-prezidentlik institutu idarəetmənin səmərəlilik və çevikliyini artırıb.
Birinci vitse-prezidentlik institutunun təsis olunması demokratik dəyişikliklərə hüquqi əsaslar yaradılmasını özündə ehtiva edən siyasi islahatların tərkib hissəsidir. Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması ölkənin müasir tarixinin mühüm hadisəsidir. Prezident İlham Əliyevin 2017-ci il 21 fevral tarixində imzaladığı Sərəncama əsasən Mehriban Arif qızı Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunub. Təhlükəsizlik Şurasının iclasında Birinci vitse-prezidenti təqdim edən Prezident İlham Əliyev deyib:
“Mehriban Əliyeva uzun illərdir ki, ölkəmizin ictimai-siyasi həyatında, mədəni həyatımızda mühüm və fəal rol oynayır”.
Mehriban xanım Əliyeva dövlət idarəetməsində çeviklik və effektivlik naminə bütün potensialın səfərbər olunmasını, habelə uğurlu beynəlxalq təcrübə nümunələrindən istifadəni təmin edir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkə əhalisinin bərabər, əlçatan və keyfiyyətli təhsillə təmin olunması istiqamətində reallaşan layihələr təhsildə demokratik prinsipin yaşadılmasını təmin edir. Azərbaycanın Birinci vitse-prezidenti ölkə əhalisinin sağlamlığının qorunması naminə daim müxtəlif təşəbbüslərlə çıxış edir və sosial baxımdan həssas əhali qruplarının problemlərinin həlli istiqamətində tədbirlər görür. Azərbaycan xalqının yaratdığı milli mədəniyyət və incəsənət nümunələrinin dünyada tanıdılması istiqamətində layihələri reallaşdırır.
Ölkədə idman hərəkatının davamlılığını təmin edir. Ekoloji problemlərin həllinə dəstək göstərir. İşğaldan azad olunan torpaqların bərpasında humanitar missiyanı həyata keçirir. Beynəlxalq münasibətlər sistemində Azərbaycanın dostu olan ölkələrin sayının artmasında Azərbaycanın Birinci vitse-prezidentinin misilsiz xidmətləri vardır. Mehriban xanım Əliyevanın xeyriyyəçilik tədbirləri bir çox ölkələri əhatə edir. Prezidenti olduğu Heydər Əliyev Fondu uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və təbliğidir.
Mehriban xanım Əliyevanın qlobal təşəbbüsləri sayəsində mədəniyyətlərarası dialoq Azərbaycanın beynəlxalq brendinə çevrilmişdir. Bilavasitə Azərbaycanın Birinci vitse-prezidentinin təşkilatçılığı ilə ölkəmizdə keçirilmiş beynəlxalq tədbirlər nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsində mədəniyyətlərarası dialoq ünvanlarından biri sayılır. Mehriban xanım Əliyevanın Azərbaycanın xarici siyasətindəki vacib missiyası ölkələrarası dostluq münasibətlərinin qurulmasıdır.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Fransa, İtaliya, Rusiya, Türkiyə, Ukrayna və başqa ölkələrin Birinci xanımları və ya dövlət idarəetməsində yüksək vəzifə tutan xanımları ilə keçirdiyi çoxsaylı görüşlər, əməkdaşlıq etdiyi müxtəlif platformalar xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın milli sərvəti olan muğam sənətinin beynəlxalq arenaya çıxarılması məhz Mehriban xanım Əliyevanın təşəbbüsünün nəticəsidir. Azərbaycanın maddi və qeyri-maddi irsinin, Azərbaycan xalqının yaratmış olduğu ənənə və dəyərlərin dünyada tanıdılması üçün yüzlərlə təqdimatlar, sərgilər və tədbirlər keçirmişdir. Fransada, İtaliyada, Rusiyada və başqa ölkələrdə keçirilən çoxsaylı tədbirlər nəticəsində dünya ictimaiyyəti ölkəmizi daha yaxından tanımağa və öyrənməyə başlamışdır. Mirzə Kazımbəyin 200 illik, akademik Yusif Məmmədəliyevin, xalçaçı-rəssam Lətif Kərimovun, akademik Musa Əliyevin, yazıçı Mir Cəlal Paşayevin, rəssam Səttar Bəhlulzadənin və dramaturq İlyas Əfəndiyevin 100 illik, Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik, həmçinin Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasının 100 illik, “Leyli və Məcnun” operasının ilk tamaşasının 100 illik, “Kitabi-Dədə Qorqud” eposunun alman dilinə tərcüməsinin və nəşrinin 200 illik yubileyləri UNESCO səviyyəsində qeyd edilmişdir. Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, Partiyanın Sədri cənab İlham Əliyevin sərəncamı ilə 2021-ci il 5 mart tarixində Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini təyin edilib. Sözügedən təyinat yüksək etimadın, Ulu Öndər Heydər Əliyevin siyasi irsinə sadiqliyin və Azərbaycanın dövlət siyasətində qadına göstərilən xüsusi diqqətin təcəssümüdür.
Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadının fəal ictimai-siyasi vətəndaş və peşəkar dövlət xadimi obrazı formalaşmışdır. Mehriban xanım Əliyeva Azərbaycanın ən ali dövlət mükafatlarına – “Heydər Əliyev” ordeninə və Heydər Əliyev Mükafatına layiq görülmüşdür. Xarici ölkələrin ali dövlət mükafatları sırasında xüsusi olaraq qeyd etmək olar: Fransanın “Şərəf Legionu”, Rusiyanın “Dostluq” və “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə”, İtaliyanın “Xidmətlərə görə” Böyük Xaç Kavaleri, Vatikanın IX Piy Ordeninin Böyük Xaçı, Polşanın “Xidmətlərə görə” Böyük Komandor Xaçı, Pakistanın “Hilal-e Pakistan”, Serbiyanın “Sreten”, Macarıstanın “Xidmətlərə görə” Komandor Xaçı, Rus Pravoslav Kilsəsinin II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordenləri, UNESCO-nun “Qızıl Motsart” medalı, BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Qızıl medalı, Krans Montana Forumunun Qızıl medalı və “Prix de la Fondation” mükafatı, Avropa Olimpiya Komitələrinin Ali Ordeni, Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin “Xüsusi xidmətlərə görə” medalı, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qızıl medalı, Küveyt Dövlətinin Fəxri diplomu, Ümumdünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin mükafatı, “Qızıl ürək” beynəlxalq mükafatı, Beynəlxalq Olimpiya Akademiyasının “Olympic Excellence” xüsusi fəxri mükafatı, Türk-Alman Dostluq Federasiyasının fəxri mükafatı. Mehriban xanım Əliyeva, eyni zamanda, Rusiya Federasiyasının İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru, Bolqarıstanın Müqəddəs Kiril və Mefodi adına Veliko Tırnovo Universitetinin fəxri doktoru seçilmişdir.
Birinci vitse-prezident kimi Mehriban xanım Əliyeva qısa müddətdə özünün peşəkarlığı, zəngin təcrübəsi, böyük humanizmi və hadisələrə genişmiqyaslı baxışı ilə Azərbaycan tarixində qadın hərəkatının yeni bir səhifəsini açmış, idarəetmədə qadınların rolunun artmasına səbəb olmuşdur. Mehriban xanım Əliyeva ölkəmizdəki qadın hərəkatı tarixində ilk şəxsiyyətdir ki, maarifçilikdən səhiyyəyə, idmandan mədəniyyətimizin təbliğinə, xeyriyyəçilikdən ətraf mühitin qorunmasına qədər geniş bir fəaliyyət məkanını əhatə edir.