Newscenter.az.1.03.2022. Pandemiyanın başladığı dövrdən Qoşulmama Hərəkatı multilateralizm, əməkdaşlıq və həmrəylik ruhunda geniş beynəlxalq ictimaiyyətin səylərini fəal şəkildə səfərbər edərək, pandemiya ilə mübarizə və onun mənfi nəticələrinin aradan qaldırılması baxımından bir sıra uğurlu təşəbbüslər irəli sürmüşdür. 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş Xüsusi Sessiyasının keçirilməsi, habelə ötən ilin mart və dekabr aylarında İnsan Hüquqları Şurası və Baş Assambleya tərəfindən qəbul edilmiş “COVID-19 pandemiyası ilə mübarizədə bütün ölkələr üçün peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi”nə dair qətnamələr Qoşulmama Hərəkatına üzv dövlətlər adından irəli sürülmüşdür.
Təbii ki, peyvəndlərin ədalətsiz bölgüsü də mövcuddur. COVID-19 pandemiyası kimi qlobal fövqəladə vəziyyət qlobal yanaşma tələb edir, lakin az və orta gəlirli ölkələrdə peyvəndlərin tədarükünün aşağı səviyyədə olması bu baxımdan hələ də çox işlərin görülməli olduğunu göstərir. COVID-19 peyvəndlərinin bölgüsü baxımından inkişaf etməkdə olan ölkələrlə inkişaf etmiş ölkələr arasında qeyri-bərabərlik beynəlxalq ictimaiyyətin qısa zamanda pandemiyanın tamamilə aradan qaldırılmasına nail olmasının qarşısını alır.
Bundan əlavə, Azərbaycan BMT sülhməramlılarının mürəkkəb vəziyyətlə üzləşdiyini nəzərə alaraq, BMT-nin sülhməramlı əməliyyatlarına COVID-19 əleyhinə peyvənd ianə edən ölkələrin səylərini alqışlayır. COVID-19 ilə effektiv mübarizəni şərtləndirən bir çox önəmli məsələlər var. Bütün ölkələrin, beynəlxalq təşkilatların və aidiyyəti tərəfdaşların milli və regional hüquqi çərçivəyə uyğun olaraq peyvənd istehsalı, paylanılması və ədalətli qiymət qoyulması məsələlərində şəffaflıqla bağlı öhdəlik götürmələri vacibdir. COVID-19 əleyhinə peyvəndlərin məqbul qiymətə, vaxtında, bərabər və universal əlçatanlığına mane ola biləcək möhtəkirliyin, lazımsız ixrac nəzarətinin və lüzumsuz artıq tədarükün qarşısının alınması ilə bağlı ölkələr tərəfindən təcili addımların atılması eyni dərəcədə əhəmiyyətlidir. Qoşulmama Hərəkatı pandemiyanın tezliklə aradan qaldırılması və effektiv bərpa prosesinə imkan yaradacaq beynəlxalq həmrəyliyin gücləndirilməsi üçün fəal şəkildə səylərini davam etdirməyə hazırdır. Bu mənada Qoşulmama Hərəkatı post-COVID-19 dövrünün bərpa ehtiyacları ilə bağlı nəticəyönümlü təşəbbüslərlə çıxış edəcək. Azərbaycan COVID-19 pandemiyasının nəzarətdə saxlanılması üçün təsirli və adekvat tədbirlərin həyata keçirilməsini davam etdirir.
Bu günədək ölkədə yetkin əhalinin 68 faizinə peyvəndin hər iki dozası vurulub. COVID-dən əziyyət çəkmiş əhali və sahibkarlıq subyektlərinin dəstəklənməsi üçün bu ilin dövlət büdcəsindən 1.6 milyard ABŞ dolları məbləğində maliyyə yardımı ayrılıb. Azərbaycan pandemiya, “peyvənd millətçiliyi” və peyvəndlərdən istifadə ilə bağlı inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında qeyri-bərabərliyə qarşı beynəlxalq həmrəyliyin gücləndirilməsi istiqamətində vacib qlobal təşəbbüslərlə çıxış edib. BMT Baş Assambleyasının Xüsusi Sessiyası, peyvəndlərdən bərabər və universal istifadənin təmin edilməsinə dair qətnamələr bunun bariz nümunəsidir. Bu gün də Azərbaycanın qlobal humanitar missiyası davam etməkdədir. Həmrəylik əlaməti olaraq, koronavirusla mübarizəni dəstəkləmək məqsədilə Azərbaycan birbaşa və ya Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə 80-ə qədər ölkəyə maliyyə və humanitar yardımı etmişdir. Bununla yanaşı, 5 ölkəyə peyvənd ianəsi edilib və bu iş davam etdiriləcək. Hazırda Qoşulmama Hərəkatına üzv olan 14 ölkəyə təqribən bir milyon doza peyvəndin ianə edilməsi prosesi davam edir.
Varis Rüstəmov,
YAP Sabirabad rayon təşkilatının sədri