Newscenter.az.11.03.2022. 24 fevral 2022-ci ildə Rusiyanın Ukraynaya qarşı başlatdığı işğalçı müharibədən bəri ilk dəfə idi ki, 10 mart 2022-ci ildə Türkiyə XİN başçısı cənab Mövlud Çavuşoğlunun təşəbbüsü və iştirakı ilə Rusiya XİN başçısı Sergey Lavrov və Ukrayna XİN başçısı Dimitri Kuleba arasında görüş baş tutdu. Əlbəttə hadisələrin gedişatına və tərəflərin əvvəlcədən verdiyi açıqlamalara baxaraq bu görüşdə hansısa ciddi nəticənin əldə edilməsinə ümid edilmədiyi görüşdən əvvəl də bildirilmişdir. Görüşdən sonra Ukrayna XİN başçısı Dimitri Kulebanın verdiyi müsahibədə hansısa ciddi irəliləyişin əldə edilmədiyini, amma bundan sonra da danışıqların davam etdirilməsinin vacibliyinə toxunması artıq ciddi nəticənin olmadığını təsdiq etmiş oldu.
Daha sonra həm Rusiya XİN başçısı Sergey Lavrov təqribən yarım saata qədər müddət ərzində jurnalistlərin suallarını cavablandırdı. Lavrovun da açıqlamasından məlum oldu ki, ciddi bir irəliləyi olmadı. Hətta uzunmüddətli atəşkəsin əldə edilməsi, humanitar dəhlizin açılması insanları döyüş bölgələrindən təxliyə edilməsi kimi məsələlərdə belə razılaşma tam şəkildə əldə edilmədiyi görünməkdədir.
Eyni zamanda, Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu baş tutmuş görüşlə bağlı açıqlama verərək bildirmişdir ki, burada tam ciddi nəticə alınması inandırıcı deyildi. Bu ilk belə təmasdır və möcüzə gözləmək lazım deyil. Ümumilikdə isə bu görüşün baş tutması qarşıdakı dönəmlərdə əldə ediləcək ciddi nəticələrə kömək ola bilər. Həmçinin nazirlərin fikirlərində belə anlaşılır ki, yəqin ki, növbəti görüşlər zamanı prezidentlərin görüşünün təşkili məsələsi gündəmə gələ bilər.
Bu görüşlər ərəfəsində Azərbaycan prezidenti cənab İlham Əliyevin Türkiyəyə səfəri və Ankarada Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğanla ikili formada baş tutan görüşü diqqətləri çəkən önəmli məsələlərdəndir. Bu görüşlə bağlı verilən bəzi məlumatlara görə tərəflər arasında həm ikitərəfli münasibətlər, enerji məsələləri, Şuşa Bəyannaməsi ilə bağlı məsələlər, Türkiyə-Ermənistan münasibətləri ilə bağlı son vəziyyət, regional və qlobal məsələlər müzakirə edilib.
Dünənin digər önəmli məsələsi bu üçlü görüşdən sonra ABŞ prezident Co Baydenin Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğana zəng etməsi oldu. Verilən məlumatlara əsasən tərəflər arasında telefon danışığı daha çox Rusiya-Ukrayna müharibəsində Türkiyənin sərgilədiyi mövqe, Türkiyənin təşəbbüsü və iştirakı ilə Rusiya və Ukrayna XİN başçıları arasında baş tutan görüş, həmçinin regiona və qlobal məsələlərə həsr edilib.
Həm Rusiya və Ukrayna XİN başçılarının görüşü, həm Azərbaycan prezidenti cənab İlham Əliyevin Türkiyəyə səfəri və Ankarada Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğanla görüşməsi və ikili müzakirələr aparması, həm də ABŞ prezidentinin Türkiyəyə zəngi və 1 saata qədər davam edən telefon danışığı bəzi məsələlərin yenidən aktuallaşmasından xəbər verir.
Öncə ona diqqət çəkək ki, Rusiya-Ukrayna gərginliyi ilə bağlı olaraq nə müharibəyə qədər, nə də müharibə dövründə ABŞ-dan belə yüksək səviyyəli telefon danışığı gəlməmişdir və bu zəng tərəflər arasında bir il oldu. Eyni zamanda Bayden Türkiyə tərəfinin Rusiya və Ukrayna XİN başçılarını bir araya gətirməsini alqışlayırsa, deməli burada ABŞ-ın da maraqlarının təmin olunması istiqamətində hansısa siqnallar mövcuddur.
Burada önəmli olan digər məsələ Azərbaycan prezidenti cənab İlham Əliyevin məhz belə bir dönəmdə səfər etməsidir. Nəzərə alsaq ki, məhz indiki həssas məqamda Türkiyə prezidenti ilə Azərbaycan prezidenti arasında baş tutan görüşdə Şuşa Bəyannaməsi müzakirə edilib, deməli burada artıq qarşıdakı dövrdə regionda, xüsusilə də Cənubi Qafqazda yeni hərəkətliliyin olacağına bir işarə kimi qəbul edilə bilər.
Samir Hümbətov-Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri