Newscenter.az.15.03.2022. Novruz bayramına tarixi inkişaf boyunca baxdığımız zaman onun qədim mədəni köklərə və mənəvi qaynaqlara bağlı olduğunu görürük. Keçmişdə olduğu kimi bu gün də Azərbaycanda, Türkiyədə və Orta Asiya türk dövlətlərində Novruz mart ayında bahar bayramı kimi qeyd olunmaqdadır.
Azərbaycan xalqının bağlandığı və geniş şəkildə qeyd etdiyi Novruz bayramın da süfrələrə cürbəcür xörəklər, meyvələr, şirniyyatlar düzülür. Süfrənin bəzəyi isə səməni olur. Təbii ki, bu hal da süfrədən gül-çiçək, su, güzgü, qızıl əşyaları da əskik olmur. Süfrəyə aş gətirildikdə isə ailə üzvlərinin hər birinin adına şamlar yandırılır. Adət-ənənəyə uyğun olaraq bayram günü hər kəs öz evində olmalıdır. Qəmi-kədəri unudub, şən əhval-ruhiyyədə və bir-birinə xoş sözlər deməlidirlər.
Novruz bayramı bəzən insanın yaranışı ilə də əlaqələndirilir. Yəni insanın dörd ünsürdən - su, od, torpaq və küləkdən yarandığı qeyd olunduğu kimi, Novruz bayramında da dörd çərşənbə mövcuddur. Hər çərşənbə bir ünsürlə əlaqələndirilir. İlk çərşənbə Su - yəni Bahara doğru çayların buz bağlayan hissəsi əriyib çaylara tökülür, torpaq yavaş-yavaş islanmağa başlayır. İkinci, çərşənbə Od çərşənbəsi adlanır. Bu anlama görə Bahara doğru Günəş yavaş-yavaş torpağı qızdırır, isindirir, onu yaratmaq üçün hazırlayır. Od çərşənbəsində tonqallar qalayırlar. Üçüncüsü, Yel çərşənbəsidir. Yəni yel artıq azacıq oyanmış torpağı, təzəcə çıxmış yaza həsrət gülləri tərpədir, tumurcuqlanan ağacları yellədir. Dördüncü çərşənbə isə Torpaq çərşənbəsi adlanır.
Torpağı ana təbiət - Allahımız su ilə islatdı, Günəşlə isitdi, onu yaratmağa hazırladı. Ona görə də ilk yaz əkinini xışla, kotanla məhz torpaq çərşənbəsi günündə başlayırlar. Çərşənbələr arasında ən vacibi İlaxır çərşənbə hesab olunur. Həmin gün qədim ənənələrlə zəngin olur. Bütün həyat tərzini əhatə edən, təzəcə ilə xoş arzular, ailə səadəti, xoşbəxtlik və bütün bədbəxtlikdən uzaq olmaq arzulanır. Su və odla bağlı çərşənbələrdə də maraqlı ənənələr mövcuddur. Azərbaycan odla bağlı ölkə olaraq bu zəngin ənənəyə malik olması heç də təsadüf sayıla bilməz. Od saflaşma və təmizləmə deməkdir. Su ilə əlaqədar olan ənənələr Azərbaycanda təzə illə bağlıdır. Təzə ildə axar suyun üzərindən tullanmaqla ötən ilin günahlarını yumuş olurlar. Bundan başqa bütün ailə üzvləri ötən ilin axırıncı gecəsi yatmazdan əvvəl bir-birinin üstünə su çiləyirlər. Deyilənə görə, axırıncı çərşənbə gecəsi bütün axar sular dayanır. Hətta ağaclar da yerə əyilir. Əgər təzə il axşamı hər kəs bu sudan içdisə onlar təzə ildə bütün xəstəliklərdən uzaq olurlar. Novruzun ən yüksək zirvəsi köhnə ilin öz səlahiyyətlərini təzə ilə verəndə olur.
İbrahim Kərimov,
YAP Sabirabad rayon təşkilatının məsul əməkdaşı