Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezidentin Tərtər səfəri: Ermənilərin muxtariyyət tələbləri puç oldu



Newscenter.az.21.03.2022. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz bayramı ilə əlaqədar Tərtər rayonunun Suqovuşan qəsəbəsinə səfər edib. Səfər çərçivəsində rayonun işğaldan azad edilən yerlərində mühüm açılışlar edən ölkə başçısı bayram tonqalı alovlandırıb. Dövlət başçısı daha sonra Azərbaycan xalqını təbrik edib.

Prezidentin ailə üzvləri ilə birlikdə bayram və özəl günlərdə işğaldan azad edilən torpaqlara səfər etməsi artıq bir ənənə halını alıb. Bu səfərlər əsnasında prezidentin verdiyi mesajlar diqqət çəkir. Hesab edirəm ölkə başçısının Tərtərə səfəri və bayram təbriki əsnasında qeyd etdiyi bir sıra məqamlar olduqca vacibdir.

Prezidentin bayram təbrikindəki mesajlar

Prezident İlham Əliyev Tərtər rayonunun Suqovuşan qəsəbəsində Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib. Təbrik zamanı prezidentin Ermənistana ünvanladığı bir sıra mesajlar diqqət çəkib.

Ölkə başçısı qeyd edib ki, “Biz Qarabağa və Şərqi Zəngəzura əbədi qayıtmışıq və burada, tarixi torpaqlarımızda bundan sonra əbədi yaşayacağıq”. Hesab edirəm prezidentin bu sözləri faktiki olaraq Ermənistan və Azərbaycanın Qarabağa baxış bucağındakı kəskin fərqi büruzə verir. Məsələ ondadır ki, Azərbaycan regionda sülhün təmin edilməsinə yönələn addımlar atsa da Ermənistan vaxtaşırı təxribatlar törədilir. Başda Zəngəzur dəhlizinin açılması olmaqla, üzərinə götürdüyü öhdəliklərdən yayınmağa çalışır. Təsadüfü deyil ki, 44 günlük müharibədən lazımi dərs çıxarmayan Ermənistan bu gün işğaldan azad edilən Qarabağa da haqq iddia edir.

Azərbaycanın Şuşa şəhərində keçirilmiş konfransda BMT nümayəndəsinin iştirakı ilə bağlı Ermənistan XİN-in etiraz bildirməsi də bunu sübut edir.
27 illik işğal prosesi zamanı ermənilər tarixi torpaqlarımızı sözün əsl mənasında istismar edib bu da azmış kimi, Cıdır düzündə kef məclisləri təşkil edərək yallı belə gedib. Əslində bu illər ərzində Ermənistanın heç bir quruculuq və məskunlaşdırma işi aparmamasının pərdəarxasında işğalçılıq və torpaqların ona məxsus olmadığı düşüncəsinin hakim olması dayanır. Yəni rəsmi İrəvan işğal etdiyi torpaqların gec-tez öz sahibi tərəfindən işğaldan azad ediləcəyini bildiyi üçün bu illər ərzində Qarabağda bir daşı daş üstə qoymayıb. Bu Ermənistanın tarixi torpağım dediyi Qarabağa yanaşmasıdır.

Prezident İlham Əliyev isə az qala Qarabağa hər səfəri zamanı yeni açılışlar edir, burada aparılan quruculuq işləri ilə tanış olur. Hesab edirəm prezidentin “Biz Qarabağa və Şərqi Zəngəzura əbədi qayıtmışıq və burada tarixi torpaqlarımızda bundan sonra əbədi yaşayacağıq” deyərək həm Ermənistanın bu və ya başqa ərazi iddialarının əsassız olduğunu, həm də Ermənistandan fərqli olaraq Azərbaycanın Qarabağı yenidən bərpa edərək burada əbədi yaşayacağı mesajını vermiş oldu.

Prezident çıxışı zamanı həm də onu qeyd edib ki, “Bütövlükdə həm Qarabağda, həm Şərqi Zəngəzurda quruculuq, abadlıq işləri planlı şəkildə aparılır”. Prezidentin bu ifadəsi əslində onun bir öncəki ifadəsini təsdiqləyir. Yəni Azərbaycan Ermənistandan fərqli olaraq yad torpaqında deyil, öz torpaqlarında quruculuq işləri və abadlıq işləri görərək böyük qayıdış siyasətini tezləşdirir. Vətəndaşların öz tarixi torpaqlarına qayıtması isə ölkə başçısının dediyi kimi, Qarabağa və Şərqi Zəngəzura əbədi qayıdışımızı təmin edəcək.

Suqovuşandan verilən DQMV mesajı

Prezident İlham Əliyev Suqovuşana səfəri çərçivəsində Qarabağ ətrafında başladılan münaqişənin tarixinə də toxunub. Misal üçün ölkə başçısı qeyd edib ki, “Suqovuşan qədim Azərbaycanın tarixi yeridir. Azərbaycan xalqı bu ərazilərdə əsrlər boyu yaşayıb. Ancaq 1923-cü ildə doğma Qarabağ diyarımızda qanunsuz və heç bir əsası olmadan Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdır”.

Təəssüf ki, Qarabağ ətrafında yaradılan münaqişənin tarixi bir əsr öncəyə qədər gedib çıxır. 1923-cü ildə Azərbaycan xalqının iradəsi olmadan Qarabağda Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdır. Onu da deyim ki, bu ərazidə belə bir vilayət yaratmaq üçün nə bir etnik əsas ardı, nə də mədəni. Məsələ ondadır ki, adətən bu tip addımlar tarixən bir ərazidə yaşayan etnik ünsür və onun mədəniyyətini qorumaq üçün atılır. Lakin ermənilər Qarabağa gəlmə yad etnosdur.

Əsrlər boyu türk yurdu olan Qarabağın erməniləşdirmə səyləri 19-cu əsrdən başlamış 20-ci əsrin sonuna qədər davam etmişdir. 1923-cü ildə atılan bu “addım” isə Qarabağın erməniləşdirilməsi istiqamətində atılan ən ciddi addımdır. Azərbaycan xalqının siyasi iradəsi nəzərə alınmadan atılan bu addım 44 günlük müharibə ilə məhv edildi.

Hesab edirəm prezidentin bu məsələni dilə gətirməsinin əsas səbəbi onun "Qarabağda heç bir muxtariyyətdən söhbət belə gedə bilməz" ifadələrini təsdiqləyir. Bu gün Ermənistan tərəfi hələ də ümid edir ki, Qarabağda erməni xalqına qarşı mədəni muxtariyyət veriləcək. Prezidentin bu ifadəsi isə ilk növbədə belə bir şeyin heç vaxt baş tutmayacağını göstərir.

Turan Rzayev-siyasi ekspert
Xəbəri paylaş