Ölkəmizdə 2018-ci il 11 aprel tarixində keçirilən prezident seçkilərində cənab İlham Əliyev seçicilərin 86,03%-nin səsini qazanaraq növbəti dəfə Azərbaycan Respublikasının Prezident seçilmişdir. Azərbaycan xalqı həmişə olduğu kimi, bu dəfə də doğru və müdrik seçim etmişdir. Səsini ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa sadiq qalaraq Azərbaycanı regionun liderinə və beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevirən dünya səviyyəli siyasətçi İlham Əliyevə vermişdir. Növbəti dəfə xalqdan etimad mandatı alan Prezident İlham Əliyevin rəhbərliyi altında son 4 ildə Azərbaycan öz inkişafının keyfiyyətcə yeni mərhələsinə daxil olmuşdur. Bu mərhələ bütün sahələri əhatə edən, genişmiqyaslı və davamlı islahatlar ilə xarakteizə olunur. Dövlətimizin başçısı tərəfindən “tərəqqi, təkamül və yeni şəraitə uyğunlaşma” kimi qiymətləndirilən dərinləşən islahatlar kursu sosial-itisadi, hüquq-məhkəımə, siyasi, struktur və kadr istiqamətlərini əhatə etməklə çoxşaxəli və dinamikdir. Bütün bunlar nəticə etibarilə ölkəmizin daxili siyasi uğurlarını şərtləndirir, səfərbər olunmuş cəmiyyət və vətəndaş həmrəyliyini möhkəmləndirir, siyasi sabitlik və təhlükəsizlik mühitinin dönməzliyini təmin edir. Nəticədə daxili siyasətin davamı və tamamlanmsı olan xarici siyasət istiqamətində də mövqelərimiz daha da möhkəmlənir.
Məsələyə bu prizmadan yanaşdıqda Prezident İlham Əliyevin bütövlükdə 19 il ərzində həyata keçirdiyi uğurlu daxili siyasət nəticə etibarilə Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsi mənafeyinə xidmət göstərmişdir. Təkcə daxili siyasətdə deyil, xarici siyasətdə də varislik prinsipi qorunub saxlanılmışdır. Başqa sözlə, Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin müəllifi olduğu coxvektorlu, müstəqil və milli maraqlara əsaslanan xarici siyasət kursunu sürətlə dəyişən dünyanın geosiyasi reallıqlarına adekvat olaraq cevik, innovativ və hücum taktikasına əsaslanmaqla davam etdirir. Milli dövlətçilik maraqlarının müdafiəsi həm ikitərəfli, həm də çoxtərəfli formatda həyata keçirilən bu siyasətin başlıca məzmununu təşkil edir. Həmin siyasətin uğurunu təmin edən çoxsaylı parametrlər sırasında birinci mövqedə dayanan amil Prezident İlham Əliyevin beynəlxalq siyasətin aktoru statusuna yüksəlməsi reallığı ilə bağlıdır. Bu statusuna tam adekvat olaraq İlham Əliyev həm daxili, həm də xarici siyasət kursunun həyata keçirilməsi prosesində dərin zəka, iti fəhm, analitik və innovativ düşüncə tərzi, sistemli analiz qabiliyyəti, prinsipiallıq və qətiyyət nümayiş etdirir. Hər dövlət başçısına nəsib olmayan bu unikal şəxsi keyfiyyətlərin daşıyıcı olan Prezient İlham Əliyev harada çıxış etməsindən və mövqe bildirməsindən asılı olmayaraq, şahmat dili ilə desək, həmişə ağ fiqurlarla oynayır və artıq start vəziyyətində qarşı tərəf və ya tərəflər üzərində ilkin üstünlüyünü təmin etmiş olur. Həmin “siyasi şahmat lövhəsi”ndə siyasət qrossmeysterinin-Prezident İlham Əliyevin rəqibinə “mat” elan etməsi labüddür. Bu zaman problemə sistemli və ardıcıl yanaşma tərzi, səlis və məntiqli ifadə üslubu, auditoriya ilə işləmək və onu ələ almaq qabiliyyəti, səs diapazonundan düzgün istifadə məharəti və nəhayət ecazkar cəzbetmə potensialı və bənzərsiz xarizması ilə dövlət başçısı ən qatı siyasi opponentlərini də “tərksilah” etməyə və onları “siyasi hipnoz” vəziyyətinə salmağa müyəssər ola bilir. Dəfələrlə bu həqiqətin şahidi olmuşuq. Həmin həqiqətlərdən bir neçəsi üzərində dayanaraq yuxarıda səsləndirdiyimiz fikir və mülahizələrimizi əsaslandıraq. Məlum həqiqətdir ki, 2009-cu ildə ABŞ başda olmaqla Qərb dövlətlərinin təzyiqi nəticəsində Türkiyə-Ermənistan sərhədlərinin açılması prosesi kritik mərhələyə daxil olmuşdu. Hətta iş o yerə gəlib çatmışdı ki, Qərb siyasi dairələri həmin il aprelin 6-7-də İstanbul şəhərində “Sivilizasiyalar alyansı” adlanan bir tədbir təşkil edib, orada ABŞ-ın yeni prezidenti Barak Obama və Dövlət katibi Hillari Klintonun Prezident İlham Əliyev ilə görüşünü keçirməyi hədəfləmişdilər. Məqsəd bu görüş çərçivəsində Azərbaycanın dövlət başçısının məlum məsələdə tutduğu güzəştsiz mövqeyinə təsir edib, onu istədikləri istiqamətdə dəyişməkdən ibarət idi. Azərbaycan Prezidenti İlham Əliyev dünyanın fövqəldövlətinin rəhbəri ilə görüşdən unikal diplomatik manevr hesabına faktiki olaraq imtina etdi. Bununla da hələ 23 yaşında ikən SSRİ Xarici İşlər Nazirliyinin məşhur Beynəlxalq Münasibətlər İnstitutunda diplomatiya ixtisasının incəliklərini tədris etməsinin təsadüfi olmadığını bir daha sübut etdi. Bununla da əslində bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan öz miqyası etibarilə böyük dövlət olmasa da belə, lakin sözünün mənası və çəkisi böyükdür. Qətiyəti və iradəsi böyükdür. Prezidenti və xalqı arasındakı birlik böyükdür. Son nəticədə, böyük dövlətlər arxasında xalqı dayanan Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsini nəzərə almaq məcburiyyətində qaldılar. Türkiyə-Ermənistan sərhədləri bugünə kimi bağlıdır. Onların açılması baglanmasına səbəb olan amillər tam aradan qaldırıldıqdan sonra mümkündür. Bu hər iki qardaş dövlətin rəhbərləri olan cənab İlham Əliyevin və cənab Rəcəb Tayyib Ərdoğanın zamanın sınağından şərəflə çıxmış ortaq mövqeyidir.
Prezident İlham Əliyevin bütün diplomatik addımları millli maraqlardan çıxış etməklə zərgər dəqiqliyi ilə hesablanmışdır və bir çox hallarda siyasi opponentlərin intellekti imkan vermir ki, onlara vaxtında düzgün adekvat reaksiya versinlər. Belə unikal və uzağagedən siyasi məqsəd daşıyan addımlardan birini Prezident İlham Əliyev 2011-ci ilin iyun ayında atdı. Azərbaycan Qoşulmamaq Hərəkatına üzv oldu. Bu xəbəri eşidən kimi radikal siyasi ünsürlər hay-həşir qaldırdılar ki, mövcud iqtidar Azərbaycanı Avroatlantik məkana inteqrasiya xəttindən uzaqlaşdırır. Bu az qala dövlətçiliyimizin itirilməsinə bərabərdir və s. Sonralar həmin ünsürlər öz aralarında etiraf etmək məcburiyyətində qalacaqlar ki, İlham Əliyevin bu siyasi gedişinin arxasında dayanan əsl mətləbi vaxtında dərk edə bilməyiblər. Mətələb isə ondan ibarət idi ki, mahir diplomat və dövlət xadimi olan İlham Əliyev Azərbaycanın dünyanın nəhəng universal beynəlxalq təşkilatı olan BMT TŞ-ya üzv olmasını əsas siyasi hədəf kimi müəyən etmişdi. Bu hədəf xarici siyasət fəaliyyətinin çeviklik əmsalının kəskin artımı hesabına reallaşa bilərdi. Bu halda tərkibində 193 dövlətin olduğu BMT-dən sonra sayca ikinci mövqedə dayanan Qoşulmamaq Hərəkatına (QH) (120 dövlət) üzvlük həmin məqsədin reallaşması üçün əlavə və geniş imkanlar pəncərəsi aça bilərdi. Elə belə də oldu. 2011-ci il oktyabrın 24-də BMT TŞ-ya keçirilən seçkilərdə QH üzvləri Azərbaycanın lehinə səs verdilər. Azərbaycan 155 səs ilə iki il müddətinə BMT TŞ-nın qeyri-daimi üzvü seçildi. Azərbaycan Respublikası müstəqilliyinin 20-ci ildönümündə tarixinin növbəti şanlı səhifəsini yazdı. Onun müəllifi boyük intellekt, iradə və qətiyyət sahibi olan Prezident İlham Əliyev idi.
Prezident İlham Əliyevin müəyyən etdiyi müstəqil xarici siyasət kursu dünyada bir-birinə qarşı duran qütblər tərəfindən də müsbət qiymətləndirilir. Azərbaycanın müxtəlif güc mərkəzlərindən bərabər məsafədə mövqe seçməsi, ikitərəfli münasibətlərdə bərabər hüquq, qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərinə sadiq qalması, eyni zamanda ikitərəfli əməkdaşlığın heç bir halda üçüncü tərəfi hədəfə almaması reallığı beynəlxalq aləmdə dövlətimizə və onun rəhbərinə olan loyal münasibətin formalaşmasını şərtləndirən əsas amillərdir. Bu baxımdan 2017-ci ilin fevral ayında Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Valeri Gerasimov ilə ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri, general Cozef Danfordun, həmin ilin sentyabr ayında general Valeri Gerasimov ilə NATO Hərbi Komitəsinin rəhbəri, general Peti Pavelin, 2018-ci ilin aprel və dekabr aylarıda general Gerasimov ilə NATO-nun Avropadakı Birləşmiş Hərbi Qüvvələrinin Baş komandanı Kertis Skaparatti , 2019-cu ilin iyul ayında Rusiyanın eyni ali hərbi rəhbərliyi ilə NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Tod Uolters arasında və nəhayət 2019-cu ilin noyabr ayında Rusiya Müdafiə nazirinin birinci müavini ordu generalı Valeri Gerasimov və NATO-nun Hərbi Komitəsinin sədri, Aviasiya Baş Marşalı ser Stüart Piç arasında görüşlərin Bakıda keçirilməsi təsadüfi sayılmamalıdır. Beləliklə, Bakı 6-cı dəfədir ki, Rusiya ilə Qərb arasındakı ali hərbi danışıqlara ev sahibliyi etmiş oldu. Heç şübhəsiz, bu seçim səbəbsiz deyildir. Əsas səbəb odur ki, Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil və qətiyyətli siyasət dünyanın əsas güc mərkəzləri tərəfindən ehtiramla qarşılanır.
Məhz iti fəhmi və diplomatik məharəti hesabına Prezident İlham Əliyevin son 19 il ərzində ölkəmizin və eləcə də Avropanın enerji təhlükəsizliyinin təminatı istiqamətində atdığı şoxkombinasiyalı siyasi gedişləri heyranlıq doğurur. Nəzərə alsaq ki, enerji təhlükəsizliyi dünyanın aparıcı dövlətlərinin milli təhlükəsizlik strategiyasının həlledici elementi statusunda çıxış edir. Bu baxımdan bir sıra nüfuzlu ekspertlərin “müasir dünyanın siyasi mənzərəsi daha hərbi bloklara mənsubiyyətlə yox, enerji ehtiyatlarına malik olub-olmamaq bölgüsü ilə müəyyən ediləcək”, – fikri təsadüfi sayılmamalıdır. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft diplomatiyasını uğurla davam etdirən cənab İlham Əliyev müxtəlif obyektiv və subyektiv çətinliklərin öhdəsindən gələrək 2006-cı ilə “Bakı-Tbilisi-Ceyhan, 2007-ci ildə “Bakı-Tbilisi-Ərzurum” kimi nəhəng neft və qaz marşrutlarının reallaşmasına nail oldu. Dövlət başçısının qeyd etdiyi kimi, “neft kəmərlərinin, xüsusilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi də tarixi hadisə idi. Təkcə ona görə yox ki, ilk dəfə olaraq Xəzər dənizinin nefti Aralıq dənizinin bazarlarına çıxarılırdı. Eyni zamanda, ona görə ki, bu kəmər yeni bir yol, yeni bir dəhliz açdı”. Söhbət ilk növbədə “Cənub” qaz dəhlizindən gedir. Onun yaradılması istiqamətində ilk addım olaraq 2011-ci ildə Avropa Komissiyası ilə Azərbaycan arasında Strateji əməkdaşlıq və enerji sahəsində Anlaşma Memorandumu, növbəti ildə isə TANAP-ın çəkilişinə dair Azərbaycan və Türkiyə arasında tarixi saziş imzalandı. Bu prosesdə ən əsas həlqəlardan biri sərmayə qoyuluşu ilə bağlı idi. 2013-cü ildə bu məsələ də öz müsbət həllini tapdı. “Şahdəniz-2” layihəsinə investisiya qoyuluşuna dair qərar qəbul edildi. 2014-cü ildə isə “Cənub” qaz dəhlizinin Bakıda təməlqoyma mərasimi keçirildi. 2015-ci ildə Qarsda TANAP-ın təməlqoyma mərasimi oldu. 2016-cı ildə anoloji addım TAP layihəsi ilə bağlı atıldı. Nəhayət, 2018-ci il mayın 29-da “Cənub” qaz dəhlizinin, iyunun 12-də isə TANAP-ın rəsmi açılış mərasimləri oldu. 2019-cu ilin 30 noyabr tarixində isə TANAP-ın Avropa ilə birləşən hissəsinin açılışı oldu. Cənub Qaz Dəhlizinin son hissəsi olan TAP kəməri üzrə işlər 2020-ci ilin 15 noyabr tarixində tamamlandı. Həmin ilin 31 dekabr tarixində Azərbaycan qazının birbaşa olaraq Avropa bazarına çıxışı tam təmin olundu.
Prezident İlham Əliyev “Cənub” qaz dəhlizi layihəsinin uğurunu təmin edən səbəblərdən bəhs edərkən xüsusi olaraq aşağıdakı amilləri ön plana çəkmişdir: “Birincisi, bu layihə enerji təhlükəsizliyi, enerji şaxələndirilməsi və azad rəqabəti özündə ehtiva edir. İkincisi, bu layihədə istehsalçı, istehlakçı və tranzit dövlətlər arasında balans yaratmağa nail olmuşuq. Yəni burada uduzan tərəf yoxdur. Üçüncüsü, siyasət və enerji bir-birindən ayrı olmalıdır. Enerji siyasi alət kimi istifadə edilməməlidir. Hesab edirəm ki, “Cənub” qaz dəhlizi sazişində göstərdiyimiz nümunə nümayiş etdirir ki, enerji ilə siyasət ayrılanda uğur əldə edilə bilər.”
2017-ci il sentyabrın 14-də beynəlxalq ictimaiyyət Azərbaycanın enerji təhlükəsizliyi sahəsində yeni və tarixi bir səhifə yazdığına şahidlik etdi. Həmin gün Azərbaycanın unikal enerji strategiyasının memarı olan Heydər Əliyevin adını daşıyan mərkəzdə “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni sazişin imzalanması ilə bu yataqların işlənilməsi 2050-ci ilə qədər uzadıldı.
Ölkəmizin uğurlarını gözü götürməyən, qarayaxma və iftiralarla dövlətimizin müsbət beynəlxalq imicinə kölgə salmaq istəyən ermənipərəst qüvvələr və onlarla əlbir olan bəzi siyasi dairələr iddialar irəli sürürdülər ki, Azərbaycanın nefti tükənmişdir və xarici neft şirkətləri tezliklə öz ölkələrinə qayıdacaqlar. Cənab Prezidentin çıxışında səslənən təkzibedilməz arqumentlər və yeni kontraktin imzalanması faktı əleyhdarlarımızın yuxusuna haram qatmış oldu.
Son 18 il ərzində Prezident İlham Əliyevin təşəbbüsü ilə regionda çox böyük nəqliyyat layihələri icra olunmaqdadır. Şərq-Qərb nəqliyyat marşrutu artıq reallaşıbdır. 2017-ci ilin oktyabrında Bakı-Tbilisi-Qars dəmir yolunun açılmasından sonra artıq bu marşrut fəaliyyətdədir. Hazırda Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması istiqamətində intensiv işlər görülməkdədir. Azərbaycan ərazisində bu dəhlizlə bağlı bütün işlər yerinə yetirilmişdir. Bu iki önəmli nəqliyyat dəhlizi yeni təşəbbüslərlə çıxış etmək üçün də imkanlar yaratmışdır. Artıq ölkəmizdən keçən Şimal-Qərb nəqliyyat dəhlizi və hələ ki, istismara verilməyən, lakin potensialı olan Cənub-Qərb nəqliyyat dəhlizi çox böyük layihələrdir. Xüsusilə 2019-cu ildə Azərbaycanın qlobal nəqliyat qovşağı kimi statusu daha da möhkəmlənmişdir. Çindən gələn ilk qatar Bakı-Tbilisi-Qars dəmir yolundan keçərək Avropaya çatmişdir. Milli iqtisadiyyata təkan verəcək, daşınma xərclərini azaldacaq dəmir yolu sistemi müasirləşdirilib və bu proses davam etməkdədir.
Təsadüfi deyildir ki, Davos Dünya İqtisadi Forumunun son qiymətləndirməsinə əsasən, Azərbaycan dəmir yollarının səmərələliyinə görə dünyada 11-ci, hava yollarının səmərəliliyinə görə 12-ci, dəniz limanları xidmətinin səmərəliliyinə görə isə 25-ci yerdədir. Heydər Əliyev Beynəlxalq Aeroportu dünyadakı beşulduzlu 10 hava limanından biridir. Azərbaycan yolların keyfiyyətinə görə dünyada 27-ci, MDB məkanında isə 1-ci yerdədir. Qeyd olunan mötəbər hesabata əsasən, Azərbaycan hökumətin uzunmüddətli strategiyası üzrə dünyada 10-cu yerdədir. Ölkə rəhbərliyinin islahatlara sadiqliyinə görə 5-ci yerdə qərarlaşmışdır. Əhalinin elektrik enerjisinə əlçatanlığına görə isə 2-ci yerdədir.
Onu da qeyd edək ki, müvafiq düzəlişlərdən sonra Dünya Bankının “Doing Business 2020” hesabatında Azərbaycanın əldə etdiyi bal 76,7 baldan 78,5 bala qədər artırılmışdır. Bununla da ölkəmizin qlobal reytinq sıralamasında mövqeyi 191 dövlət arasında 34-dən 28-ə yüksəlmişdir. Bu mövqe irəliləməsi nəticəsində Azərbaycan Dünya Bankı tərəfindən yenidən “dünyanın ən islahatçı 10 ölkəsindən biri” kimi qiymətləndirilmişdir. Xatırladaq ki, “Doing Business 2019” hesabatında da Azərbaycan “dünyanın ən islahatçı 10 ölkəsindən biri” olaraq dəyərləndirilmişdi.
Prezident İlham Əliyevin uzaqgörən müdrik siyasəti sayəsində Azərbayacan son 19 il ərzində təkcə dünyanın enerji və nəqliyyat xəritəsini yenidən tərtib etmir, eyni zamanda dünyada ümumbəşəri dəyərlərin qorunması və təbliğı istiqamətində fantastik nailiyyətlərə imza atır. Dünyada sivilizasiyalararası dialoq sahəsində ciddi problemlərin yaşanması, bu fonda konfliktlərin artması tendensiyasının müşayiət olunması, xüsusilə də islamafoboya kimi təhlükəli meyllərin bir sira dövlətlərin və digər subyektlərin siyasətində özünə geniş yer alması reallığında Azərbaycanın mədəniyyətlərarası dialoq məkanına çevrilməsi faktı da qlobal əhəmiyyət kəsb edən məsələdir. Bu məsələlərin həlli istiqamətində Azərbaycanın təcrübəsi digər ölkələr üçün örnək ola bilər.
“Multikulturalizm bizim adət-ənənəmizdir. Multikulturalizm-dövlət siyasəti və ictimai sifarişdir. Multikulturalizm bizim həyat tərzimizdir”,-deyən Prezident İlham Əliyevin təşəbbüsü ilə “Bakı prosesi”nin əsası qoyulmuşdur. Bu təşəbbüs BMT çərçivəsində yüksək dəyərləndirilmişdir.
Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan paytaxtı iki illik fasilə ilə iki müxtəlif mədəniyyətin daşıyıcılıarının böyük idman bayramlarına ev sahibliyi etmişdir. 2015-ci ildə tarixdə ilk dəfə olaraq I Avropa Oyunlarını keçirən Azərbaycan Respublikası, 2017-cildə IV İslam Həmrəylik oyunlarına ev sahibliyi etməklə mədəniyyətlər arasında unukal körpü rolunu oynamış və idman vasitəsilə sivilizasiyalararası barışıq və dialoqa böyük tohfə vermişdir. Eyni məntiqdən qaynaqlanaraq Prezident İlham Əliyev 2017-ci ili “İslam Həmrəylik İli” elan etmişdir. Cənab İlham Əliyevin islam həmrəyliyinə xidmət edən bu və digər təşəbbüsləri müsəlman dünyasında geniş rəğbət hissi ilə qarşılanmış və böyük siyasi rezonans doğurmuşdur.
2019-cu ilin 15 oktyabr tarixndə Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşünün keçirilməsi və quruma sədrliyin Azərbaycan həvalə edilməsi, 25-26 oktyabr tarixlərində Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə görüşünün keçirilməsi və Azərbaycana tərkibində BMT-yə üzv dövlətlərin 2/3-nin təmsil olunduğu bu nəhəng beynəlxalq quruma 3 il müddətinə sədrlik etmək hüququnun verilməsi, həmin ilin 14 noyabr tarixində Azərbaycan paytaxtının Dünya dini liderlərinin II Bakı Sammitinə ev sahibliyi etməsi, 2019-cu ili oktyabrı 25-də ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilərdə Bakı şəhərinin 2022-ci ildə baş tutatcaq Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququnu qazanması, həmin ildə Çin Xalq Respublikası ilə iqtisadi və siyasi münasibətlərini daha da inkişaf etdirərək Azərbaycanın “Bir Kəmər Bir yol” təşəbbüsündə “orta marşrut”un fəal və mühüm iştirakçısı kimi yerini möhkəmləndirməsi və digər mühüm tədbirlər, heç şübhəsiz, müəllifi Prezident İlham Əliyevin olduğu Azərbaycanın müstəqil və milli maraqlara söykənən fəal xarici siyasət kursunun böyük uğurları kimi qiymətləndirilməlidir.
Bundan savayı, Prezident İlham Əliyevin müəyyən etdiyi dinamik xarici siyasət kursunun tələblərinə uyğun olaraq Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının dərinləşdirilməsi istiqamətində sanballı addımlar atılmışdır. Avropa İttifaqı ilə münasibətlərin yeni mərhələyə keçidini təmin edəcək genişmiqyaslı ”Strateji tərəfdaşlıq” sazişinin hazırlanması prosesində Azərbaycan öz milli maraqlarından çıxış edir və danışıqlar prosesi sonuncu mərhələdədir.
Böyük fəxr hissi ilə onu da vurğulayaq ki. Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunda daha yüksək artımın təmin edilməsi, ixrac imkanlarının genişləndirilməsi, rəqabətqabiliyyətli istehsalın stimullaşdırılması, investisiyaların təşfiqi, sahibkarlara dövlət dsəsəyinin gücləndirilməsi və biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində aparılan genişmiqyaslı islahatlar kursu beynəlxalq aləmdə də olduqca yüksək qiymətləndirilir. Məsələyə bu xüsusda yanaşdıqda ABŞ-ın kifayət qədər müfuzlu “İrs” Fondunun 2020-ci ili mart ayında təqdim etdiyi dünyanın 180 ölkəsi üzrə “İqtisadi azadlıq indeksi”ndə Azərbaycan mövqeyini 16 pillə yaxşılaşdıraraq 44-cü yerə sahib olmuşdur. Azərbaycan dünyada “iqtisadi azadlıq” indeksini ən çox təkmilləşdirən 11 ölkə sırasındadır. Azərbaycan bu uğuru ilk növbədə biznes azadlığı, investisiya azadlığı və fiskal sağlamlıq göstəricilərinə görə əldə etdiyi nailiyətlərə görə qazanmışdır. Onu da xüsusi olaraq qeyd edək ki, Azərbaycan “iqtisadi azadlıq” indeksinə görə hətta Avropanın Polşa, Portuqaliya, İspaniya, Fransa və Belçika kimi ölkərini belə arxada qoyaraq,” köhnə qitə”nin 45 ölkəsi arasında 24-cü yerdə qərarlaşmışdır.
Ölkəmizin qazandığı bütün bu tarixi uğurlar fonunda 2019-ci ilin dekabr ayında Çin Xalq Respublikasının Uhan şəhərindən başlayaraq dünyanın bütün ölkərini əsarətə alan koronovirus pandemiyası dünya iqtisadiyyatında yeni və daha ağır böhran təhlükəsi yaratdığı kimi, Azərbaycana da təsirsiz qalmamışdır. Xüsusilə bu infeksiyanın məlum təsirləri fonunda dünya neft bazarında qiymətlərin 2 dəfədən artıq enməsi, heç şübhəsiz, ölkəmizin də sosial-iqtisadi həyatına, diplomatik və beynəlxalq iqtisadi əlaqələrinə mənfi təsir göstərməkdədir. Prezident İlham Əliyevin və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan dövlətinin koronavirus infeksiyasına qarşı mübarizədə həmrəylik, birlik və məsuliyyətimizi daha da möhkəmləndirməlkə bağlı çağırışları yalnız bir məqsədə xidmət edir. Bu məqsəd xalqımızı və dövlətimizi bu qorxulu infeksiyanın fəlakətli nəticələrindən hifz etmək və qorumaqdan ibarətdir. Elə bu niyyətlə də dövlətimizin rəhbəri koronovirus pandemiyasına qarşı mübarizədə preventiv, profıaktik, ardıcıl və sistemli addımların atılamsını təmin etməklə bu qorxulu xəstəliyin təsirlərinin minimuma endirilməsinə nail olmaq iüçün gecə-gündüz çalışır.
Prezident İlham Əliyevin COVİD-19 pandemiyasına qarşı 3 istiqamətdə (əhalinin həyatı və sağlamlığının qorunmsaı; əhalinin sosial müdafiəsinin təmin olunması; iqtisadi fəallığın inkişaf etdirilməsi) müəyyən etdiyi mübarizə strategiyası sayəsində Azərbaycan bu ümumi bəlanın doğurduğu itkiləri minimuma endirməyi bacaran dövlətlər siyahısındadır. Bu həqiqət Ümumdünya Səhiyyə Təşkılatının rəhbərliyi səviyyəsində bir neçə dəfə etiraf olunmuş və Azərbaycan bu baxımdan nümunəvi dövlətlər sırasında qeyd edilmişdir. Azərbaycanın pandemiyaya qarşı mübarizə tədbirləri bir çox dövlətlər tərəfindən model olaraq seçilmiş və təkrar olunmaqdadır. Xüsusilə də Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin 10 aprel tarixində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, həmin il mayın 4-də isə Qoşulmama Hərəkatının Təmas qrupu çərçivəsində COVİD-19 pandemiyasına qarşı milli, regional və qlobal səviyyədə mübarizəyə həsr olunmuş zirvə görüşlərinin (video formatda) təşkil edilməsi Azərbaycanın fors-major vəziyətlərdə də yüksək idarəçilik mədəniyyətinə malik olduğunu və ümumi bəla olan pandemiyaya qarşı mübarizəyə böyük töhfə verdiyini təsdiqləyir. Qoşulmama Hərəkatının qeyd edilən zirvə görüşündə Prezident İlham Əliyevin COVİD-19 pandemiyasına qarşı mübarizədə beynəlxalq səylərin birləşdirilməsi məqsədilə BMT Baş Məclisinin xüsusi sessiyasının keçirilməsi təşəbbüsü üzv dövlətlər tərəfindən yüksək qiymətləndirilmişdir. Nəticədə dekabrın 3-də Nyu-Yorkda BMT Baş Assambleyasının koronavirus xəstəliyi-COVID-19 ilə mübarizəyə həsr edilən xüsusi sessiyası keçirilmişdir. BMT Baş Məclisinin sayca 31-ci xüsusi sessiyasında həm milli səviyyədə, həm də Qoşulmama Hərəkatı adından çıxış edən Prezident İlham Əliyev Azərbaycanın pandemiyaya qarşı mübarizə prosesinə müxtəlif səviyyələrdə töhvə verdiyinə diqqət cəlb edərək onu da xüsusi olaraq vurğulamışdır ki, məlum təşəbbüsə qarşı çıxış edən yeganə dövlət yenə də destruktiv davranışı ilə özü-özünü artıq dünyada biabır etmiş Ermənistan olmuşdur. Bütün dünya COVİD-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünü rüsvay etmişdir.
Eyni zamnada Azərbaycan beynəlxalq müstəvidə “peyvənd millətçiliyi”nə qarşı prinsipial mövqe ortaya qoyur. Bu ilin müvafiq olaraq mart və noyabr aylarında Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları Şurası və BMT Baş Assambleyasında bütün ölkələr üçün peyvəndlərdən istifadə məqsədilə bərabər imkanların təmin olunmasına dair qətnamələr qəbul edilmişdir. Bundan əlavə, Azərbaycan koronavirusla mübarizəni dəstəkləmək məqsədilə 80-ə yaxın ölkəyə birbaşa və Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə maliyyə və humanitar yardımlar göstərmişdir.
Bu gün müzəffər Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı Ermənistanın işğalçı silahlı qüvvələrindən azad etmək kimi müqəddəs vəzifəni şərəflə yerinə yetirmişdir. Noyabr ayının 8-də qədim Azərbaycan şəhəri, Qarabağın incisi Şuşanın müasir hərb elminin ən nadir və unikal əməliyyatlarından birinin həyata keçirilməsi nəticəsində azad olunması düşmənin müqavimət potensialını heçə endirdi. Nəticədə noyabr ayının 10-da Prezidentlər İlham Əliyev, Vladimir Putin və baş nazir Nikol Paşiyanın imzaladığı üçtərəfli bəyanat regionda uzunmüddətli münaqişənin hərbi fazazasını başa çatdırdı və faktiki olaraq işğalçı Ermənistan dövlətinin kapitulyasiyası aktı oldu. Noyabr ayının 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabr ayının 1-də isə Laçın rayonu bir güllə belə atılmadan, bir nəfər şəhid belə vermədən işğaldan azad olundu.
8 Noyabr-Zəfər Günü xalqımızın qürur mənbəyinə çevrilmiş şanlı tarixdir. Həmin tarixin üç qəhrəmanı vardır: Müzəffər Ali baş Komandan, onun formalaşdırdığı yenilməz ordu və dəmir yumruğa çevrilmiş xalq. Bu reallıqda Prezident+Ordu+ Xalq sözləri sinonimləşmiş, tarixi Zəfərin simvollarına çevrilmişdir.
Bu tarixi zəfəri ilə Prezident İlham Əliyev öz adını müzəffər sərkərdə olaraq təkcə mənsub olduğu ölkənin deyil, əslində dünyanın hərb tarixinə əbədi olaraq həkk etdi. Bu tarixi qalibiyyətin nəticəsində ordumuzun yenilməzliyi, qüdrəti və vətənpərvərliyi sözdə deyil, qanlı döyüş meydanlarında sübuta yetirildi. Xalq olaraq qəddimiz düz, başımızı uca oldu. Qürurumuz özümüzə qaytarıldı. Alnımızdan xəcalət təri birdəfəlik silindi. Birəşdik. Bütövləşdik. Ən qatı əleyhdarlarımız belə bu həqiqəti etiraf etmək məcburiyyətində qaldılar.
Tarixi zəfər nəticəsində təkcə ərazi bütövlüyümüz və suverenliyimiz təmin olunmadı, həm də erməni faşizminə ölümcül zərbə endirildi. Eyni zamanda Ermənistanın və dünya ermənilərinin son 30 il ərzində sitayiş etdikləri Miatsum ideologiyası-İrəvan və Qarabağ ermənilərini vahid dövlət tərkibində görməyi hədəfləyən, bu prosesdə qonşu Gürcüstan ərazisinə də ilhaq zonası kimi yanaşan irticaçı ideya iflasa uğradı. Bu gün Ermənistan dövləti və erməni xalqı milli ideologiyadan məhrum olmuşdur. O, tarixin zibilliyinə atılmışdır. Eyni məkanda “Ermənistan-diaspora-artsax” ideoloji triadası da yer almışdır.
Artıq bir ildir ki, müzəffər Azərbaycan ordusu xilaskar Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı Ermənistanın işğalçı silahlı qüvvələrindən azad etmək kimi müqəddəs vəzifəni şərəflə yerinə yetirmişdir.
Təsadüfi deyildir ki, bəzi Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müdafiə Kollecinin (National War College) və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan ordusunun hərbi taktikası çox yüksək qiymətləndirilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər. O hərbi əməliyyatlar ki, düşmənin üzləşdiyi hərbi texnika və sursat baxımından itkiləri 4 milyard ABŞ dollarına bərabərdir. Dövlət büdcəsi cəmisi 350 milyon ABŞ dollarına malik olan təcavüzkar Ermənistanın belə iri həcmdə silah-sursat almaq imkanına malik olmaması bəlli həqiqətdir. Deməli, təcavüzkarın şirnikləndirilməsi siyasəti onda “arxayınçılıq sindromu” formalaşdırmış və cəzasız qalacağına inam yaratmışdır. Bu baxımdan beynəlxalq ictimaiyyətin də üzərinə məsuliyyət payı düşür. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan ordusu həmin “arxayınçılıq sindromu”nu və “cəzasızlıq rejimi”ni darmadağın etdi.
Azərbaycan 30 illik münaqişəni hərbi-siyasi yollarla həll etdi, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı. Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur. Prezidentin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarını yaradıldı.
Böyük fəxr və qürur hissi ilə onu da qeyd edək ki, müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev 2021-ci ilin 12 noyabr tarixində Türkdilli Ölkələrin Əməldaşlıq Şurasının (Türk Şurası) İstanbulda keçirilən VIII Zirvə Göruşündə Türk Dünyasının Ali Ordeni ilə təltif olundu. Bu təşəbbüsün müəllifi qardaş Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan olmuşdur və Ali mükafatı da özü təqdim etmişdir.
Türk Şurasının tam hüquqlu üzvü olan dörd dövlətin-Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan prezidentlərinin məlum seçimini şərtləndirən amilləri şərti olaraq üç qrupa bölmək olar.
Birincisi, Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edən tarixi zəfər;
İkincisi, bu tarixi zəfərə imza atmaqla türk birliyinin formalaşması prosesinə mühüm töhfə;
Üçüncüsü, tarixi qələbə nəticəsində bölgədə davamlı sülh və sabitliyin əldə olunamasına yolun açılması.
Həqiqətən də müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, yenilməz ordumuzun şücaəti, xalqın Prezidentinə olan birmənalı dəstəyi və onun ətrafında monolit birliyi sayəsində əldə olunan qələbə öz miqyası və əhəmiyyəti baxımından bölgəmizin sərhədlərini aşır,Türk dünyası kimi daha geniş coğrafi arealı əhətə edir. Cənab Rəcəb Tayyib Ərdoğanın Ali Ordenin təqdimat mərasimində səsləndirdiyi fikirlər bu baxımdan olduqca böyük məna kəsb edir :”Azərbaycanın ərazi bütövlüyünü yenidən təmin etməsi türk dünyasının birliyini və bərabərliyini genişləndirmişdir. Qarabağın azadlığının rəmzi olan “Xarıbülbül” türk dünyası üçün Zəfərin müjdəçisi olmuşdur.”
Xüsusi olaraq onu da qeyd edək ki, Prezident İlham Əliyevin ən yaxın məsləkdaşı, ölkəmizin Birinci vitse-prezidenti mərhəmətli Mehriban xanım Əliyeva 44 günlük Vətən müharibəsinin çətin və şərəfli günlərində torpaq uğrunda canını fəda etmiş şəhidlərlə bağlı rəsmi “İnstaqram” səhifəsində çoxsaylı paylaşımlar edərək, onların şücaətini əsl qəhrəmanlıq, rəşadət və qorxmazlıq nümunəsi kimi qiymətləndirmişdir. “Bu gün mən şəhidlərimizin ailələri ilə birlikdə kədərlənir, Vətən naminə canından keçməyə hazır olan oğullar tərbiyə etmiş valideynlərin qarşısında baş əyirəm. Şəhidlərimizin qanı nahaq yerə tökülmədi – biz tarixi ədaləti bərpa etdik, müqəddəs Qələbə qazandıq. Bu Qələbə xalqımızın tarixinə əbədi həkk olundu! Hər birimiz bu Zəfərin nəyin bahasına qazanıldığını yadda saxlamağa borcluyuq! Biz Vətən müharibəsi şəhidlərini heç vaxt unutmayacağıq,” –deyən ölkəmizin birinci xanımı Mehriban Əliyeva şəhidlərimizin əziz xatirəsinin hər zaman qəlbimizdə yaşayacağını vurğulamışdır.
Hörmətli Mehriban xanım Əliyeva Prezident İlham Əliyev ilə birlikdə işğaldan azad olunmuş müqəddəs torpaqlarımıza davamlı səfərlər edərək Ali Baş Komandanın erməni vəhşiliyi və barbarlığını ifşa edən fikirlərini çəkdiyi unikal videokadrlarla zənginləşdirmiş və tamamlamışdır. Bir çox hallarda bu kadrlar ilkin mənbə rolunu oynamaqla erməni faşizminin eybəcər simasını dünya ictimaiyyətinə tanıtmaq baxımından misilsiz əhəmiyyətə malikdir
Eyni zamanda onu da vurğulayaq ki, tarixi qələbənin əldə edilməsi ilə bölgədə davamlı sülh, sabitlik və təhlükəszilik mühitinin formalaşması üçün geniş imkanlar açılmışdır. Azərbaycan Prezidenti İlham Əliyev postmüharibə dövrünün problemlərini həll etmək üçün Ermənistanın siyasi rəhbərliyi ilə danışıqlar aparmağa hazır olduğunu bəyan etmişdir. Danışıqlarda ilk növbədə iki dövlət arasında sərhədlərin delimitasiya və demarkasiyasının müəyyən edilməsi, iqtisadi-nəqliyyat komunikasiyalarının bərpası, o cümlədən Zəngəzur dəhlizinin işə salınması, miinalanmış ərazilərin dəqiq xəritələrinin Azərbaycana təhvil verilməsi və ümumən tarix sülh müqaviləsinin imzalanması üçün münbit şəraitin yaradılması ətrafında məsələlərin müzakirə edilməsi mümkün variant olaraq nəzərdə tutulur. Taleyüklü razılaşmaların əldə edilməsi sülh müqaviləsinin imzalanması ilə nəticələnə bilər. Bu isə öz növbəsində bölgədə davamlı sülh, sabitlik və əməkdaşlıq mühitini formalaşdırar.
Təəssüf ki, qeyd edilən məsələlərin həlli istiqamətində Ermənistanın davranışı 2021-ci il ərzində sülhə bağlanan ümidlərı doğrultmamışdır. Azərbaycan xalqı 8 Noyabr Zəfər Gününün bir illiyini böyük atəşfəşanlıqla-qalibə uyğun səviyyədə keçirdiyi realıqda Ermənsitanda revanşizm mövqeyindən bəyanatlar səslənməkdə davam etmiş, təxribatçı addımlara əl atmışdır. Ermənistan tərəfi Azərbaycan Prezidenti İlham Əliyev və hökumət nümayəndələrinin Şuşa şəhərində keçirdiyi Zəfər Günü mərasimlərinə qarşı diversant-terrorçu hərəkətlərə yol vermişlər. Bu hərəkətlərin qarşısı hərbçilərimiz tərəfindən dərhal alınmış və cavab tədbirləri görülmüşdür. Kəlbəcər istiqamətində mövqelərimiz Ermənistan tərəfdən atəşə məruz qalmışdır. Ötən ilin noyabrın 13-də isə erməni terrorçusu Şuşa şəhəri yaxınlığında Azərbaycan hərbçilərinin postuna qumbara atmış və 3 hərbçimiz yaralanmışdır. Rusiyalı hərbçilərin postu da sözügedən ərazidə olmuşdur. Cinayətkar Azərbaycana yox, Ermənistana təhvil verilmişdir. Bu təxribatçı addım həm də Rusiya hərbçilərinə qarşı bir təhdid və çağırışdır. Rusiya tərəfi bu terror əməlinə görə icraçı və təşkilatçıların cəzalandırılması istiqamətində qəti və təxirəsalınmaz tədbirlər görməldir. Ermənistanda getdikcə artan anti Rusiya meyllər fonunda Rusiya siyasi-hərbi rəhbərliyinin Ermənistan siyasətində adekvat addımların atılmasının zamanı çoxdan çatmışdır. Həm də belə təxribatçı addımlar Qarabağda Azərbaycan hərbçiləri və Rusiya sülhməramlıları arasında etimadsızlıq mühitinin yaradılması mənafeyinə xidmət göstərir.
Mövcud reallıqlar fonunda Ermənistanda hərbi canilər Köçəryan və Sarkisyan “milli müqavimət hərəkatı” yaratdıqlarını bəyan ediblər. Hədəfləri Paşinyan hökumətini devirmək və Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarını yenidən gündəmə gətirməkdən ibarətdir. Bu yerdə məşhur bir Azərbaycan zərb-məsəlini xatırlamamaq mümkün deyil: “Ac toyuq yuxusunda darı görər”. Belə revanşist və xəstə düşüncənin daşıyıcıları papaqlarını qarşılarına qoyub (əgər papaqları varsa) düşünsünlər və müzəffər Ali Baş Komandan İlham Əliyevin Türk Şurasının İstanbul Zirvə Görüşündə səsləndirdiyi xəbərdarlığı yaddan çıxarmasınlar: “Ümid edirəm, öz işğalçılıq siyasətinə görə məğlub vəziyyətdə olan Ermənistan da gec-tez anlayacaq ki, heç bir ölkəyə ərazi iddiası onlara xeyir və şərəf gətirməyəcək. Ümid edirəm ki, yaxın gələcəkdə Ermənistanın həm Türkiyəyə, həm Azərbaycana ərazi iddialarına son qoyulacaq. Əks təqdirdə onlar daha da pis duruma düşə bilərlər”. Başqa sözlə, Tarixi Zəfərimizin simvolu olan Dəmir Yumruq yerindədir.
Prezident İlham Əliyevin Avropa İttifaqı¬nın Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində ötən ilin dekabr ayında Brüsselə səfəri və ora¬da keçirdiyi görüşlər, mətbuat konf¬ransında səsləndirdiyi fikirlər bu qənaətə gəlməyə əsas verir ki, Ermənistanın siyasi rəhbərliyi getdikcə postmüharibə dövrünün reallıqlarını daha düzgün qiymətləndirməyə başlayır. Ermənistan Azərbaycanın irəli sürdüyü şərtlərlə razılaşmaq məcburiyyətindədir. Bu səfər çərçivəsində dekabrın 14-də Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli, daha sonra isə Ermənistan siyasi lideri ilə ikitərəfli görüş keçirdi. Bu, postmüharibə dönəmində ikitərəfli formatda keçilirən ilk görüş idi. Bu təmaslar çərçivəsində müharibədən sonrakı dövrlə bağlı geniş müzakirələr aparıldı və həllini gözləyən iki mühüm məsələ ilə bağlı razılaşma əldə olundu: birincisi, Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası və demarkasiyası üçün eks¬pert qrupunun yaradılması ilə bağlı razılaşma. İkincisi isə Azərbaycanla Naxçıvanı birləşdirəcək kommunika¬siya dəhlizlərinin açılması. Bu baxımdan Brüssel görüşü əslində 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il razılaşmalarına sadiqliyi nümayiş etdirən mühüm addım kimi qiymətləndirilməlidir.
Brüssel Sammitinin yekun sənədi olaraq qəbul edilmiş Bəyanat da Azərbaycanın milli maraqlarına cavab verir. Burada ilk növbədə üzv dövlətlərin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq aləmdə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmət, onlar arasında nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafına dəstək ifadə olunmuşdur. Heç bir halda, status məsələsi və “Dağlıq Qarabağ” ifadəsi danışıqların predmeti olmamış və yekun sənədə bu haqda heç bir bənd salınmamışdır.
Çari ilin 6 aprel tarixində Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü və vasitəçiliyi yenidən Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirilmişdir. Təxminən 5 saata qədər davam edən görüş çərçivəsində mühüm razılaşmalar əldə edilmişdir. Bu razılaşmalar Azərbaycanın milli maraqlarına tam cavab verir və Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin mühüm diplomatik uğuru kimi qiymətləndirilə bilər. Fikrimizi əsalandırmağa çalışaq.
Birincisi, əldə edilən ortaq mövqeyə görə, hər iki ölkənin xarici işlər nazırləri sülh sazişinin layihəsini hazırlamaq istiqamətində əməli fəaliyyətə başlamaq tapşırığı almışlar. Sülh sazişinin layihəsinin tərtibində Azərbaycanın irəli sürdüyü 5 baza prinsipi əsas götürülmüşdür. Başqa sözlə, Nikol Paşinyan həmin baza prinsiplərindən irəli gələrək, yəni Azərbaycanın ərazi bütövlüyünü qəbul etmək, ölkəmizə qarşı ərazi iddialarından əl çəkmək, təhlükəsizliyə təhdid yaratmamaq, sərhədləri müəyyən etmək və nəqliyyat-komunikasiya əlaqələrini bərpa etmək (Zəngəzur dəhlizini işə salmaq) kimi məsələlərə loyal münasibət bildirdiyini dilinə gətirmiş, onların qəbuledilən olduğunu vurğulamışdır.
Qarşılıqlı razılaşmaya əsasən, aprelin ayının sonunadək Birgə Sərhəd Komissiyası yaradılmalı və ilk növbədə sərhədlərin delimitasiyası prosesinə başlanılmalıdır.
Avropa İttifaqı mina təmizlənməsi, girovların və itkinlərin geri qaytarılması məsələlərində də ekspert və maliyyə dəstəyi ayırmağa hazır olduğunu bəyan etmişdir.
Bir sözlə, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan diplomatiyası Moskvada və Soçidə olduğu kimi, Brüsseldə də artıq ikinci dəfədir ki, postmüharibə dövrünün həllini gözləyən məsələlərinin tənzimlənməsi isqtiqamətində milli maraqları ləyaqətlə müdafə etmiş, Brüssel sülh gündəliyini formalaşdırmağa nail olmuşdur.
Beləliklə, müharibəni udan Ali Baş Komandanın sülhü qazanacağı da sırf zaman məsələsidir. Bu, aksiomdur. İsbata ehtiyacı yoxdur.
Yaşasın Xilaskar Ali Baş Komandanımız! Yaşasın Müzəffər Ordumuz! Yaşasın Qalib Xalqımız!
Qarabağ bizimdir. Qarabağ Azərbaycandır!
Elman Nəsirov-Milli Məclisin deputatı