Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya və Qazaxstan başlarına nələrin gələcəyini bilmədiyi üçün öz ehtiyatlarını artırırlar

Rusiya və Qazaxstan başlarına nələrin gələcəyini bilmədiyi üçün öz ehtiyatlarını artırırlar


İki ölkə - Rusiya 80-84%, Qazaxstan 16-20% taxıl idxalımızda paya sahib idi. Rusiya məhdudiyyətlər qoyduqdan sonra, Qazaxstanın payı 54%-ə qaldırdıq, Rusiyanı 46%-ə endirdik. İndi Qazaxstan da məhdudiyyət tətbiq etdi.

Buna görə ardı-ardına müxtəlif medialardan bu məsələ ilə bağlı suallara ümumi cavab olaraq qeyd etmək istəyirəm ki, bu vəziyyəti qorxulu hal hesab etməyə və ajiotaj yaratmağa qəti gərək yoxdur.

Niyə?

Əvvəla ona görə ki, Azərbaycan ötən ilin eyni dövrülə müqayisədə taxıl ehtiyatını daha da artırıb. İkincisi isə dünya taxıl istehsal həcmləri Rusiya və Qazaxstandan ibarət deyil. Çin 135 mln tonla birinci, Hindistan 99 mln tonla ikincidir. Rusiya 3-cü, ardınca ABŞ, Kanada, Fransa və s. gəlir. Hətta 11-ci yerdə qardaş Türkiyə də var.

Rusiya və Qazaxstan öz başlarına hələ nələrin gələcəyini bilmədiyi üçün öz ehtiyatlarını artırırlar və buna görə məhdudiyyət tətbiq edirlər. Onların boşaltdığı bazarları tutmağa hazır olan ölkələr isə həmişə var. ABŞ, Fransa, Hindistan və s. Digərləri özləri təklif gözlədyi halda Hindistan artıq Rusiyanın boşaltdığı bazarları tutmaq üçün dünyanın 30-a yaxın ölkəsinə özü müraciət edib. Məlumatlara görə burada Azərbaycan da var.

Hindistan bu fürsətdən istifadə edərək, 99 mln tonluq istehsal həcmini 112 mln tona çatdıracağını bildirir.
Bir sözlə, taxıl satan həmişə var. Bəs narahat olmalı məqam heç mi yox?

Var!

Bu daşınma məsafəsinin uzaqlığıdır, loğistik xərclərin artmasıdır. Eləcə də tələbin artmasına görə ixracatçıların ixrac rüsumlarını artırma riskləridir. Bütün bunlar məhsulun maya dəyərinə oturduğu üçün qiymətlərin artması qaçılmazdır. Deməli, problem taxıl problemi deyil, pul problemidir. Həmişə satan olacaq, necə deyərlər "puluna minnət".

Amma artan qiymətlər, ələxsus da çörəyin qiymətinin artması sadə insanlar üçün ciddi sosial problemdir.
Bu problemi yaranmağa qoymamaq üçün hazırda ən real effekt verəcək addım subsidiya mexanizminin genişləndirilməsi ola bilər. Dövlət bununla artan qiymətləri qarşılaya bilər.

PS. Ən son statistikaya görə 52,7 milyard dollar valyuta (DNF və MB ) ehtiyatımızın olması isə bu gün ölkədə belə problemlərin həlli üçün ən pozitiv amillərdən biridir

Eldəniz Əmirov-iqtisadçı
Xəbəri paylaş