Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Son üç ildə 60 hakim məhkəmə sistemindən kənarlaşdırılıb

Son üç ildə 60 hakim məhkəmə sistemindən kənarlaşdırılıb


Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.

Şuradan Newscenter.az-a verilən məlumata görə, iclasda ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq ədalət mühakiməsinin səmərəliliyinin artırılması və məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi bağlı görülən tədbirlər müzakirə olunub.

Şuranın sədri, ədliyyə naziri Fikrət Məmmədov çıxış edərək ölkəmizin davamlı sosial-iqtisadi inkişafını və aparılan mütərəqqi islahatları, şanlı qələbəmiz nəticəsində azad edilmiş doğma torpaqlarımızın dövlət başçısının rəhbərliyi və respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəal iştirakı ilə misilsiz bərpa və quruculuq işləri aparılmaqla yenidən dirçəldiyini vurğulayıb, Şuşa şəhərinin mötəbər tədbirlərə, o cümlədən Dünya Azərbaycanlılarının V Qurultayına – Zəfər Qurultayına ev sahibliyi etdiyini qeyd edib.

İclasda Prezident İlham Əliyevin sədrliyi ilə bu günlərdə keçirilmiş cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədən irəli gələn məsələlər müzakirə olunub, ölkəmizdə sosial dövlətin yeni modelinin formalaşdırıldığı, insanların yüksək rifahının təmin olunmasının dövlət siyasətinin əsas məqsədi olduğu bildirilib. Dövlət başçısının qəti siyasi iradəsi ilə korrupsiyaya qarşı mübarizədə həyata keçirilən sistemli, kompleks və innovativ tədbirlərdən danışılıb, 04.04.2022-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın mühüm əhəmiyyəti qeyd olunub.

Məhkəmə fəaliyyətində şəffaflığın artırılması, elektron xidmətlərin tətbiqinin genişləndirilməsi, antikorrupsiya tədbirlərinin gücləndirilməsi üzrə tədbirlərə toxunularaq Milli Fəaliyyət Planından irəli gələn vəzifələr müəyyən edilib.

Bu mənada dövlət başçısının 2019-cu ilin aprelin 3-də imzaladığı məhkəmə fəaliyyəti üçün mühüm “yol xəritəsi” olan “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanının qəbulundan düz 3 il ötdüyü qeyd olunaraq bu dövrdə onun icrası üzrə görülən tədbirlər müzakirə edilib.

Məhkəmə-hüquq sahəsində inqilabi dəyişikliklərə rəvac verən Fərmanın icrası çərçivəsində mühüm qanunlar qəbul edilib, məhkəmə hakimiyyətinin müstəqilliyinin artırılması üzrə tədbirlər görülüb, cəza siyasəti humanistləşdirilib, yeni regional, o cümlədən bölgələrdə kommersiya və inzibati məhkəmələr yaradılıb, özəl ekspertiza fəaliyyəti təsbit olunub. Məhkəmə fəaliyyətində informasiya texnologiyaların geniş tətbiqi, məhkəmə infrastrukturunun müasirləşdirilməsi və fəaliyyətin müasir çağırışlara uyğun təkmilləşdirilməsi üzrə görülən tədbirlər hüquqların məhkəmə müdafiəsinin səmərəliliyinə xidmət edib.

Eyni zamanda vahid məhkəmə təcrübəsinin formalaşdırılması, habelə sistemli xarakter daşıyan nöqsanların aradan qaldırılması məqsədilə qanunvericiliyə mühüm dəyişikliklər edilib. Bu sahədə Ali Məhkəmə tərəfindən monitorinqlərin aparılmasına dair Qaydaların təsdiq olunması məhkəmə səhvlərinin aradan qaldırılmasında müstəsna rol oynayıb.

Mülki-Prosessual Məcəlləyə məhkəmə icraatı zamanı çevikliyin təmin edilməsinə, süründürməçilik, o cümlədən mümkün sui-istifadə hallarının qarşısının alınmasına, işlərə daha səmərəli baxılmasına, habelə müasir informasiya texnologiyalarının daha geniş tətbiqinə yönələn, bütövlükdə ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsinə xidmət edən 350-dək dəyişikliklər edilib.

2021-ci ilin oktyabrın 1-dən qüvvəyə minən həmin dəyişikliklərlə kiçik iddialara dair və yazılı icraat qaydasında baxılan işlərin dairəsi genişləndirilib, məhkəmələrdə işlərə baxılmasında lüzumsuz yubatmaların qarşısının alınması üçün əlavə mexanizmlər yaradılıb, prosessual müddətlər dəqiqləşdirilib, məhkəmə proseslərinin elektron qeydi təsbit olunub.

Mübahisələrin məhkəməyə getmədən barışıq yolu ilə alternativ həllinə nail olunması, bununla da vətəndaş məmnunluğunun artırılması məqsədilə yeni təsisat - mediasiya institutu fəaliyyətə başlayıb, mütərəqqi beynəlxalq təcrübə əsasında məhkəmə rüsumlarının diferensiasiyası əsassız iddiaların azalmasına şərait yaradıb.

Fərmanın icrası çərçivəsində həmçinin, ədalət mühakiməsinin təkmilləşdirilməsi, hakimlərlə tədris prosesinin səmərəli təşkili, onların vəzifədə irəli çəkilməsi, hakimlik və sədrlik fəaliyyətini davam etdirməyə yararlılıqlarının müəyyən edilməsində mühüm mexanizm olan “Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi Qaydaları” qəbul edilib, onun elektron-proqram təminatı hazırlanıb.

Bununla yanaşı, məhkəmə qərarlarının elektron qaydada anonimləşdirilərək dərc edilməsi təşkil olunub. Təkcə ötən il “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə dərc edilən məhkəmə qərarlarının sayı 270 mini ötüb. Həmin qərarlar üzrə elektron axtarış sisteminin yaradılması məhkəmə təcrübəsi barədə məlumatlılığı artırır və sistem xarakterli nöqsanların müəyyənləşdirilməsində mühüm rol oynayır.

İclasda məhkəmələrdə işlərə daha keyfiyyətlə baxılması, yubanmaların qarşısının alınması məqsədilə Fərmanla ayrılmış əlavə 200 yeni hakim ştatının komplektləşdirilməsi üzrə tədbirlərə də toxunulub.

Qeyd olunub ki, hakim vəzifələrinə yüksək hazırlığa və mənəvi keyfiyyətlərə malik hüquqşünasların seçilməsi məqsədilə mövcud prosedurlar təkmilləşdirilib və fasiləsiz xarakter alıb.

Hazırda hakimliyə namizədlərin sənədlərinin qəbulu elektron qaydada aparılır, test imtahanı fərdi kompüter vasitəsilə keçirilir, nəticələr dərhal elan olunur. Ötən dövrdə şəffaf prosedurlarla aparılan seçim nəticəsində 44 nəfər müsabiqəni uğurla başa vurub müxtəlif hakim vəzifələrinə təyin olunublar. Yazılı və şifahi imtahanlarda müvəffəqiyyət qazanmış digər 87 namizəd müsabiqənin son mərhələlərindədir. Daha 250 namizədlə isə test və şifahi imtahanların keçirilməsi üzrə təşkilati tədbirlər görülür.

Namizədlərin tam əksəriyyətini hüququn müxtəlif sahələrində çalışan 35 yaşa qədər olan yeni nəsil hüquqşünaslar təşkil edir. Onların sırasında qadınların sayının artaraq 40%-ə, bəzən isə hətta 60%-ə çatması ölkəmizdə qadınların ictimai həyatın müxtəlif sahələrində fəallığının təzahürüdür.

Fərmanla verilmiş tövsiyə və tapşırıqların icrası çərçivəsində həmçinin, “Elektron məhkəmə” informasiya sisteminin funksionallığının artırılması və tətbiqinin genişləndirilməsi üzrə əsaslı tədbirlər görülüb. Hazırda məhkəmələrin üçdə ikisində tətbiq olunan elektron məhkəmə sisteminin cari ildə bütün məhkəmələri əhatə etməsi nəzərdə tutulur.

Bildirilib ki, məhkəməyə müraciət edilməsindən məhkəmə qərarının icrasının tamamlanmasına qədər bütün prosesi əhatə edən bu sistem ədalət mühakiməsinə əlçatanlığın asanlaşdırılmasına və şəffaflığa xidmət etməklə vətəndaş məmnunluğu doğurur.

Ölkə başçısının tapşırıqlarına əsasən paytaxtda və bölgələrdə məhkəmələr üçün yeni yüksək texnoloji (hi-tech) bina və komplekslər inşa olunub. Məhkəmə hakimiyyətinə müstəsna əhəmiyyət verən dövlətimizin başçısı tərəfindən təkcə ötən il 11 məhkəmə üçün yeni müasir bina və komplekslərin açılışları olub.

İclasda qeyd olunub ki, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülən tədbirlərlə yanaşı, hakimlərin məsuliyyət hissinin artırılması xüsusilə diqqətdə saxlanılır.

Şuranın fəaliyyəti dövründə qanunvericiliyin tələblərinin pozulmasına, o cümlədən insanların haqlı narazılığını doğuran hallara görə hakimlər barədə 300-dən çox intizam icraatı başlanıb, ciddi nöqsanlara yol verən 200-dək hakim müxtəlif əsaslarla məhkəmə sistemindən kənarlaşdırılıb. Korrupsiya hüquqpozmaları ilə bağlı 43 hakim intizam məsuliyyətinə cəlb edilib, 9 nəfərin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, 13 nəfər tutduğu vəzifədən azad olunub.

Təkcə son üç ildə isə 70-dək intizam icraatı başlanıb, 60 hakim məhkəmə sistemindən kənarlaşdırılıb.

Hakimlərin fəaliyyətinin qiymətləndirilməsinin yeni Qaydalarına uyğun olaraq ötən il 220-dən çox hakimin fəaliyyəti Şura tərəfindən prinsipial qiymətləndirilib, aidiyyəti materiallar əsasında zəruri təhlillər aparılıb. 5 nəfərin fəaliyyəti qeyri-məqbul qiymətləndirilməklə səlahiyyətlərinə xitam verilib, 14 nəfərin fəaliyyətində peşəkar çatışmazlıqlar müəyyən olunaraq təkrar qiymətləndirilmələri qərara alınıb.

Məhkəmələrdə qeyri-prosessual münasibətlərin qarşısının alınması, onları doğuran səbəblərin aradan qaldırılması məqsədilə Şura tərəfindən yerlərdə davamlı monitorinqlər və vətəndaşların qəbulu aparılır. Bilavasitə yerli məhkəmələrdə apellyasiya məhkəmələrinin sədrləri tərəfindən vətəndaşların mütəmadi qəbulunun keçirilməsi təşkil olunub.

Eyni zamanda, Məhkəmə-Hüquq Şurasına, o cümlədən dövlət başçısının Fərmanına əsasən Şurada yaradılmış “Qaynar Xəttə” daxil olan müraciətlərin araşdırılması nəticələri üzrə vətəndaşların haqlı narazılığını doğuran pozuntulara yol verdiklərinə görə təkcə ötən il 130-dan çox hakim rəsmi xəbərdar edilib və bu, onların fəaliyyətlərinin qiymətləndirilməsində nəzərə alınıb, təkrar belə pozuntulara görə isə intizam icraatları başlanılıb.

Bununla yanaşı, yuxarı məhkəmələr təcrübəli və peşəkar hakimlərlə möhkəmləndirilib, o cümlədən ötən il bütün apellyasiya məhkəmələrinin sədrləri dəyişdirilib.

Görülən tədbirlər məhkəmələrdə baxılan işlərin keyfiyyətinə də təsirsiz ötməyib, təmin edilən iddiaların və yekun məhkəmə qərarların sabitliyi artıb.

Eyni zamanda Şurada ölkə Prezidentinin məhkəmə fəaliyyətində ədalət, qanunçuluq, qərəzsizlik, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi və ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən riayət edilməsi, korrupsiya və digər neqativ hallara qarşı mübarizənin gücləndirilməsi ilə bağlı qəti tapşırıq və tövsiyələri bir daha diqqətə çatdırılıb.

Şura üzvü, Ali Məhkəmənin sədri Ramiz Rzayev çıxış edərək yuxarı məhkəmələr tərəfindən qanun pozuntularına ciddi reaksiya verilməsi, korrupsiya və digər neqativ hallara qarşı barışmaz münasibət göstərilməsinin vacibliyini vurğulayıb, bu sahədə qarşıda duran mühüm vəzifələrə toxunub.

İclasda həmçinin, fəaliyyətində bundan əvvəl peşəkar çatışmazlıqlar aşkar edilmiş hakimlərin fəaliyyəti təkrar qiymətləndirilərək 4 nəfərin işində dönüş yaratmadıqlarına görə səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi qərara alınıb. Qanunvericiliyin tələblərinin pozulmasına görə apellyasiya məhkəmələrinin 4, Bakı ağır cinayətlər məhkəməsinin 3 hakimi intizam məsuliyyətinə cəlb olunub.

Həmçinin, korrupsiyaya şərait yaradan hüquqpozmalara, süründürməçiliyə və digər kobud qanun pozuntularına yol verilməsinə görə birinci və apellyasiya instansiyası məhkəmələrinin 12 hakimi barədə intizam icraatı başlanılıb.
Xəbəri paylaş