Hər il Qurban bayramı yaxınlaşdıqda sosial şəbəkələrdə səmimi gileylərlə yanaşı, məlumatsızlıq və qərəzlilikdən irəli gələn hikkəli ittihamların şahidi oluruq. Bu giley və ittihamların ümumi məzmunu budur ki, heyvanlara zülm olunur; heyvanlar da bizim kimi canlıdırlar, hüquqları vardır; Qurban bayramı qanlı bayramdır, qurbankəsmə prosesi uşaqların psixikasına mənfi təsir göstərir, onları qorxudur, terrorçu-ekstremist kimi yetişməsinə səbəb olur və s.
“Heyvanlara zülm olunur; heyvanlar da bizim kimi canlıdırlar, hüquqları vardır” ittihamlarına “Qurban bayramı ərəfəsində peyda olan “heyvansevərlər”...” adlı yazımızda münasibət bildirmişik. Həmin yazının qısa məzmunu budur ki, yer üzündə canlıların status-kvosunun süni şəkildə dəyişdirilməsi və eyniləşdirilməsinə cəhd edilir. Nəticədə süni eyniləşdirmə baş verir, ziddiyyətlər yaranır... İnsanla heyvanın əlaqəsini düzgün qiymətləndirə bilsək, əsassız ittihamlar səsləndirməyəcək, insan oğlunun istehlak hüququnu danmayacağıq...
İndi isə qurbankəsmə ayininin uşaqların psixikasına təsir edib-etməməsi haqqında danışaq.
Uşaq tərbiyəsində belə bir qayda var: uşağı yeni situasiyaya, konyunkturaya daxil etmək istəyiriksə, bu barədə ona qabaqcadan məlumat verməli, deməli, yeni münasibətlərə onu zehni və psixoloji cəhətdən hazırlamalıyıq.
Bu baxımdan biz uşaqlarımıza öyrətməliyik ki, Allah ətlik heyvanları bizim istifadəmiz üçün yaratmışdır; Qurban bayramında heyvanları əbəs yerə kəsmirik, bunda məqsəd başqalarını düşünməkdir, sosial birgəlik və həmrəyliyi təmin etməkdir. Onlara deməliyik ki, bax bu qoyun kəsildikdən sonra əti üç yerə bölünəcəkdir: bir hissəsi bizim yeməyimiz, ikinci hissəsi qonşular, üçüncü hissəsi isə kasıblar üçündür. Qurbankəsmə insanların bir-birinə inamını artıran, insanları bir-birinə sevdirən sosial layihədir, işdir. Həmçinin deməliyik ki, Allah bizdən yeməklərimizin təmiz, pak, halal olmağını istəyir, odur ki ətin təmiz və halal olmağı üçün qanın axıdılması lazımdır, heyvanı boğmaqla, yaxud elektriklə öldürsək, qan bədəndə qalıb axmır. Nəhayət, ona danışmalıyıq ki, peyğəmbərimiz bizə heyvanlarla mehriban davranmağı əmr edib; məsələn, bizə öyrədib ki, kəsməzdən qabaq heyvana su içirməli, onu kəsim yerinə sürüyərək, yaxud zor tətbiq edərək aparmamalıyıq, kəsərkən bıçağın iti olmağına fikir verməli, gözlərini bağlamalı, digər heyvanların gözü qarşısında onu kəsməməliyik və s.
Deməli, biz bütün bu informasiya ilə uşağımıza heyvanlara düzgün münasibət bəsləməyi, onlarla mehriban davranmağı, yeməyin təmiz və halal olmağının mühümlüyünü, kasıbları sevməyi, yaxşı qohum, qonşu olmaq şüurunu və sairi öyrətmiş oluruq.
Mühüm olaraq qeyd edək ki, uşaq bu informasiyanı tam şəkildə qavramayacaq qədər azyaşlıdırsa, məsələn, yaşı yeddidən aşağıdırsa, qurbankəsmə aktına tamaşa etməsi tövsiyə olunmur. Amma lazımi informasiya verildikdən sonra o, qurbanlıq ətin bölünməsi, qurbanlıq heyvanın soyulması prosesinə tamaşa edə bilər.
Mümkündür ki, qurbankəsmə və qanın axıdılması səhnələri bu və ya digər uşağa mənfi təsir göstərsin, amma bu, kütləvi olmayıb tək-tük istisnalardır. O da mümkündür ki, həmin uşağa qurbankəsmə haqqında ümumiyyətlə danışılmayıb, yəni o, zehni və psixoloji cəhətdən hazırlıq mərhələsi keçməyib, yaxud kəsilmə prosesi sərt olub, qurbankəsmənin ədəb-ərkan qaydaları gözlənilməyib.
Qurbankəsməyə tamaşanın uşaqda zorakılıq psixikasını formalaşdırması iddiasına gəlincə, bu iddia elmi deyildir. Çünki hansı isə heyvanın kəsilməsi prosesi heç bir dəqiqə çəkmir, üstəlik, bu kəsmənin motivi və mənası hər kəsə məlumdur. Uşaqların baş kəsən terrorçuya çevrilməsinin mümkünlüyü sadəcə ağılsızcasına səsləndirilmiş iddiadır, heç bir elmi-sosial araşdırma bunu təsdiqləmir. Ona qalası olsa, televiziya kanalları, internet saytları vasitəsilə 24 saat boyu yayımlanan, hər bir ailəyə daxilolma “hüquq”u qazanan, zorakılıq motivləri ilə zəngin “döyüş”, “qorxu”... filmlərinin, kompüter oyunlarının uşaq psixologiyasına təsiri daha dağıdıcıdır... Birdəqiqəlik qurbankəsmənin təsirini qabardıb, 24 saat boyu iç-içə olduğumuz film və oyunlar barəsində susmaq məntiqi təzad deyilmi?!
Bundan əlavə, əgər bu və ya digər uşaqda ümumi hallar qarşısında qorxu yaranırsa, onu qorxunu dəf etmək istiqamətində tərbiyə edirik. Məsələn, uşaq liftə minməkdən qorxursa, liftdən istifadəni dayandırmır, əksinə, uşağa liftdən qorxmamağı öyrədirik.
Elvüsal Məmmədov-ilahiyyatçı