"Son günlər sosial şəbəkədə paylaşılan bir neçə videomaterialın Azərbaycan Ordusunun keçirdiyi "Qisas" əməliyyatı ilə heç bir əlaqəsi yoxdur. Həmin materiallar Vətən Müharibəsi zamanı baş verən hadisələri özündə əks etdirir".
Newscenter.az xəbər verir ki, bu fikirləri hərbi ekspert Ədalət Verdiyev səsləndirib. O qeyd edib ki, çox sayda düşmən itkisini özündə əks etdirən materialda düşmən itkilərinin sayı da rəsmi açıqlanan rəqədmlərlə uyğun gəlmir:
"Əsirlərlə bağlı material da həqiqəti əks etdirmir. "Qisas" əməliyyatında Azərbaycan Ordusunun əsir götürmədiyi məlumdur. Düşmən bu qədər itki və ya əsir vermiş olsaydı, təbii ki, bunu Ermənistan KİV-ləri geniş şəkildə işıqlandırardı".
Ədalət Verdiyev deyib ki, düşmənin itkiləri barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi rəsmi məlumatları şəxsi heyətin təhlükəsizliyi nəzərə alınmaqla, mümkün olan ən qısa müddətdə dərc edib, əməliyyata aid videomaterialları da rəsmi səhifədə yerləşdirilib:
"Kim Ordumuzun növbəti qələbəsinə aid material paylaşmaq istəyirsə, təsdiqlənən və rəsmi səhifədə yerləşdirilən məlumatları paylaşa bilər. Həqiqəti əks etdirməyən və ictimaiyyəti yalnış istiqamətə yönləndirən bu tip saxta məlumatların tirajlanmasnın kim tərəfindən həyata keçirildiyini bilmirəm, amma bir məsələdə tam əminəm ki, indiki vəziyyətdə bu fəaliyyətlər xüsusilə ziyanlıdır və qətiyyən Azərbaycanın maraqlarına xidmət etmir. Bu fəaliyyətlərlə məşğul olanlar heç olmasa cəmiyyət qarşısında məsuliyyətlərini dərk etməlidirlər. Xatırladıram ki, bu əməliyyat zamanı hissə bölmərimiz itkiləri minimallaşdırmaq məqsədilə əsasən düşmənlə birbaşa təmasa girmədən vəzifələrini ləyaqətlə yerinə yetiriblər".
NEWSCENTER.AZ