Meşələrin yandırılması həm də ekoloji maarifləndirmənin yetərsiz olmasından qaynaqlanır. Meşələri yandırmağa cəhd göstərənləri bu cür şər əməldən çəkindirmək üçün mütləq maarifləndirmə işləri aparmaq lazımdır. Belələrinə başa salınmalıdır ki, sənin və sənin övladlarının, əzizlərinin sağlam yaşamı ilk növbədə təbiətdən, meşələrin mövcudluğundan asılıdır.
Şəhərlərimizdə parklar, yaşıllıqlar, kənd yerlərində isə bağ-bağatlar, meşələr olmasa ölkə quraqlığa təslim olar. Meşələri məhv edən cahillər bilməlidirlər ki, meşələr bizim "ağ ciyərlər"imiz sayılır. Çünki meşələr külək, nəmişlik, yağış və oksigen bolluğu yaratmaqla ətraf mühiti biz insanlar üçün yaşanılır hala gətirir və eyni zamanda bizi bir çox xəstəliklərdən qoruyur.
Ağacları kəsən, meşələri yandıran hər bir təbiət "terrorçu"suna bax bu adi həqiqətləri izah etmək, başa salmaq lazımdır. Başa düşmək istəməyənlər, meşələrimizə qənim kəsilənlər isə qanunun bütün sərtliyi ilə cəzalandırılmalıdır. Bir sözlə, meşə yanğınlarını önləmək üçün maarifləndirmə və cəzalandırma işlərini paralel aparmalıyıq.
Son günlər ölkəmizin bir sıra rayonlarında baş verən meşə yanğınları onu göstərir ki, meşələri qorumaq ümummilli məsələdir, hər birimizin vətəndaşlıq və insanlıq borcudur. Millətimizin sağlam gələcəyini təmin etmək üçün təbiətimizi, meşələrimizi qorumaq işində milli birlik nümayiş etdirməliyik.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri