10 aylıq Narin Xalıqovanın simasında Ermənistanın dövlət səviyyəsində törətdiyi 17 oktyabr Gəncə terrorunun qurbanlarını ehtiramla anırıq.
2 il əvvəl, məhz bugünkü tarixdə Ermənistan Humanitar atəşkəsdən sui-istifadə edərək, Gəncənin əhalisi sıx olan yaşayış hissəsini hədəfə almaqla beynəlxalq hüququn fundamental normalarına, o cümlədən beynəlxalq humanitar hüquq və Cenevrə Konvensiyalarına məhəl qoymadığını, öz öhdəliklərini aşkarcasına pozduğunu və adi humanizm prinsiplərindən çox uzaq olduğunu növbəti dəfə nümayiş etdirdi. 3-ü uşaq olmaqla 13 nəfərin həyatını itirdiyi, 48 vətəndaşın isə ağır xəsarətlər aldığı bu alçaqcasına terror hücumu Ermənistanın soyqırım siyasətinin müasir dövrdə, XXI əsrdə də davam etdirdiyini dünyaya göstərdi.
Düzdür, hadisədən sonra baş verənlər BMT və Avropa İttifaqı tərəfindən qınandı, amma təəssüflər olsun ki, bu gün Ukraynaya atılan hər güllənin hesabını soran Qərb ictimaiyyəti, beynəlxalq təsisatlar, hətta ATƏT-in o zamankı Minsk qrupunun həmsədri olan dövlətlər bu barədə bir kəlmə də olsun danışmamağa üstünlük verdilər. Erməni vandalizmi və Ermənistanın soyqırım siyasətinə göz yumdular. 100 il əvvəlki “soyqırım” “qurbanları” nın məzarı başında göz yaşı tökən Pelosilər körpələrin yatdığı yerdəcə raket zərbəsi ilə öldürülməsini soyuqqanlıqla, sanki belə olmalı imiş kimi qəbul etdilər. Hətta sonrakı dönəmdə bu vəhşilikləri törədənlərin Avropa paytaxtlarında əllərini ikiəllə sıxanlar oldu. Bax bu səbəblər bizə imkan verir ki, Ukrayna-Rusiya münaqişəsində ərazi bütövlüyü, insan haqları davası aparan Qərbin ikiüzlü və siyasi məqsədlər güdən avantüristlər olmasını bəyan edək.
Azərbaycan əlbəttə, belə bir şəraitdə vətəndaşının qisasını beynəlxalq ikiüzlü təsisatlara, güc mərkəzlərinin hüquq sisteminə etibar edərək gözləyə bilməzdi. Bilirsiniz ki, Gəncəyə hücuma cavab olaraq Müzəffər Ali Baş Komandanın əmri ilə Ordumuz bütün istiqamətlərdə düşmən qüvvələrinə sarsıdıcı zərbələri davam etdirmiş, Füzuli şəhəri və bir sıra kəndlərimiz işğaldan azad olunmuşdur.
Azərbaycan Gəncə terroruna Ermənistanda mülki əhalini hədəfə almadan, yalnız döyüş meydanında cavab verməklə müharibə adət və normalarına sadiq qaldığını əməli formada göstərərək dünyaya beynəlxalq humanitar hüquq dərsi keçdi.
Əlbəttə, biz Gəncənin, Tərtərin, Bərdənin qisasını döyüş meydanında misli ilə almışıq, amma istənilən halda hüquq müstəvisində də, qurulacaq beynəlxalq tribunalda da Qarabağ və Zəngəzurda, eləcə də Gəncəbasar zonasında törədilən hərbi cinayətlərə görə məsuliyyət daşıyan hər bir erməni, Ermənistanın hərbi-siyasi rəhbərliyində olan və olmuş hər bir səlahiyyətlinin cəzalandırılmasına nail olacağıq və buna heç kimin şübhəsi olmasın.
Bəhruz Məhərrəmov-Milli Məclisin deputatı