“1993-cü ilin yayında Füzuli sakinləri Ermənistan silahlı qüvvələrinin işğalçı hərbi hissələri ilə qeyri-bərabər savaşda öz doğma torpaqlarını qorumağa, müdafiə etməyə çalışırdılar. Lakin həmin vaxt bu savaşın sonu Azərbaycan tərəfi üçün növbəti acı məğlubiyyətlə nəticələndi. Avqust ayının 23-də Füzuli şəhəri və rayon ərazisinin böyük hissəsi düşmən tərəfindən işğal olundu. Füzulililər 663 nəfər şəhid verdilər. Daha 400 nəfərədək rayon sakini əlil oldu, 181 nəfər əsir və itkin düşdü.”
Newscenter.az xəbər verir ki, bu fikirləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Millət vəkili xatırladıb ki, işğaldan əvvəl Füzuli rayonunda 2 şəhər, 16 qəsəbə, 82 kənd və başqa yaşayış məntəqələri mövcud olmuşdur. Həmin dövrdə rayon tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin bir ərazi idi. İşğal dövründə burada heç bir salamat kənd, bir salamat bina qalmayıb:
"İşğal başa çatdıqdan sonra buraya gələn hər bir insan erməni vəhşiliyini, erməni vandallığını görür və bunu artıq heç kim inkar edə bilməz. Təsadüfi deyil ki, ermənilər işğal dövründə buraya heç kimi, hətta beynəlxalq təşkilatların nümayəndələrini də buraxmırdılar. Ölkə Prezidenti cənab İlham Əliyev də bir il bundan öncə Füzuli ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı etdiyi çıxışında xüsusi olaraq vurğuladı ki, bütün bu baş verənlər erməni faşizminin eybəcər üzüdür, bütün dünya bunu görür və görməlidir.”
Deputat qeyd edib ki, Füzuli uğrunda gedən döyüşlərdə Azərbaycan ilk Qələbəsini hələ 1994-cü ildə, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında əldə edib:
“Füzulinin işğalından cəmi 5 ay sonra, 1994-cü il yanvar 5-də Heydər Əliyevin əmri ilə hücuma keçən Azərbaycan Silahlı Qüvvələrinin hərbi hissələri tərəfindən Füzuli rayonunun 22 yaşayış məntəqəsi işğaldan azad olunmuşdu. O zaman işğaldan azad olunmuş ərazilərdə hazırda rayon əhalisinin 50%-ə qədəri yaşayırdı. Bu Zəfər Füzuli uğrunda gedən döyüşlərdə Azərbaycanın, Azərbaycan Ordusunun ilk böyük Qələbəsi idi. Bu Zəfərdən 26 il sonra Ölkə Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin əmri ilə şanlı ordumuz erməni təxribatlarına birdəfəlik son qoymaq və torpaqlarımızı işğalçılardan təmizləmək üçün 2020-ci ilin 27 sentyabr tarixində bütün təmas xəttində qətiyyətli əks-hücuma keçməklə Vətən müharibəsinə başladı.”
Kamaləddin Qafarov belə bir məqamı da vurğulayıb ki, II Qarabağ Savaşının gedişində Füzuli rayonunun azad olunması strateji əhəmiyyət kəsb edirdi:
“Diqqətəlayiq haldır ki, Vətən müharibəsinin ilk günündə - sentyabrın 27-də Füzulinin Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri işğalçılardan təmizlənərək azad edilib. Oktyabrın 17-də isə Azərbaycan Ordusu Füzuli şəhərini və bir neçə kəndi işğalçılardan azad edib. Ümumilikdə Vətən müharibəsinin gedişində Füzuli şəhəri daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad olunub. Bu ərazilərdə Azərbaycan bayrağı qaldırılıb və uzun fasilədən sonra Azərbaycan dövləti bu torpaqlarda öz suverenliyini təmin edib. Möhtərəm Prezidentimizin dediyi kimi, bu, tarixi hadisədir. Həmin an - 17 oktyabr günü Azərbaycan xalqının çoxəsrlik tarixində xüsusi yer tutacaq. Çünki məhz oktyabrın 17-də bizim böyük şəhərimiz Füzuli işğalçılardan azad edildi. Cəbrayıldan, Hadrutdan sonra üçüncü böyük yaşayış məntəqəsi işğalçılardan təmizləndi”.
Prezident İlham Əliyevin işğaldan azad edilmiş bölgələrə etdiyi səfərlərin xüsusi önəm kəsb etdiyini vurğulayan deputat bildirib ki, dövlət başçımızın hər belə səfəri bir sıra açılış və təməlqoyma mərasimləri ilə əlamətdar olur ki, bu da həmin rayonun dirçəlməsinə misilsiz töhfə olur:
“Vətən müharibəsi başa çatdıqdan sonra Ölkə Prezidenti cənab İlham Əliyev dəfələrlə Füzuliyə səfər edib. Hər biri zəngin tarixi hadisələrlə müşayiət olunan bu səfərlərin gedişində Füzuli-Şuşa avtomobil yolunun – Zəfər yolunun təməlqoyma mərasimi, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərinin qoyulması, Füzuli şəhərinin Baş planının təsdiqlənməsi, 180 çarpayılıq xəstəxananın təməlqoyma mərasimi, Dövlətyarlı kəndində “Ağıllı kənd”in təməlqoyma mərasimi, Füzuli şəhərində çoxmənzilli yaşayış məhəlləsinin və Peşə Liseyinin təməlqoyma mərasimləri keçirilib. Lakin bu tədbirlər arasında cəmi 8 ay ərzində inşa olunan və “Qarabağın hava qapısı” adlandırılan Füzuli Beynəlxalq Hava Limanının açılışı xüsusi əhəmiyyət kəsb etmiş oldu. Bu il sentyabrın 27-də isə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna etdikləri növbərti səfər zamanı rayonun Qaraxanbəyli kəndində 27 Sentyabr – Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önünə gül dəstələri qoyublar. Burada etdiyi çıxışında möhtərəm Prezidentimiz bir daha vurğuladı ki, Azərbaycan heç zaman öz şəhidlərinin əziz xatirəsini unutmayacaq. Çünki biz bu gün məhz qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində azad edilmiş torpaqlarda qurub yaradır, şəhərlərimizi, kəndlərimizi bərpa edir və şanlı Zəfərimizlə fəxr edirik”.