İran bir neçə gündür ki, Araz çayının sahillərində özünün bütün silah arsenalını cəmləşdirməklə hərbi təlimlər keçirir, Ermənistanla “minillik sərhəd”də dayanıb bu ərazilərin geocoğrafiyasını dəyişmək istəyən ölkələrə "xəbərdarlıq" edərək sanki “əzələ” nümayiş etdirir. Molla diktaturası guya bu cür mənasız siyasi ritorikalarla Azərbaycana hansısa mesajlar vermək istəyir.
Dünən isə İran qədim Azərbaycan yurdu olan Qafanda konsulluq açmaqla faşist Ermənistana növbəti dəfə dəstəyini ifadə etdi. Sözsüz ki, siyasətdə belə şeylər mümkündür və Azərbaycan da öz xarici siyasətini hazırda yeni reallıqlara uyğunlaşdırmaqdadır. İnanıram ki, yaxın vaxtlarda Azərbaycanın da İsraildə səfirliyi açılacaq. Hətta Zəngilanda, Şuşada, Kəlbəcərdə Türkiyənin, İsrailin konsulluğunun açılacağına da inanıram.
Ancaq son hadisələr, Fars mollakratiyasının müxtəlif rəsmi nümayəndələrinin səsləndirdiyi fikirlər, xüsusilə də Ermənistana yeni silahlarların veriləcəyinə dair bəyanatlar Azərbaycana qarşı davamlı təxribat və sərhəd aqressiyaları törədən, hətta Qarabağda qanunsuz erməni silahlılarına İranın birmənalı olaraq yardımını təsdiqləyir.
Bu kimi hallar, həm də İranın bölgədə pozuculuqla məşğul olduğunu, Zəngəzur dəhlizinin yaradılmasına və Ermənistanın Azərbaycanla sülh sazişi imzalamasına maneələr törədəcəyini də ehtiva edir.
2 gündür ki, Ermənistan Azərbaycanla sərhəddə yenidən Ordumuza atəş açmağa başlayır. Bu da təsadüfi deyil, İranın təlimləri, Qafandakı konsulluq hayları “cuşa gətirib”.
Heç kim Azərbaycanın səbiri ilə oynamasın. Bu, Müzəffər Komandan İlham Əliyevin son günlərdə ən çox səsləndirdiyi Bəyanatdır.
Cənab İlham Əliyevin dünən Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdat Amreyevi qəbul edərəkən səsləndirdiyi Bəyanatdan da nəticə çıxarmaq lazımdır.
Cənab Prezident dedi ki, bu gün Türk dünyası dəyişən yeni siyasi xəritədə öz layiqli yerini tutmaqdadır. Türk dünyası Türk Dövlətləri Təşkilatının üzvləri olan milli dövlətlərin sərhədlərindən qat-qat genişdir və Azərbaycan bu geniş coğrafiyasda yaşayan türkdilli xalqlara, soydaşlarımıza, on milyonlarla qan qardaşlarımıza öz dəstəyini daha da artıracaq, onları dəstəkləyəcəyikdir.
Və unutmaq olmaz ki, on milyonlarla qan qardaşlarımız, soydaşlarımız məhz Arazın o tayındadır.
Onu da heç unutmaq olmaz ki, Prezident İlham Əliyevin “Biz taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş azərbaycanlılara kömək etmək, onların inkişafı, onların Azərbaycan dilini, Azərbaycan ənənələrini, Azərbaycan mədəniyyətini qoruyub saxlamaları, azərbaycançılıq prinsiplərinə sadiq olmaları və öz tarixi Vətəni ilə əlaqələri heç vaxt kəsməmələri üçün əlimizdən gələni edəcəyik” Bəyanatı Cənubi Azərbaycandakı 40 milyon soydaşımıza aiddir.
Azərbaycan son 2 ildə regionun coğrafiyasını dəyişdi. Fras rejimi də dəyişən yeni dünya siyasətində, dəyişən coğrafiyalarda baş verənlərdən nəticə çıxarmalıdır.
İndiki Ermənistanın və İranın ərazilərinin böyük bir hissəsi Azərbaycan torpaqlarıdır. Araz çayının nə Ermənistana, nə də İrana heç bir aiddiyyatı yoxdur. Arazın o tayı da bizimdir, bu tayı da.
O taydakı 40 milyon Azərbaycanlı, Onların torpağı, irsi, ənənələri də BİZİMDİR,
Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxal münasibətlər və politologiya Akademiyasının akademiki