Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyi və Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) məsul əməkdaşları Marneuli bələdiyyəsinin Şulaveri kəndində Rəşadətli Azərbaycan Ordusunun əsgəri, Qubadlının azad olunması uğrunda Şəhidlik zirvəsinə qalxan əsgər Murad İlham oğlu Məmmədovun dədə-baba yurdundakı evində yaşayan yaxın qohumlarına baş çəkərək, Newscenter.az xəbər verir ki, səfirliyin təşəbbüsü və AZEBİ-yə üzv olan “Dapna” şirkətinin əməlli dəstəyi ilə təşkil edilən ərzaq yardımını təqdim ediblər.
Düz iki il öncə Vətən yolunda canından keçən qəhrəman Şəhidin əziz xatirəsi yad edilərək, onun nəslinin yurdu olan torpaqda yaşayan soydaşlarımızın Azərbaycanla sarsılmaz mənəvi bağlılığı qeyd olunub. Vurğulanıb ki, Vətən Müharibəsində şanlı Qələbəyə əslən Gürcüstandan olan Şəhid və Qazilərin mühüm töhfəsi vardir, onların adları Azərbaycan Zəfərinin salnaməsində əbədi həkk olunmuşdur.
Şəhid M.Məmmədovun yaxınları Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevə, bütün Azərbaycan xalqına, Səfirlik və AZEBİ-yə hər zaman hiss etdikləri mənəvi dəstək üçün minnətdarlığı bildirib, bu gün azad olunan Şuşada Xarıbülbülün çıçəklənməsindən qürur duyduqlarını bəyan etmişdirlər.
Mehman