Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda avtomobil nəqliyyatının fəaliyyətinin tənzimlənməsinə dair görüş keçirilib

Bakıda avtomobil nəqliyyatının fəaliyyətinin tənzimlənməsinə dair görüş keçirilib


Dövlət Ekoloji Ekspertiza Agentliyində Bakı şəhərində avtomobil nəqliyyatının fəaliyyətinin tənzimlənməsinə dair aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə görüş keçirilib.

Newscenter.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Bakı Nəqliyyat Agentliyi, Baş Dövlət Yol Polisi İdarəsi, Bakı şəhər Dövlət Yol Polis İdarəsi, Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi, Dövlət Ekoloji Təhlükəsizlik Xidməti, “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin nümayəndələrinin iştirak etdiyi tədbirdə Bakı şəhərində yol-nəqliyyat infrastrukturunun inkişafı məqsədi ilə hazırlanan layihələrin ekspertiza rəylərinə dair fikir mübadiləsi aparılıb.

Tədbir 14 oktyabr tarixində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə Bakı şəhərində nəqliyyatın vəziyyətinə dair keçirilən işçi müşavirəsi zamanı verilmiş tapşırıqların icra vəziyyəti ilə bağlı keçirilib.

Bildirilib ki, Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən yol infrastrukturu layihələrinə rəy verilərkən sahəcə böyük yaşıllıqların, paytaxtın iqlimi üçün qiymətli ağacların qorunmasına xüsusi önəm verilir və son illərdə Bakı şəhəri üzrə bir sıra ünvanlarda – Azadlıq prospekti ilə Əcəmi Naxçıvani küçəsinin kəsişməsində, Akademik Ziya Bünyadov prospekti, 9 saylı Bakı Peşə Liseyinin yaxınlığında, Heydər Əliyev Beynəlxalq Hava Limanı – Mərdəkan dairəsi – Bilgəh avtomobil yolu, Atçılıq sovxozunun yaxınlığında, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 21-ci kilometrliyində və digər ərazilərdə yerüstü piyada keçidlərinin tikintisinə müsbət rəy verilib. Həmçinin, bəzi ərazilərdə yerüstü piyada keçidinin baş planına baxılıb və layihə sənədlərinin təqdim edilməsindən sonra rəy verilməsi məsələsinə baxılacaq.

Bundan əlavə, Babək prospektindən Bəkir Çobanzadə küçəsinə, M.Mehdizadə ilə S.Orucov küçələrindən Yusif Səfərov küçəsinə rahat hərəkətin təmin edilməsi, həmçinin Xətai metrostansiyasından N.Rəfiyev küçəsinə sağ istiqamətdə daimi döngənin yaradılması ilə bağlı yaşıllıqların köçürülərək yolun genişləndirilməsi layihələrinə ekoloji ekspertiza rəyi verilib.

Tədbirdə həmçinin yol hərəkətinin təhlükəsizliyinə ciddi şəkildə mane olan yaşıllıqların götürülməsi, xüsusilə də yol-hərəkət nişanlarının görünməsini əngəlləyən ağac və kolların budanması, bu sahədə ictimaiyyətin maarifləndirilməsi və başqa məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Sonda Bakı şəhərində avtomobil nəqliyyatının fəaliyyəti ilə bağlı mövcud problemlərin operativ həlli ilə bağlı iştirakçı qurumların nümayəndələrindən ibarət operativ qrupun yaradılmasına qərar verilib. Qrup vasitəsilə Bakı şəhərində avtomobil nəqliyyatının fəaliyyətinə maneə yaradan, tıxac, qəza, bədbəxt hadisə və sair olaylara səbəb ola biləcək yaşıllıqların götürülməsi və budanması üzrə operativ, təxirəsalınmaz və nəticəyönümlü tədbirlər həyata keçiriləcək.

Mehman
Xəbəri paylaş