Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İran Azərbaycan prezidentinin mesajından nəticə çıxaracaqmı?

İran Azərbaycan prezidentinin mesajından nəticə çıxaracaqmı?


İslam torpaqlarını işğal etmiş, müsəlman azərbaycanlıları amansızlıqla qətlə yetirmiş, yurd-yuvalarından didərgin salmış və məscidlərimizi donuz damına çevirmiş xaçpərəst ermənilərin dizini yerə gətirdiyimiz, təslimçi sülhə imza atdırmağa çox yaxın olduğumuz bir vaxtda bizimlə eyni dini və məzhəbi bölüşən, milyonlarla soydaşımızın vətəni olan və adının önünə “İslam Respublikası”, bayrağına “Allah” kəlamı yazılmış İranın açıq-aşkar Ermənistanı himayəyə keçməsi, “Ermənistanın təhlükəsizliyi bizim təhlükəsizliyimizdir” bəyanatı qətiyyən anlaşılan deyil və bu gün Qərbin bizə qarşı tutduğu məkrli mövqedən də heç bir halıyla fərqlənmir.

Bu, hər şeydən əvvəl, İranın özünün əsas istinad və təbliğat mənbəyi olan İslam ehkamlarını, bəşəriyyətə yolgöstərici olan “Quran” ayələrini ayaq altına atması, elə siyasi təsir alətinə çevirdiyi şiəliyin özünə bilərəkdən zərbə vurması, Həzrəti Əli ədalətindən uzaqlaşıb “Müaviyə siyasəti”nə yuvarlanması deməkdir!

İran ya özünün “İslam Respublikası” olmadığını, gözəl dinimizi dövlət siyasətinin alətinə çevirdiyini etiraf etməli və Allahdan qorxaraq, bundan çəkinməli, ya da özünü həqiqi müsəlman, İslam təəssübkeşi kimi aparmalıdır!
Hətta bizim zorən çəkildiyimiz hansısa siyasət olsa belə, bu, özünü İslam dövləti elan edən və “Vilayəti-fəqih” sistemiylə bütün dünyadakı şiələrin haqlarını qorumağı özünün başlıca vəzifəsi sayan İranın bizə qarşı təhdid diliylə, zor nümayişiylə danışması və xaçpərəst Ermənistanı himayə üçün əsas və ya bəhanə ola bilməz!

Axı kim bilməsə də, İran dövləti çox yaxşı bilir ki, Qərbin bütün fitnəkar cəhdlərinə baxmayaraq, prezident Əliyevin timsalında Azərbaycan, prezident Ərdoğanın timsalında da Türkiyə son illərdə ABŞ-ın İranı zəiflətmək planlarında qətiyyən iştirak etmir, rol almır, hətta bu planları əngəlləyən əsas liderlər sırasında olduqlarından elə həm də buna görə Qərbin əsas hədəflərinə çevriliblər.

Üstəlik, sentyabr ayında kürdlərin əliylə təşkil edilən son iğtişaşlar zamanı da açıq-aşkar göründü ki, Azərbaycan və Türkiyə qətiyyən İranda qızışdırıcı və təhrikedici rol almaq, qonşuluğunda yeni bir fitnə atəşinin körüklənməsində maraqlı deyillər. Halbuki İrandakı azərbaycanlılara ən böyük təsir imkanı məhz bu iki ölkədə - Azərbaycan və Türkiyədədir, təkcə bu iki ölkənin İran əleyhinə aktiv fəaliyyəti yetər ki, İran daha böyük problemlərlə üz-üzə qalsın.
Elə bilirəm, prezident İlham Əliyevin dünən Türk Dövlətləri Təşkilatının baş katibini qəbul edərkən səsləndirdiyi mesajlar, nəhayət ki, İran hakimiyyətini də silkələyib ayıldacaq, bu ölkədə Azərbaycan və Türkiyə ilə münasibətləri qoruyub saxlamaq istəyən çevrələri hərəkətə gətirərək, onları düşmən əlinə oynayan niyyət və əməllərdən çəkindirəcək, Zəngəzur dəhlizinin açılacağı zaman itirəcəkləri təsir və maliyyə qorxusunu “NATO şimalımızda hərbi baza qurur” bəhanəsiylə əsaslandırmaqdan daşındıracaq və regiona sülh və tərəqqi vəd edən “3+3” formatında yaxından iştiraka cəlb edəcək.

Hazırda Cənubi Qafqazda Qərbin - ABŞ və Avropanın əsas etibarlı dayağı kimi çıxış edən və NATO silahlı qüvvələrini bölgəyə gətirməyə çalışan Paşinyan Ermənistanına dəstək verərkən, İslam ölkəsi olduğunu bildirən İran “Qurani-Kərim”in bu ayələrini də unutmamalıdır:

“Ey iman gətirənlər! Sizdən əvvəl kitab verilmiş olanlardan dininizi oyun-oyuncaq hesab edənləri və kafirləri özünüzə dost tutmayın. Əgər möminsinizsə, Allahdan qorxun!”. (“Maidə” surəsi, 57-ci ayə)

Və yaxud: “Möminləri qoyub kafirləri özünüzə dost tutmayın. Yoxsa Allaha öz əleyhinizə açıq-aydın bir dəlil verməkmi istəyirsiniz?” (“Nisa” surəsi, 144-cü ayə).

Allah İslam ümmətini yolunu azmışlardan və fitnə salanlardan qorusun!

Elxan Şükürlü-politoloq
Xəbəri paylaş