Qazax Rayon Mərkəzi Xəstəxanasında yenidoğulmuş körpənin ölümü ilə bağlı cinayət işi başlanılıb.
Bu barədə Newscenter.az-a Qazax Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, Qazax rayon sakini Könül Şabanovanın iyunun 19-da “Qazax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin doğum şöbəsində dünyaya gətirdiyi yenidoğulmuş uşağının ölməsi faktı ilə bağlı Qazax Rayon Prokurorluğunda araşdırma aparılıb.
Aparımış araşdırmalarla müəyyən edilib ki, qeyd olunan xəstəxananın həkimləri tərəfindən tibbi yardım tam həcmdə göstərilməyib, doğuşdan öncə zəruri olan müayinələr, doğuş zamanı dölün vəziyyətinin düzgün müəyyən edilməsi üçün tədbirlər icra edilməyib, həmçinin doğuşa həkim-neonatoloq dəvət edilməyib. Qeyd olunan səbəblərdən yenidoğulmuşun real vəziyyəti düzgün qiymətləndirilməyib və ilkin mərhələdə zəruri olan tibbi yardımların gecikdirilməsi nəticəsində yeni doğulmuş uşaq ölüb.
Faktla bağlı Qazax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.
Hazırda istintaq davam edir.