Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu gün Qubadlı ikinci azadlığını yaşayır

Bu gün Qubadlı ikinci azadlığını yaşayır


Bu gün Qubadlı günüdür desəm, məncə, yanılmaram. Çünki bu gün Zəfər tariximizin önəmli bir səhifəsi sayılan Qubadlının işğaldan azad olunmasından 2 il ötür. 25 oktyabr 2020-ci il Azərbaycanın şərqi ilə qərbinin kəsişən nöqtəsində yerləşən qədim Zəngəzur mahalının qapısı sayılan Qubadlı torpağı qəhrəman hərbçilərimiz tərəfindən düşmən tapdağından həmişəlik azad edilib.

Bu rayonun işğaldan azad edilməsi heç də asan başa gəlməyib. Qubadlı uğrunda gedən döyüşlər Azərbaycan Ordusunun Vətən müharibəsində keçirdiyi ən uğurlu hərbi əməliyyatlardan biri hesab olunur. 44 günlük Vətən müharibəsi dövründə Cəbrayıl, Füzuli, Hadrut, Zəngilan uğrunda olduğu kimi Qubadlı uğrunda da şiddətli döyüşlər gedib. Müzəffər Azərbaycan Ordusu torpaqlarımızın hər qarışı uğrunda xüsusi fədakarlıqla döyüşüb. Başqa sözlə desək, Qubadlı torpaqları da şəhidlərimizin qanı bahasına azad edilib. O cümlədən, Milli Qəhrəmanımız polkovnik Şükür Həmidov da öz doğma diyarı uğrunda qəhrəmancasına döyüşərək şəhid olub.

Bu döyüşlərdə üzləşdikləri məğlubiyyət nəticəsində ermənilərə təkcə hərbi müstəvidə yox, həmçinin mənəvi-psixoloji baxımdan da ağır zərbə vurulub. Eləcə də, Qubadlı istiqamətində gedən döyüşlərdə düşmənin çoxlu sayda texnikasını məhv edən Ordumuz həmçinin çoxlu sayda müxtəlif döyüş texnikaları ələ keçirib. Ordumuzun davamlı hücumları qarşısında duruş gətirə bilməyən düşmən ordusu öz döyüş texnikalarını, hərbi sursatlarını nə istifadə etməyə, nədəki xilas etməyə macal tapmayaraq qorxaqcasına atıb qaçıb. Qubadlı döyüşləri iki ordunun döyüş qabiliyyətini və psixoloji durumunu ortaya qoydu. Hər kəs gördü ki, kim kimdir. Bu mənada, Qubadlının işğaldan azad edilməsi həqiqətən tarixi hadisə idi. Çünki Azərbaycan əsgərləri bu döyüşlərdə ordumuzun və xalqımızın mübarizə əzmini, yenilməz savaş ruhunu bütün dünyaya nümayiş etdirdi.

Qubadlı şəhərinin işğaldan azad edilməsi nəyə görə mühüm əhəmiyyət kəsb edir? İlk növbədə ona görə ki, bu bizim böyük Qələbəmizi daha da yaxınlaşdırdı. İkincisi isə, Qubadlının azad edilməsi ilə Şanlı Ordumuzun hücum əməliyyatları meydanı bir xeyli genişlənmiş oldu. Belə ki, bir yandan, qoşunlarımızın irəliləməsi üçün Hadrut-Şuşa istiqamətində olduqca əlverişli şərait yarandı, digər tərəfdən isə Laçın istiqamətinə yol açıldı və Laçın dəhlizini atəş nəzarətinə götürməyə müvəffəq olduq. Bu isə bizim üçün müharibənin bütün sonrakı gedişatına həlledici təsir imkanının yaranması demək idi.

Ermənilər bütün hərbi texnika, canlı qüvvə və döyüş sursatlarını məhz Laçın dəhlizi üzərindən Qarabağa daşıyırdılar. Lakin Laçın dəhlizinin Ordumuz tərəfindən nəzarətə götürülməsi ilə bütün bu daşımalara son qoyuldu. Həmçinin Laçın dəhlizinin bizim atəş nəzarətimizə keçməsi eyni zamanda Şuşanın işğaldan azad edilməsi üçün də əlverişli şərait yaratdı. Baxın, Qubadlının işğaldan azad edilməsi uğrunda həyata keçirilən döyüş əməliyyatları məhz bu cəhətlərinə görə bütün sonrakı döyüşlərin taleyini həll edən hərbi əməliyyatlar kimi xüsusi əhəmiyyət daşıyır. Qalib Azərbaycan Ordusu Qubadlı əməliyyatını uğurla başa vurduqdan sonra Zəfər missiyasını daha da inamla davam etdirdi.

Bu gün Qubadlı ikinci azadlığını yaşayır. Prezident və Ali Baş Komandanımız İlham Əliyevin təbiri ilə desək, biz Qubadlıya əbədi qayıtmışıq və bu gün işğaldan azad edilmiş bütün torpaqlarımızda olduğu kimi doğma Qubadlıda da üçrəngli bayrağımız qürurla dalğalanır. Dövlətimiz Qubadlıda geniş quruculuq-bərpa işlərinə start verib. Erməni vandalizminin ağır nəticələri sürətlə aradan qaldırılır. Ağdam kimi, Füzuli kimi, Zəngilan kimi Qubadlı da tam şəkildə yenidən qurulur. Eyni zamanda ərazilərin minalardan təmizlənməsi, yolların çəkilməsi, infrastrukturun bərpası işləri aparılır. Bir sözlə, hazırda bütün işlər məhz Böyük Qayıdışın tezliklə baş tutmasına hesablanıb. Yəni ki, soydaşlarımızın tezliklə öz doğma yurd-yuvalarına qayıdacaqları gün elə də uzaqda deyil.

Mən əminəm ki, Şərqi Zəngəzurun ən gözəl guşələrindən biri olan Qubadlı rayonu quruculuq-bərpa işləri başa çatdıqdan sonra hamımız işğal nəticəsində öz yurdlarından köçkün düşən soydaşlarımızın doğma evlərinə qayıtmasının şahidi olacayıq. Elə mən özüm də o günü xüsusi səbirsizliklə gözləyirəm. Çünki mən də 30 ilə yaxındır məcburi köçkün həyatını yaşayıram. İllərlə həsrətini çəkdiyim doğma Xanlıq kəndinə qayıtmaq hazırda mənim ən böyük arzumdur. İnşAllah bu arzum da tezliklə gerçəkləşəcək. Və o torpaqlara bundan sonra bir daha heç vaxt düşmən yağı dəyməyəcək.

Biz bundan sonra o torpaqlarda qalib xalq kimi yaşayacağıq. Qalib xalqın bir fərdi, qalib ölkənin vətəndaşı olmaq doğrudan da çox gözəl hissdir. Bu gün bu hissi bizə yaşadan hər kəsə - əsgər və zabitlərimizə də, qazilərimizə də, Ali Baş Komandanımıza da təşəkkür edirik. Vətən torpağının azadlığı üçün öz canlarını fəda edən hər bir şəhidimizə Allahdan rəhmət diləyir, onların ruhları qarşısında baş əyirik.

Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır! Zəngəzur Azərbaycandır!

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Xəbəri paylaş