Vətən müharibəsinin ən həlledici məqamlarından biri, heç şübhəsiz ki, bu gün ikinci ildönümünü qeyd etdiyimiz Qubadlının işğaldan azad edilməsidir. Prezident İlham Əliyevin Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə 23 dekabr 2020-ci ildə işğala son qoyulduqdan sonra Qubadlıya ilk səfərlərində dediyi kimi, "Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı". Qubadlının azad olunması ilə cənubdan icazəsiz yük daşımalarının həyata keçirildiyi Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsində, habelə İrandan Laçın rayonuna qədər olan hissədə Ermənistanla sərhədlərimiz üzərində nəzarət tam formada bərpa edildi.
Qubadlıda işğala son qoyulması ilə həm tarixi ədalət, həm də BMT Təhlükəsizlik Şurasının icra olunmayan 874 saylı və əvvəlki daha 2 qətnaməsinin yerinə yetirilməsi fonunda beynəlxalq hüquq təmin olundu. Bu gün quruculuq və bərpa işlərinin davam etdiyi Qubadlı cənab Prezidentin 7 iyul 2021-ci il tarixli "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" fərmanına əsasən yaradılmış Şərqi Zəngəzur iqtisadi rayonun vacib regionu kimi ciddi iqtisadi perspektivlər vəd etməkdədir.
Xüsusən bu il oktyabrın 19-da Prezident İlham Əliyevin Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birlikdə Qubadlı rayonuna növbəti səfərinin sıx gündəliyi, yaradılacaq “Zabuxçay” və “Bərgüşadçay” su anbarlarının layihələri ilə tanışlıq, burada ümumi gücü 30 meqavat olan 3 Su Elektrik Stansiyasının quraşdırılması barədə tövsiyyələri, habelə "Azərişıq" ASC-nin 35 kilovoltluq yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin təməlqoyma mərasimi bu perspektivlər barədə ilkin təsəvvürləri yaratmağa imkan verir. Eyni zamanda həmin səfər zamanı Qubadlı şəhərinin Baş planı ilə tanışlıq, İşğal və Zəfər muzeyləri kompleksinin təməlini qoymaqla dövlət başçısı dövlətimizin qurub yaratmaq iradəsini, Qubadlı sakinlərinin ən qısa müddətdə layiqli formada və əbədi olaraq qayıdışının təmin olunacağında qətiyyətli olduğumuzu dünyaya bəyan etdi.
Bəhruz Məhərrəmov-Milli Məclisin deputatı