"44 günlük Vətən müharibəsi və sonrakı dövr bizə həm dostlarımızı, həm də düşmənə hansı ölkələrin havadarlıq etdiyini göstərdi".
Newscenter.az xəbər verir ki, bunu Sonxeber.az-a açıqlamasında deputat İqbal Məmmədov deyib.
O, qeyd edib ki, Azərbaycan müharibə meydanında Ermənistanla, diplomatik cəbhədə isə həm də onun havadarları ilə mübarizə aparır:
"Bu gün Azərbaycanın öz gücünə ərazi bütövlüyünü və 30 il ərzində tapdalanmış hüquqlarını bərpa etməsi bəzi ölkələri narahat edir. Məhz buna görə də hər gün həmin ölkənin bir nümayəndəsi işğalçını dəstəkləyən, ərazi bütövlüyümüzə zidd sərsəm açıqlamalar verir. Guya öz aləmlərində bizi başladığmız haqq savaşından geri döndərməyə çalışırlar. Yaxşı olardı ki, hər kəs öz ölkəsindəki problemləri həll etsin. Bizim məsləhətə ehtiyacımız yoxdur. Çünki bizim nəyi, necə, nə vaxt etməli olduğunu yaxşı bilən liderimiz var. Azərbaycan yeganə ölkədir ki, burada irqi, dini və millət ayrı seçkiliyi yoxdur. Bu gün bizə məsləhət verən və ağız dolusu demokratiyadan danışan hansı dövlət bizim ölkəmizdəki sabitliyə nail olub? Əlbəttə, heç biri! Ona görə də başqasına məsləhət vermək əvəzinə, hər kəs öz dövlətindəki problemi həll etsin. Cənab Prezidentin dəfələrlə vurğuladığı kimi, Zəngəzur dəhlizi də açılacaq, Ermənistan bizim şərtlərimizlə hazırlanan sülh müqaviləsini də imzalayacaq".
Deputat vurğulayıb ki, Ermənistanın zərrə qədər ağlı olsa, onu əllərində oyuncaq edən ölkələrə inanmaq əvəzinə, Azərbaycanla münasibətləri düzəltməyə çalışar:
"Artıq erməni xalqı anlayır ki, Qarabağ Azərbaycanın əbədi və əzəli torpağıdır. Canı candan ayırmaq olmaz. Azərbaycan heç bir zaman torpaqlarının işğalı ilə barışmayacaqdı. Barışmadı da. Bundan sonra da danışıqlar masasında ancaq Azərbaycanın şərtləri və cənab Prezident İlham Əliyevin diktəsi var. Heç bir statusdan və ya güzəştdən söhbət gedə bilməz. Düşmən və onun havadarları bununla barışmalıdırlar. Əks təqdirdə növbəti dəfə özlərini biabırçı məğlubiyyətləri ilə gülünc vəziyyətə salacaqlar".