Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hər bir dövlət ölkəmizin suveren hüquqlarına hörmət etmək məcburiyyətindədir

Hər bir dövlət ölkəmizin suveren hüquqlarına hörmət etmək məcburiyyətindədir


Xəbər verdiyimiz kimi, Azərbaycanın səfirliyi Rusiya Xarici İşlər Nazirliyinə 2022-ci il oktyabrın 20-21-də Rusiyanın Birinci Kanalında yayımlanan "Böyük oyun" verilişinin efirində rusiyalı politoloqlar və erməni əsilli ekspertlər tərəfindən səsləndirilmiş açıq-aşkar anti-Azərbaycan çıxışları, Azərbaycan Respublikasının ərazi bütövlüyünün şübhə altına alınması və dövlət xəritəsinin təhrif edilməsi ilə əlaqədar rəsmi sərt etiraz notası göndərib.

Newscenter.az xəbər verir ki, bununla bağlı Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib ki, Azərbaycanın Moskvadakı səfirliyi vasitəsilə Rusiya Xarici İşlər Nazirliyinə nota verilməsini şərtləndirən səbəb, federal kanalda yayımlanan "Böyük oyun" verilişində Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan fikirlərin səsləndirilməsidir:

"Verilişin aparıcısı Vyaçeslav Nikonov hakim "Vahid Rusiya" partiyasının üzvü, Dövlət Dumasında komitə sədrinin müavini, Stalin zamanında uzun illər SSRİ-nin xarici işlər komissarı olmuş Vyaçeslav Molotovun nəvəsi kimi, Rusiya siyasi isteblişmentində məşhur simalardan biridir. Onun daimi qonaqları arasında daşnak xislətli Andranik Miqranyan, bədnam tarixçi Natalya Naroçniskaya və bir çox ermənipərəst təbliğatçılar, uzun illərdir ki, saxta "genosid"in təbliğatını aparır, anti-Azərbaycan, anti-Türk ritorikaları ilə seçilirlər".

Deputat vurğulayıb ki, verilişdə səsləndirilən fikirlər, reallığı əks etdirmir və qətiyyən qəbul edilə bilməz:

"Rusiya ilə Azərbaycan arasında formalaşmış əməkdaşlıq, qarşılıqlı, bərabərhüquqlu münasibətlərə xələl gətirə bilər. Ələlxüsus, şimal qonşumuzun hazırki vəziyyətində Azərbaycan kimi etibarlı müttəfiq üçün həssas mövzularda ehtiyatlı davranmaq əvəzinə, əlavə problem yaratmaq ya ağılsızlıq, ya da təxribatdır.

Mənə elə gəlir ki, bu, Rusiya kütləvi informasiya vasitələrində kök salmış erməni daşnaklarının çirkin təxribatlarıdır. Heç kim üçün sirr deyil ki, erməni təbliğat maşını 7/24 rejimində Azərbaycan və Türkiyə əleyhinə çirkin məlumatlar yaymaqla məşğuldur. Dünyanın bütün ölkələri ilə bizim aramızda münasibətləri pozmaq üçün müxtəlif kombinasiyaları, politoloqları, jurnalistləri, siyasətçiləri satın alırlar".

Deputat son olaraq söyləyib ki, həmin verilişin də əsas mahiyyəti diqqəti Rusiyadan üz döndərməklə, Qərbə istiqamət götürən Paşinyan Ermənistanından yayındırmaqdır:

"Paşinyanın və erməni cəmiyyətinin anti-Rusiya əhval-ruhiyyəsi, ənənəvi ağasına xəyanəti göz qabağındadır. Rusiya erməniləri, bu xəyanətə görə Ermənistanın cəzalandırılmasından ciddi narahatdırlar. Ona görə də Rusiyanın Qarabağdakı mövcudluğunu möhkəmləndirmək üçün dəridən-qabıqdan çıxırlar.

Notanın verilməsi doğru addımdır və gələcəkdə belə halların təkrarlanmaması üçün ciddi xəbərdarlıqdır. Hər bir dövlət, böyüklüyündən və yaxud kiçikliyindən asılı olmayaraq, ölkəmizin suveren hüquqlarına hörmət etmək məcburiyyətindədir".
Xəbəri paylaş