Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xətai rayonunda iki küçə təmir edilir VİDEO

Xətai rayonunda iki küçə təmir edilir VİDEO


Bakı şəhərinin Xətai rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Elvin Şükürlü və Zeytunluq küçələrinin əsaslı təmiri davam edir.

Newscenter.az Agentliyə istinadən xəbər verir ki, 5 km uzunluğa malik sözügedən küçələr torpaq əsaslı olduğu üçün gediş-gəlişdə problemlərə səbəb olur, hərəkətin rahatlığını və təhlükəsizliyini təmin etmirdi. Aparılan əsaslı təmir işləri ilə bu problem aradan qaldırılacaq.

Yenidənqurma işləri çərçivəsində zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunaraq yeni yol yatağının tikintisi və küçələrin profilə salınması işləri görülüb, optimal qum-çınqıl qarışığından yol əsası işlənilib.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən hazırda yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.

Təmir işləri çərçivəsində vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə zəruri yerlərdə yeni səkilərin inşası, kommunikasiya xətlərinə aid quyu qapaqlarının layihə hündürlüyünə qaldırılması və zəruri olan yerlərdə yeni yağış barmaqlıqlarının quraşdırılması işləri icra olunacaq.

Sonuncu mərhələdə küçələrdə avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün üfüqi nişanlanma xətlərinin çəkilişi, zəruri yol nişanlarının quraşdırılması işləri aparılacaq.

Yenidənqurma işləri tərtib olunmuş qrafikə və texnoloji ardıcıllığa uyğun şəkildə icra olunur.

Qeyd edək ki, Xətai rayonu üzrə ümumi uzunluğu 13 km-dən çox olan küçə və yolun təmiri cari ilin sonuna qədər yekunlaşdırılacaq.

Xatırladaq ki, agentlik tərəfindən Xətai rayonu ərazisində 2019-2020-ci illər ərzində 41.5 km, 2021-ci ildə isə 14.2 km uzunluğa malik yolda təmir-tikinti işləri aparılıb.



Sevinc
Xəbəri paylaş