Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bərdə terroruna görə ATƏT bir başa məsuliyyət daşıyır

Bərdə terroruna görə ATƏT bir başa məsuliyyət daşıyır


Ermənistan silahlı qüvvələrinin raket hücumu nəticəsində 21 nəfərin öldürülməsi, 83 nəfərin isə yaralanması ilə müşahidə olunan Bərdə terrorundan iki il ötür. Baş verən terror aktı müasir dövrün məhz dövlət səviyyəsində təşkil və icra olunan ən böyük bəşəri faicələrindən biri hesab olunmalıdır. Ermənistan müharibə ərazisindən kənarda yerləşən Bərdə şəhərinə hücum etməklə müxtəlif növ silahlar, ballistik raketlər, o cümlədən, fosfor bombaları və klaster başlıqlar kimi qadağan olunmuş vasitələrlə mülki əhali və mülki infrastruktur obyektlərini hədəfə almaqla beynəlxalq humanitar hüququn norma və prinsiplərini bütün dünyanın gözü önündə növbəti dəfə heçə saydı.

Aydındır ki, heç bir hərbi zərurət olmadan yaşayış evləri, tibb və təhsil ocaqlarına məqsədli şəkildə, qorxu yaratmaq və mümkün qədər çox sayda insan tələfatına nail olmaq məqsədi ilə hücum etmək açıq formada sülh və insanlıq əleyhinə, o cümlədən, müharibə cinayətdir. Bu mənada, dünya ictimaiyyətinin məsələyə diqqət çəkməsi, münasibət bildirməsi, bölgəyə missiyalar göndərməsinə məhz o zaman ciddi ehtiyac var idi. Haaqa və Cenevrə hüquqlarının pozuntusunu - bu bəşəri cinayətləri məhz o zaman yerindəcə qeydiyyata almaq lazım idi, amma biz nə gördük? Bu gün Ermənistana missiya göndərən, yaxud göndərməyə can atan qurumlar, ələxsus da ATƏT o zaman ya hərəkətsizlik göstərərək ya da susqunluğa bərabər reaksiyalarla məsələni ört-basdır etməyə çalışdılar. Ermənistan tərəfi isə məhz beynəlxalq ictimaiyyətin, xüsusən də o zaman münaqişəni həll etmək üçün mandata sahib olan ATƏT-in ikiüzlü yanaşmasına güvənərək, Fransa və İran kimi riyakar dövlətlərdən dəstək alaraq məsuliyyəti boynundan atmağa çalışdı. Məhz bu cəzasızlıq mühitinə güvənərək Ermənistan sonrakı günlərdə insan tələfatı ilə nəticələnən analoji cinayətləri davam etdirdi. Bu mənada əminliklə demək olar ki, Bərdə terroruna görə Ermənistanın hərbi-siyasi rəhbərliyi ilə yanaşı, Ermənistana hərbi-siyasi dəstək verən hər bir dövlət, hər bir təşkilat, o cümlədən, ATƏT özü bir başa məsuliyyət daşıyır.

Amma təbii ki, biz simasını itirmiş dövlət və təşkilatlardan mədət umaraq gözləmədik, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Bərdə, Tərtər, Gəncə terror aktları başda olmaqla son yüz ildə ermənilərin və Ermənistanın Azərbaycana qarşı törətdiyi bütün cinayətlərin qisasını misli ilə aldı, İrəvanı diz çökdürdü. O zaman nə dünyanı əleyhimizə qaldırmağa çalışan Fransa, nə Ermənistanın enerji, erməni ordusunun isə silah və maddi-texniki təminatında müstəsna rol oynayan İranın molla rejimi, nə də işğalı əbədiləşdirmək üçün illərlə mübarizə aparan ATƏT-in Minsk qrupu İlham Əliyevin qətiyyəti qarşışında duruş gətirə, ona mane ola bilmədi. Azərbaycan işğala təcavüzə son qoydu, beynəlxalq hüququn aliliyini təmin edərək Cənubi Qafqazda özünün əsas hərəkətverici rola malik olduğu yeni reallıq yaratdı.

Günümüzdə bölgədə yenidən aktivləşənlər məhz bu amili nəzərə almalı, başa düşməlidirlər ki, hazırda Azərbaycan onların şər blokunu yerlə-yeksan etdiyi 2020-ci ildən çox daha güclüdür. Regionda var olmaq istəyən, əməkdaşlıq mühitindən faydalanmaq arzusunda olan hər kəs bu reallığı qəbul etməli, əks halda məhvə məhkum olacağını anlamalıdır.

Faciənin ikinci ildönümündə, həlak olanların xatirəsini bir daha dərin hüznlə yad edir, onların yaxınlarına və bütövlükdə xalqımıza baş sağlığı verir, dünyada törədilən sülh və insanlıq əleyhinə hər bir cinayəti qınayırıq.

Bəhruz Məhərrəmov-Milli Məclisin deputatı
Xəbəri paylaş