"Rusiya prezidenti Vladimir Putinin Qarabağla bağlı verdiyi bəyanatlar, onun bu cəbhədə də məğlubiyyətə uğradığını göstərməkdədir. Putin bu səfər, açıq şəkildə əlindəki kartları göstərdi".
Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Çingiz Şahbazi səsləndirib. O bildirib ki, Putin çar imperiyası və SSRİ-nin varisi kimi, tarixi irsini davam etməkdə israrlı olduğunu nümayiş etdirdi:
"Bu, meydan oxumaq sayıla bilər və ABŞ-ın bölgədə Rusiyanın oyunlarına mane olmasından qaynaqlanır. Putinin danışıqlarından göründü ki, Rusiyanın yanında İran xaric, heç kim durmaq istəmir. Artıq rəsmi Bakı və Yerevan, Rusiyanın vasitəçiliyində keçirilən görüşlərdən ciddi nəticələrin əldə olunmasına inanmırlar. Bu baxımdan gözlənilən Soçi görüşü öz faydalı təsirini itirir və baş tutması belə şübhə altına girir. Çünki, Putinin dolayısıyla, Qarabağda rus birliklərinin uzun müddət saxlanılması cəhdləri, Azərbaycan üçün məqbul sayıla bilməz. Ermənistan isə, Praqada imzaladığı sənədə əsasən, problemi öz üzərindən atmaqda maraqlıdır. Rusiyanın isə buna imkan vermədiyini nəzərə alsaq, Ermənistanın Rusiyaya qarşı mövqeyi aydın görünməkdədir".
Çingiz Şahbazi deyib ki, Rusiyanın vasitəçiliyindən imtina etmək, Azərbaycan və Ermənistanın, Rusiyaya qarşı ilk dəfə birlikdə ata biləcəkləri addım ola bilər:
"Nəzərə alsaq ki, hər iki ölkə rəhbərliyi Brüssel platforması çərçivəsində problemi həll etmək niyyətindədirlər, qeyd etdiyim variantlar hər iki ölkə üçün məqbul sayıla bilər".
Mehman