Ermənistan baş naziri Nikol Paşinyanın sabah (oktyabrın 31-də) baş tutacaq Azərbaycan-Rusiya-Ermənistan liderlərinin üçtərəfli görüşündə Rusiya sülhməramlılarının xidmət müddətinin 10-15 il uzadılmasına dair sənədi imzalamağa hazır olduğunu bildirməsi avantüradan, növbəti oyunbazlıqdan, təxribatçılıqdan başqa bir şey deyil. Bu mənada Nikol Paşinyan özündən əvvəlki cinayətkar və işğalçı Ermənistan liderlərindən heçnə ilə fərqlənmir. Onun “Zəngəzur dəhlizi olmayacaq” deməsi də tam mənası ilə absurddur.
Məsələ burasındadır ki, Ermənistan rəhbərliyinin nə Zəngəzur dəhlizinin olub-olmayacağına, nədəki Azərbaycanın Qarabağ iqtisadi zonasında müvəqqəti yerləşmiş Rusiya sülhməramlılarının mandatının müddətinin artırılmasına dair təkbaşına hər hansı bir qərar qəbul etmək səlahiyyəti yoxdur. Çünki əvvəla, bu məsələlər 10 noyabr və 11 yanvar üçtərəfli razılaşmaları əsasında tənzimlənməlidir və həmin razılaşmaların altında Paşinyanın da imzası var. Paşinyan ən azından öz imzasına hörmət etməlidir. İkincisi də ki, Rusiya sülhməramlıları Ermənistanın yox, Azərbaycanın ərazisində yerləşir. Sülhməramlıları dəvət edən ölkə bizik və bu məsələyə dair son sözü demək səlahiyyəti də məhz bizə aiddir. Paşinyan sülhməramlılara vəkillik etməsin.
Rusiya sülhməramlılarının mandatının 10-20 il uzadılması təklifi bizim üçün qəbuledilməzdir. Azərbaycan heç bir halda bu cür məkrli təklifi qəbul etməz. Hətta ən kiçik məsələlərdə belə ölkəmizin maraqlarını qətiyyətlə qoruyan Prezident İlham Əliyevin bu məsələdə də hər hansı güzəştə getməyəcəyinə əminik.
Hər dəfə Brüssel, Moskva və ya Soçi görüşləri ərəfəsində bu cür təxribatçı manevrləri ilə gündəmə gələn Ermənistan kimi bir ölkə ilə Azərbaycan heç vaxt sülh müqaviləsi imzalamaz. Paşinyana havadarlıq edən liderlər və ya qlobal güclər öncə bu adamı adekvat davranmağa dəvət etsinlər və onu sülhə hazırlasınlar, yalnız bundan sonra sülh müqaviləsinin bağlanması məsələsinə baxarıq.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri