Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türk dünyası böyük potensiala malikdir

Türk dünyası böyük potensiala malikdir


Türk dövlətlərinin liderlərinin tez-tez bir araya gəlməsi olduqca xoş hadisədir və nə yaxşı ki, bu, getdikcə bir ənənəyə çevrilməkdədir. Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən IX Zirvə Görüşü də bu ənənənin davamıdır. Liderlərin görüşləri türk dövlətləri arasında əlaqələri daha da genişləndirir və sıxlaşdırır. Prezident İlham Əliyev də Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşünə qatıldı və burada olduqca maraqlı çıxış etdi.

Dövlət başçımızın Türk Dövlətləri Təşkilatının Özbəkistanın tarixi paytaxtı Səmərqənddə keçirilən IX Zirvə Görüşündə etdiyi çıxışında üç məqamı xüsusilə qeyd etmək istərdim. Belə ki, Azərbaycan Prezidentinin çıxışından bir daha aydın oldu ki, Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri olaraq qalır. Azərbaycan bütün kənar təsirlərə və geosiyasi təlatümlərə baxmayaraq həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və heç şübhəsiz ki, ölkəmiz bundan sonra da türk dünyasının birliyi istiqamətində səylərinə sadiq qalacaq.

Zirvə Görüşünə qatılan liderlər bir daha əmin oldular ki, Azərbaycan Türk dünyasının inteqrasiyası istiqamətində ən fəal iş aparan bir ölkədir. Azərbaycanın bu fəallığı Türk Dövlətləri Təşkilatına üzv olan digər türk cümhuriyyətlərini də hərəkətə gətirən müsbət nümunə rolunu oynaya bilər. Türk dünyası istər coğrafi baxımdan, istərsə də təbii sərvətlər və insan resursları nöqteyi-nəzərindən olduqca böyük potensiala malikdir. 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edən Türk dünyası nəhəng iqtisadi potensialı, enerji resursları, nəqliyyat yolları və infrastrukturu ilə həqiqətən də böyük sıçrayışa səbəb ola bilər.

Buna nail olmağın yolu isə ilk növbədə türk dövlətləri birliyinin düzgün yönləndirilməsindən və Türk dünyasının gələcək hədəflərinin düzgün müəyyən edilməsindən keçir. Bütün sahələrdə - həm siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri üzrə, həm də təhlükəsizlik, ordu quruculuğu, müdafiə sənayesi kimi sahələrdə əməkdaşlığımız indi olduğundan qat-qat artıq genişləndirilməlidir. Və bunun üçün hər cür imkanlar var. İmkanlardan düzgün və səmərəli istifadə edilməlidir.

Türk dünyası sözdə yox, praktik olaraq böyük bir ailə olduğunu real nəticələrdə göstərnəlidir. TDT-na üzv olan hər bir ölkə digər türk cümhuriyyətlərinin milli maraqlarını nəzərə alaraq qarşılıqlı dəstək və həmrəylik xəttini yürütməlidir. Biz əminik ki, Türkiyə və Azərbaycanın liderlik etdiyi Türk dünyası bu gedişlə lap yaxın gələcəkdə böyük iqtisadi və siyasi güc mərkəzinə çevriləcək. Lakin bu da nəzərə alınmalıdır ki, Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir.

Azərbaycan Prezidentinin öz çıxışında toxunduğu ikinci əsas məqam məhz bu məqam oldu. Bəli, Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı artıq gəlib çatıb. TDT-nin bu məsələni özünün əsas prioritet istiqamətlərindən birinə çevirməsi zəruridir. Milli kimliyin, milli identikliyin qorunması bütün Türk dünyasının ortaq məsələsi olmalıdır.

İlham Əliyev bu məsələnin davamı kimi Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyətinin təhsil almaq imkanlardan məhrum olunduğunu dilə gətirdi. Bəs bunun günahı kimdədir? Əsas günahkar heç şübhəsiz ki, İran İslam Respublikası adlandırılan cənub qonşumuzdur. Fars-molla rejiminin yürütdüyü diskriminasiya siyasəti milyonlarla güneyli soydaşımızı ən elementar təməl hüquqlardan, o cümlədən gənc nəsli öz ana dilində təhsil almaq imkanından məhrum edir. Lakin buna son qoyulmalıdır.

Türk dövlətlərindən kənarda, o cümlədən Güney Azərbaycanda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları daim TDT-nın gündəliyində olmalıdır. Azərbaycanlıları öz ana dilində təhsil almaq imkanından məhrum edən rejimlər TDT-nın təzyiqini hiss etməlidir. Azərbaycan Prezidenti də məhz bunu nəzərdə tutaraq bildirdi ki, “Biz acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətənləri ilə əlaqələrin heç vaxt kəsilməməsi üçün səylərimizi davam etdirəcəyik”.

İlham Əliyevin bu bəyanatı təkcə güneyli soydaşlarımıza dəstək mesajı deyil, bu həm də azərbaycanlıları diskriminasiyaya məruz qoyan, sıxışdıran bütün rejimlərə, o cümlədən rəsmi Tehrana açıq xəbərdarlıqdır. Milli Həmrəylik Partiyası İlham Əliyevin xaricdəki soydaşlarımızla bağlı qətiyyətli mövqeyini dəstəkləyir.

Səmərqənddəki Zirvə Görüşündə Azərbaycan Prezidentinin “Qarabağ münaqişəsi tarixdə qaldı” səpkili bəyanatı da Zirvəyə öz damğasını vuran məqamlardan biri oldu. Oktyabr ayında Praqada və Soçidə qəbul edilmiş birgə bəyanatlarda Azərbaycanın və Ermənistanın bir-birinin ərazi bütövlüyünü və suverenliyini rəsmən tanıdıqlarını vurğulayan dövlətimizin başçısının qeyd etdiyi kimi bu, bir daha onu göstərir ki, Qarabağ münaqişəsi həqiqətən də artıq tarixdə qalıb və heç kim bu münaqişəni süni surətdə yenidən gündəmə gətirməyə cəhd göstərməməlidir.
Böyük dövlətlər erməni xalqını və Ermənistan dövlətini geosiyasi “oyuncaq” kimi, Azərbaycana qarşı “dəyənək” kimi istifadə etmək praktikasına son qoymalıdırlar. Təcrübə göstərdi ki, ermənipərəst siyasət yürüdənlər sonda fiasko ilə üzləşirlər.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Xəbəri paylaş