“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” strategiyasında müəyyən edilmiş 5 milli prioritetdən biri “rəqabət qabiliyyətli insan kapitalı”nın formalaşdırılmasıdır.
Strategiya ilə nəzərdə tutulmuş hədəfləri mərhələlərlə təmin etmək üçün 2023-cü ildə təhsil xərcləri 4 milyard 423 milyon manat məbləğində nəzərdə tutulur ki, bu da cari ilə nisbətən 537 milyon manat və ya 13,8 faiz, 2021-ci ilin icra göstəricilərinə nisbətən isə 1 milyard 331 milyon manat və ya 43 faiz çox deməkdir.
Newscenter.az-a Maliyyə Nazirliyindən verilən xəbərə görə, 2019-cü illə müqayisədə 2023-cü ildə təhsil xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 4,2 faiz-bənd, mütləq ifadədə isə 2 milyard 227 milyon manat və ya 2 dəfə artıq olacaqdır.
Gələn il 150 min nəfərədək uşağı əhatə edəcək ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının açılması, 8 milyon nüsxə pulsuz dərsliklərin şagirdlərə verilməsi, xüsusi təhsillə əhatə olunan 12 min 700 nəfər uşağın təhsil, tibb, sağlamlıq və reabilitasiya müəssisələrinə aparıb-gətirmək üçün valideynlərinə və ya qanuni nümayəndələrinə aylıq müavinətin, 19 min nəfərədək gənc mütəxəssisin kənd rayonlarında yerləşən ümumi təhsil məktəblərində işə cəlb olunmalarının stimullaşdırılması məqsədi ilə kompensasiyanın və aylıq əlavənin ödənilməsi, həmçinin təhsil sisteminin informasiyalaşdırılması ilə bağlı xərclər üçün 152 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.
Növbəti ildə ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi, ali və orta ixtisas təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı (təqribən 463,4 min nəfər) imtahanların keçirilməsi üçün 15 milyon manat, dövlət sifarişi və dövlət hesabına kadr hazırlığı üzrə 128 min nəfərdən çox təhsilalanın 258 milyon manat təhsil xərcinin və 120,1 min nəfərin isə 149,0 milyon manat təqaüd xərcinin maliyyələşdirilməsi üçün cəm olaraq 407,0 milyon manat vəsait proqnozlaşdırılmışdır.
2022-ci ilə nisbətən dövlət sifarişi və dövlət hesabına təhsilalanların sayının 12,2 min nəfər, təqaüdalanların sayının isə 9,5 min nəfərdən çox artacağı gözlənilir.
Əhalinin aztəminatlı təbəqəsinin ali təhsilə əlçatanlığına rəvac verən tələbə krediti fondu üçün 8,0 milyon manat vəsait ayrılmaqla Fondun dövlət büdcəsi hesabına formalaşan resurs zərfi 110 milyon manata çatdırılacaqdır.
R.Mehdiyeva