Həmkarım, Milli Məclisin deputatı Erkin Qədirlinin bir açıqlaması gündəm olub, sosial şəbəkələrdə müzakirələrə yol açıb. Ona verilən “Mənə Milli Məclisdə oturan bir nəfər deputat adını çəkin, hansı ki, həqiqətən də xalqın səsini qazanıb və Milli Məclisdə oturur” sualına cavab verib ki, “onu özüm haqqında da deyə bilmərəm, çünki demokratik seçki olsa, onda əminliklə demək olardı”.
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisinn deputatı Elnur Allahverdiyev səsləndirib. O bildirib ki, hər bir vətəndaş kimi, həmkarım da fikir və qənaətlərində azaddır:
"Ancaq fikrimcə, tək özü deyil, başqaları, konkret olaraq Milli Məclisdə təmsil olunan bütün deputat həmkarları adından belə bir açıqlama verməsi düzgün deyil. Bu, ən azı bir sıra suallara yol açır. Məsələn, əgər seçki qeyri-demokratik keçirilirsə və həmkarım da seçicilərinin səsini qazanıb-qazanmadığını bilmirsə, onda nədən 3 ilə yaxındır ki, Milli Məclisdə təmsil olunur? Üstəlik, Erkin bəy nəinki qanunverici orqanda deputat kimi seçicilərini, eyni zamanda, müxtəlif beynəlxalq təşkilatlarda və dostluq qruplarında da Milli Məclisi təmsil edir. Yaxud, əgər həmkarım həqiqətən seçicilərinin səslərini qazanıb-qazanmadığını bilmirsə, bu ona dəlalət edirmi ki, bu qənaətə bütün deputatlara münasibətdə gələ bilər və ya heç bir deputat xalqın səsini qazanmayıb?
Açığı təmsil olunduğum 17 saylı dairə ilə “qonşum” olan həmkarımdan belə cavab gözləmirdim. Ona görə gözləmirdim ki, biz ikimiz də eyni rayondan seçilmiş deputatlarıq, müxtəlif tədbirlərdə birgə iştirak edirik, ən azı seçicilərlə keçirdiyimiz qəbullarda müxtəlif şikayətlər, problemlərlə müraciət edən sakinlərin qaldırdıqları məsələləri icra orqanları ilə həll etməyə çalışırıq. Və bu zaman məhz millət vəkili statusumuzdan istifadə edirik. Seçilmiş deputat olaraq. Qəbulumuza, yanımıza gələn həmin sakinlər də məhz deputat olduğumuz üçün bizə müraciət edirlər. Belə çıxır ki, o, qeyir-demokratik yolla seçilib və bundan istifadə edib legitim icra orqanları ilə seçicilərin problemlərini həll edir?"
Millət vəkili daha sonra bunları qeyd edib:
"Mən 17 saylı Yasamal üçüncü seçki dairəsinin deputatı olaraq seçildiyim ilk gündən seçicilərimin problemləri və qayğıları ilə yaxından maraqlanmağa və onların həlli işində dəstək olmağa çalışmışam, bu gün də bu işi davam etdirirəm. Dairədə gördüyüm işlər barədə sosial şəbəkələrdəki hesablarım vasitəsilə mütəmadi məlumat paylaşıram. O cümlədən, ilin ilk yarısı və sonunda fəaliyyətim barədə geniş hesabatımı bölüşürəm. Ancaq düşünürəm ki, hələ seçicilərimin istək və arzularını tam yerinə yetirə bilməmişəm. Bu baxımdan, təbii ki, hər bir deputat yalnız öz dairəsi, seçiciləri ilə bağlı nəyisə yəqin söyləməlidir. Ona səs verən seçicilərini tanımalı, onların problemləri ilə maraqlanmalıdır. Bunun üçün seçiciləri ilə daim ünsiyyətdə olmalı, onların qayğıları ilə ilgilənməlidir. Bu halda əminliklə seçildiyini, ya seçilmədiyini də bəyan edə bilər. Çünki həmin münasibəti seçicilərindən görür və gördüyü münasibət də onun əminliyinin başlıca şərtidir.
Demokratiyanı şübhə altına salan həmkarımdan fərqli olaraq mən düşünürəm ki, hər kəs öz mövqeyində, söylədiklərində və dünyagörüşündə azaddır. O cümlədən, təmsil etdiyi orqanı belə demək mümkündürsə, bəyənmirsə, yenə də qərarı özü verməlidir. Biz sadəcə olaraq təəssüf edə bilərik".
Anar