Deputat Erkin Qədirli blogerlərdən birinin "Milli Məclisdə oturan bir deputatın adını çəkin, hansı ki, həqiqətən də xalqın səsini qazanıb və Milli Məclisdə oturur?" sualına "Onu heç özüm haqqımda da deyə bilmirəm. Çünki, demokratik seçki olsa onda əminliklə demək olardı. Amma demokratik seçki yoxdu axı bizdə." cavabını verib.
Sual olunur: Bəs Erkin Qədirli siz hansı yolla parlamentə düşmüsünüz? Deyin xalq da baş verənlərdən agah olsun. Belə fikirlər səsləndirməklə düşmənlərin qabına su tökən deputat xalq üçün nəsə edə bilərmi?
Erkin Qədirli deputatlığa namizəd olanda verdiyi müsahibəni unudub deyəsən?
Erkin Qədirli: "İndidən bildirirəm ki, deputat seçilməyim aşağıdakı hallardan birinin baş verməsi fonunda elan olunarsa, deputatlığımdan imtina edəcəyəm:
1) ATƏT-in mənfi rəyi;
2) dairəmdə karusel və ya bülletendoldurma;
3) dairəmdə yerləşən iki hərbi hissədə olan (seçki dislokasiyaları dəyişdirilməsə) şəxsi heyətinin səslərinin mənim xeyrimə yazılması;
4) protokollardakı nəticələrin mənim xeyrimə saxtalaşdırılması."
Zamanında bu fikirlər ilə çıxış edən, qeyri-demokratik seçki olduğu halda mandatından imtina edəcəyini deyən qəhrəmanımız bu gün özünün demokratik yolla seçilib-seçilmədiyi haqqında konkret fikir bildirə bilmir. Üstəlik demokratik seçkinin mövcud olmadığını deyir.
Erkin bəy! Keçmişi nə tez unutdunuz? Deyəsən mandat, kreslo, səlahiyyət, pul, var-dövlət sizi dəyişib, özünüz-özünüzü inkar edirsiniz...
Bu reallıqdır ki, Milli Məclisdə danışığını bilməyən, savadsız deputatlar var. Bunun bir daha şahidi olduq. Ancaq Erkin Qədirliyə səslənərək demək istəyirəm ki, şəxsən mən tanıdığım deputatlar var ki, onların demokratik yolla seçildiklərinə tam əminəm: Ceyhun Məmmədov, Sahib Aliyev, Musa Qasımlı, Kamal Cəfərov, Anar Məmmədov, Jalə Əhmədova, Qənirə Paşayeva və.s. Çoxunun adını çəkmək olar. Onlar həqiqətən də xalq tərəfindən sevilən deputatlardır.
Odur ki, Erkin bəy sözlərini hər kəsə şamil etməsin!
Anar Salehoğlu,
İctimai-siyasi fəal