Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi prosesi gedir

Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi prosesi gedir


Azərbaycan Respublikasının Ali Məhkəməsinin yaranmasından 100 il ötür. Ötən bir əsrdə çox mürəkkəb tarixi inkişaf yolu keçən, zaman-zaman ideoloji təsirlərə, qeyri-peşəkar idarəçiliyə məruz qalan, hətta müstəqilliyimizin ilk illərində tam siyasiləşən Ali Məhkəməmiz Ümummilli Lider Heydər Əliyevin başlatdığı və hazırda cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən məhkəmə-hüquq islahatları ilə bu gün özünün ən qüdrətli və peşəkar dönəmini yaşayır.

Bildiyiniz kimi, hazırda ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə, o cümlədən məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi prosesi gedir. Məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısı kimi möhtərəm cənab İlham Əliyev müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək, məhkəmələrin fəaliyyətində şəffaflığı artırmaq, məhkəmə icraatının effektivliyini yüksəltmək, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsinə nail olmaq, süründürməçilik və digər neqativ halları tam aradan qaldırmaq, habelə hakimlərin müstəqilliyini təmin etmək, məhkəmələrin fəaliyyətinə müdaxilənin qarşısının alınması mexanizmlərini təkmilləşdirmək və hakimlərin sosial müdafiəsini gücləndirmək, onların maddi təminatının əhəmiyyətli dərəcədə artırılması istiqamətində ardıcıl və kompleks tədbirlər həyata keçirməkdədir. Bu prosesdə heç şübhəsiz ki, Ali Məhkəmə özünəməxsus əhəmiyyətli rol oynamaqda, xüsusən məhkəmələrdə hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyini təmin etmək məqsədilə vahid məhkəmə təcrübəsinin formalaşdırılması, ədalət mühakiməsinin keyfiyyətinin artırılması məqsədilə məhkəmə təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi, habelə bu ümumiləşdirmə nəticəsində müəyyən edilmiş, sistemli xarakter daşıyan nöqsanların aradan qaldırılması üçün müvafiq mexanizm yaradılması istiqamətində təbii olaraq aparıcı mövqe sərgiləməkdədir.

Eyni zamanda islahatlar Ali Məhkəmənin özündən də yan keçməmiş, müasir çağırışlar nəzərə alınmaqla məhkəmə fəaliyyətində əsaslı dönüş yaradılmış, xüsusən mülki və kommersiya mübahisələrinə dair işlər üzrə kassasiya şikayəti vermə hüququ ilə bağlı iddia məbləğlərinə hədd qoyulması, habelə yazılı icraat təcrübəsinə müraciət edilməsi kimi çoxsaylı prosessual təkmilləşdirmələrlə hüququn tətbiqində əsaslı dönüşə nail olunmuşdur. Habelə Ali Məhkəmənin hakim korpusunun mütəmadi olaraq təcrübəli kadrlar hesabına yenilənməsi, onların maddi təminatının əhəmiyyətli dərəcədə artırılması, məhkəmə aparatının kadr təminatının gücləndirilməsi, aparat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə və məhkəmələrin maddi-texniki bazasının möhkəmləndirilməsinə yönəli çoxşaxəli və sistematik tədbirlərlə Ali Məhkəmənin və bütövlükdə məhkəmə hakimiyyətinin nüfuzunun artırılması, cəmiyyətdə Ali Məhkəməyə və digər məhkəmələrə etimadın möhkəmlənməsinə səbəb olmaqdadır.

Bu gün arxada qalan 100 illik dövrü təhlil edəndə hüquq təfəkkürü və məhkəmə-hüquq mədəniyyətinin formalaşması və inkişafında Ali Məhkəmənin müstəsna rolu aydın formada görünür. Müstəqil, qalib Azərbaycanın yaratdığı yeni reallıqlar fonunda isə ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması işində Ali Məhkəmənin artan rolunun şahidi olmaqdayıq və bu şərəfli missiyada Ali Məhkəməmizin hər bir hakiminə şərəfli hakim adını uca tutaraq uğurlu fəaliyyət arzulayıram.

Bəhruz Məhərrəmov-Milli Məclisin deputatı
Xəbəri paylaş